Şuşa Bəyannaməsi regionda fərqli geosiyasi mənzərə yaratdı
Siyasət

Şuşa Bəyannaməsi regionda fərqli geosiyasi mənzərə yaratdı

Prezident İlham Əliyev bildirib ki, müttəfiqlik münasibətləri haqqında sənəddə tarixi Qars müqaviləsinə istinad edilir və bu böyük rəmzi məna daşıyır

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması regionda artıq tamam fərqli geosiyasi mənzərə yaradır. Xatırladaq ki, Şuşa Bəyannaməsi 100 il əvvəl imzalanmış Qars sazişinə istinad edir.

Qars sazişi Türkiyə ilə Azərbaycanın müttəfiqliyi, o cümlədən iki ölkə arasında quru yolunun, bugünkü dillə desək, nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Yeri gəlmişkən, belə bir müddəa Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr razılaşmasında da var. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi məsələlər də yer alır. Sənəd ölkələrimiz arasında indiyə qədər mövcud olan əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırır. Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyət məsələlərinə yer verilib. Sənədə görə, milli iqtisadiyyatlar və ixracın şaxələndirilməsi üzrə səylər artırılacaq.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkə deyil, eyni zamanda regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar.

Bir daha qeyd edək ki, Vətən müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə konfliktlə bağlı 30 ilə yaxın gündəlikdə qalan və həllini gözləyən bir çox məsələlər aradan qaldırıldı, o cümlədən Dağlıq Qarabağa status verilməsi məsələsi tarixin arxivinə göndərildi. Dövlət başçısı cənab İlham Əliyev bu ilin əvvəlində — fevralın 26-da yerli və xarici media nümayəndələri ilə keçirilən mətbuat konfransında yeni şəraitdə bir çox məsələlərə münasibət bildirdi və aydınlıq gətirdi, bir daha status məsələsinin Azərbaycan üçün başa çatdığını açıqladı və status söhbəti açmaq istəyənlərin bölgədə sülhə yox, qarşıdurmaya xidmət etdiyini bəyan etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki Qələbəsi regionda sülh, sabitlik və təhlükəsizlik üçün ilkin və əsas şərt oldu və rəsmi Bakı Azərbaycanın strateji tərəfdaşı olan dövlətlərin Qələbəmizə və qanunun aliliyinin bərqərar olmasına, ədalət və beynəlxalq hüquqa əsaslanan açıq mövqeyini yüksək qiymətləndirir. Bundan sonra Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün hansı addımların atıla biləcəyini geniş və əhatəli şəkildə şərh edən cənab İlham Əliyev əmindir ki, yaranmış şəraitdə Azərbaycan və Ermənistan arasında təmasları genişləndirmək, kommunikasiya xətlərini açmaq perspektivdə bu iki ölkənin sülh şəraitində yaşamasında mühüm rol oynayacaq.

Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yarandığını, bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşada mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycanın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik: “Bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.

Beləliklə, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Türkiyənin və Azərbaycanın birgə təşəbbüsləri dünya dövlətləri üçün qloballaşma dövründə ən gözəl nümunədir. Şuşa Bəyannaməsi bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını təsdiqləyir. Azərbaycan və Türkiyə bütün potensial gücünü Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur. İrəli sürülən altılı platforma da bu məqsəd və mərama xidmət edəcək. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın yer alacağı bu platformanın gündəliyinə daxil ediləcək əməkdaşlıq məsələləri istiqamətində atılacaq addımlarla böyük bir region sülh və sabitlik bölgəsinə çevriləcək.

Regionda yeni müharibə ehtimalı sıfıra düşdü. Ermənistanda revanşizm aktuallığını itirdi. Bu ölkədə pozitiv düşüncəyə sahib politoloqların fikrincə, erməni xalqı “revanşizm” ideyasını və şovinizm cəhdlərini unutmalıdır. Orada Paşinyanın Azərbaycan və Türkiyə ilə daha rahat şəkildə işbirliyi quracağına ümidlər böyükdür. Yaranmış fərqli geosiyasi vəziyyət Ermənistana özünəməxsus inkişaf perspektivi vəd edir. Əlbəttə bu inkişaf perspektivi yalnız Azərbaycanın Qarabağ və sərhədlə bağlı qanuni tələblərinə, Zəngəzur dəhlizi məsələsinə müsbət qarşılıq verəndən sonra mümkündür. Paşinyan başa düşür ki, ermənilər Azərbaycan və Türkiyə ilə sülh şəraitində olacaq bir ölkədə daha rahat yaşaya bilərlər. Rəsmi Ermənistan realist düşüncəli olmalı, Azərbaycan, Türkiyə ilə münasibətləri normallaşdırmalı, qonşu dövlətlərə qarşı iddialar irəli sürməyə son qoymalıdır.

Beləliklə, Şuşa Bəyannaməsi 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Bu tarixi sənəd bir daha təsdiq edir ki, Azərbaycan və Türkiyə bütün gücünü, imkanlarını və potensialını Bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur və tarixi sənəd bu məqsədə xidmət edən bir konsensusdur.

Şükür ƏLİZADƏ,

“Respublika”.