Xalqın şanlı ordusu
Digər xəbərlər

Xalqın şanlı ordusu

Bu gün Azərbaycan sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı.

 

Dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Müstəqillik illərində ölkəmizdə ordu quruculuğu yolunda böyük nailiyyətlər əldə edilmişdir. Silahlı Qüvvələrimizin formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Bu illər ərzində ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı atılan addımlar orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin toxunulmazlığını şərəflə qoruyur.

Müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən ulu öndər Heydər Əliyev tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu öndər deyirdi: “Milli Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır”. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır.

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində və ordumuza göstərilən diqqət və qayğı sayəsində silahlı qüvvələrimiz ən müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Vətən müharibəsində Silahlı Qüvvələrin bütün şəxsi heyəti torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduğunu göstərdi. Azərbaycanın əsgər və zabitləri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Bu istiqamətdə Heydər Əliyevin başladığı işləri davam etdirən dövlət başçısının qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasıdır. Bu mənada güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 18 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb edib. Reallıq ondan ibarətdir ki, respublikamızın artan maliyyə imkanları Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb.

Son 18 il tariximizə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, xarici siyasət, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurlar qazanması, ölkənin hər cəhətdən müasir simasının formalaşması dövrü kimi düşüb. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun yüksək və peşəkar hərbçi kadrlarla təmin edilməsi, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edibdir. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi! Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı.

Azərbaycan Ordusunun 44 günlük müharibədə nümayiş etdirdiyi rəşadətini bütün dünya ictimaiyyəti gördü. Vətən, millət, ordu vəhdəti qələbəmizi sürətləndirən amillərdən ən başlıcası idi. Bu zəfərdə ordumuzun yüksək peşəkarlığı, müasir silahlarla təmin edilməsi və ruh yüksəkliyi də öz sözünü deyirdi. Düşmənin döyüşlərdəki qorxaqlığı və ordusundakı xaos Azərbaycan əsgərinin qəhrəmanlığından xəbər verirdi. Ordumuzun sarsıdıcı zərbələrindən qorxuya düşən düşmən ordusu vəsvəsə ilə geriyə çəkilərək bütün silah-sursatını atıb qaçmışdır. Hətta, döyüş bölgəsində yaralı əsgərlərini atıb qaçan erməni əsgəri çox zəif və qorxaq olduğunu sübut edirdi. Hərbi gücümüzün yetərli səviyyədə qüdrətli olması düşmən üzərində tarixi qələbəmizi təmin etmişdir. Azərbaycan Ordusunun döyüş taktikası bu gün dünyanın aparıcı dövlətlərinin ordularında yaxından mənimsənilir. Tarix yazan ordumuz yüksək döyüş qabiliyyəti ilə düşmən üzərində qələbəmizi təmin etmişdir. Şanlı Ordumuz tərəfindən döyüş zonasında düşmənin bir çox hərbi texnikası, silah-sursatı, maddi-texniki təminatı ələ keçirilmişdir. 5 hektar ərazidə müharibə zamanı düşmən ordusunun maddi-texniki və silah-sursat qənimətlərindən ibarət park yaradılmışdır. Bu park müharibənin miqyasının əyani göstəricisidir. Ordumuz tərəfindən ələ keçirilən düşmən texnikası, silah-sursatı bu məkanda nümayiş etdirilir. Erməni hərbi texnikalarının nömrələrindən ibarət kompozisiyada yazılan “Qarabağ Azərbaycandır!” şüarı dünyaya şanlı qalib ordunun zəfər səsini çatdırır. Eyni zamanda erməni vəhşiliyi, dinc əhaliyə qarşı etdiyi hərbi cinayətlər real olaraq dünyaya nümayiş etdirilir. Bu parka səyahət edən hər kəs ordumuzun və əsgərimizin qətiyyətinin, iradəsinin və məğlubedilməzliyinin şahidi olur.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik güclü ordudur. Güclü ordu isə güclü dövlət deməkdir.

Bu gün Azərbaycan Ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır. Ordu mənsubları Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə bundan sonra da əlindən gələni əsirgəməyəcək, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirəcəklər.

M.MİRZƏ,

“Respublika”.