Üçtərəfli əməkdaşlıq gələcək uğurlara zəmin yaradır
Türk dünyası

Üçtərəfli əməkdaşlıq gələcək uğurlara zəmin yaradır

“Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısındakı çıxışında səsləndirib.

İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvü olan Azərbaycan istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son illərdə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlıq münasibətlərinin nəticələrini yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz ikitərəfli formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimiz daim bir-birinə dəstək, arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında olmalıdır. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biz bir çox hallarda vahid mövqedən çıxış edirik. Əlbəttə ki, bu, bizim gücümüzü daha da artırır, bizi gücləndirir”.

Dost dar gündə tanınar. 44 günlük müharibə də xalqımıza dostunu, düşmənini tanımağa imkan verdi. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti ölkəmizə dost ölkələrin siyasi dəstəyindən danışarkən Azərbaycan-Türkiyə münasibətlərinə böyük önəm verərək demişdir: “Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin”.

Azərbaycana müharibə dövründə dəstək olan dövlətlərdən biri də Pakistandır. Hələ 2020-ci il sentyabrın 27-dən müharibə başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub. Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

Azərbaycan-Pakistan tarixi əlaqələri xüsusi əhəmiyyətə malikdir. Belə ki, Pakistan ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb, 1992-ci il iyunun 9-da diplomatik əlaqələr yaradılıb və 1993-cü il martın 12-də Azərbaycanda səfirliyi açılıb. Onu da deyək ki, Pakistan ölkəmizdə səfirliyi açılan ilk müsəlman dövlətidir. Ümumiyyətlə, Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə hətta iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin Azərbaycana dəstək məqsədilə Xocalı faciəsini genosid kimi tanıması faktı da dostluq, qardaşlıq əlaqələrinə bir nümunədir.

Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi-siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın ölkəmizə rəsmi səfəri zamanı  keçirdiyi görüşlərdə strateji müttəfiq olan iki dövlət arasında səmərəli əməkdaşlığa söykənən münasibətlərdən ətraflı söhbət açılıb və bu əlaqələrin getdikcə genişləndirildiyi diqqətə çatdırılıb. 

Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı da genişlənərək sülhə, tərəqqiyə yeni töhfələr verir. Çünki Azərbaycan Prezidentinin vurğuladığı kimi: “Biz artıq Azərbaycan-Türkiyə-Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır”.

Bu il yanvar ayının 13-də Azərbaycan, Türkiyə və Pakistan respublikaları xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşündə İslamabad bəyannaməsi imzalanıb. Bəyannamədə qeyd edilir ki, siyasi, strateji, ticarət və iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə 2017-ci il 30 noyabr tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlıq bundan sonra daha da dərinləşdiriləcək.

Məlumdur ki, Azərbaycan daim ermənilərin ərazi iddialarından yaranan təhdidlərlə, Türkiyə isə ermənilərin əsassız soyqırımı uydurmaları və abstrakt ərazi iddiaları ilə üz-üzədir. Pakistanın isə Kəşmir problemi həll olunmamış qalır. Ona görə də Bakı, Ankara və İslamabad məlum bəyannaməni imzalayarkən ölkələrinin üzləşdiyi saysız-hesabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən xaricdən dəstəklənən terror aktları, kiber hücumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqlarının dinc yanaşı yaşamasına təsir göstərən islamafobiya meyillərini bərabər dəf etmək məramını ortaya qoyublar.

Dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər bu üç ölkənin hər birində ciddi narahatlıqlar doğurur. COVİD-19 pandemiyasının və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslıq da birgə əməkdaşlığı tələb edir. Bəyannamədə üçtərəfli hərbi əməkdaşlığın vacibliyi də öz əksini tapıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və reabilitasiyası məsələlərində də Ankara və İslamabadın Azərbaycan hökuməti və xalqı ilə birmənalı şəkildə həmrəy olduğunu söyləmək olar. Ekspertlərin rəyinə əsasən demək olar ki, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir. Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak etmək imkanları da var. Bu ölkələrin şirkətlərinin bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqları gözləniləndir.

Azərbaycan, Türkiyə və Pakistanın dünya siyasətinin müəyyənləşdirilməsində özünəməxsus yeri və rolu var. Bu ölkələrin hər biri birgə təlimləri dəstəkləyir, iqtisadi və diplomatik cəbhələrdə birlikdə çalışır, terrorizmə qarşı mübarizəyə sadiq olduqlarını nümayiş etdirirlər. Bütün bunlara əsasən söyləmək olar ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatı hər üç ölkənin maraqlarına tam cavab verir. Bu isə o deməkdir ki, Bakı-Ankara-İslamabad əməkdaşlığı bizə hələ çox uğurlar qazandıracaq.

Azərbaycanın tarixi qələbəsi və regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları bu üç ölkə arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Zümrüd QURBANQIZI,

“Respublika”.