İsmayıllının təmizliyi və gözəlliyi ürək açır
Region

İsmayıllının təmizliyi və gözəlliyi ürək açır

Azərbaycanın, elə dünyanın ayrı-ayrı ünvanlarından bir yandan arana, bir yandan əzəmətli dağlara söykənən, yaşıl donlu meşələrin, bəzən sakit-sakit axan, bəzən də daşan dağ çaylarının, dişləri göynədən buz bulaqların, dağların, qayaların hörükləri olan şəlalələrin qoynundakı İsmayıllıya qonaq gələn hər kəs bunu yaxşı bilir və o təmizlikdən, gözəllikdən zövq alır. Bax, elə buna görə də İsmayıllını Azərbaycanın mirvarisi adlandırırlar. Hər yanından üzük qaşı kimi dövrəyə alan dağlarla, qayalarla yaşı müəyyən olunan İsmayıllının tarixi çox qədimlərlə səsləşir. Təmizlik və gözəlliyi qoruyub artırmaq da elə qədim tarixli köklərdən miras qalıb İsmayıllıya. Elə bunlara görə də, bu gün İsmayıllı yerli və xarici turistlərin ən çox sevdikləri, yaxşı istirahət etdikləri ünvanlardan birinə çevrilib. Son illər bu sahəyə olan diqqət və maraq digər sosial-iqtisadi məsələlərə münasibətdən öz aktuallığına görə heç də geridə qalmır və hər gün rəhbərliyin də, müvafiq qurumların da nəzarətindədir.

Bəli, İsmayıllı bu gün turizmə xüsusi diqqət və qayğı göstərilməsi baxımından da diqqəti cəlb edir. Bu istiqamətdə rayonun müxtəlif ünvanlarında, o cümlədən mərkəzində məqsədyönlü tədbirlər həyata keçirilir. Şəhərin özünü, eləcə də İsmayıllının mərkəzinə yaxın ünvanlarını bizimlə birlikdə gəzib bələdçilik edən rayon kommunal müəssisələri kombinatının direktoru Anar Alızadə söhbətimizin bu məqamında - təvazökarlıqdan bir qədər kənarlaşsam da, bildirim ki, danışdığımız məsələnin icrasında, yəni təmizliklə gözəlliyin vəhdətində kollektivimizin də əməyi çoxdur - dedi. - Axı, rayonumuza, elə şəhərimizə gələn qonaq da, ilk anda ecazkar təbiətimizin gözəlliyinə buradakı təmizliklə, səliqə-sahmana vurulur. Bu işdə kommunal işçilərimizin əməyi çoxdur. Əhaliyə altı çeşiddə xidmət göstəririk. Yaşıllıqlara qulluq edilməsi, küçələrdən, dalanlardan, park və xiyabanlardan, asudə vaxt mərkəzlərindən zibil və çirkabların daşınması, küçə, park və istirahət mərkəzlərinin işıqlandırılması və təmiri, fəvvarələrin işləməsini təmir etmək və təmirini unutmamaq, daşınmış bərk tullantıların poliqonda zərərsizləşdirilməsi əsas xidmət sahələrimizdəndir.

Direktor bu fikirlərinə konkret faktlarla aydınlıq gətirdi. Bildirdi ki, hər gün təmizlik yaradanların əməyi ilə xidmət ərazilərinə daxil olan 340360 kvadratmetr sahə süpürülür, 24 hektar yaşıllıq sahəsində lazım gələn bütün aqrotexniki qulluq işləri aparılır. Müəssisənin elektrik işləri ilə məşğul olan xidmət işçilərinin səyi ilə 4743 ədəd işıq nöqtəsinin yanması diqqət mərkəzində saxlanılır. 18 min 850 kubmetr bərk tullantı daşınaraq poliqonda zərərsizləşdirilir.

Müəssisə rəhbərinin konkret faktlarla verdiyi bu məlumatı dinlədikcə bu ilin yazının təzəcə qədəm qoyduğu günlərin birində İsmayıllının mərkəzindəki istirahət parklarında iki ağsaqqalın söhbətini yadıma saldım. Onlar bir-birinə şəhərlərində aparılan sosial abadlıqdan, ürəkaçan sağlam mənəvi həyatdan şirin-şirin danışırdılar. Bir fikri xüsusi vurğuladılar ki, ölkədəki bu saflığın, işgüzarlığın təntənəsidir ki, Vətən müharibəsini Azərbaycan ordusu zəfərlə başa vurdu. Başları üzərində dalğalanan qələbə bayrağından vüqarlanan daha firavan gələcəkdən nikbinliklə danışan ağsaqqallar İsmayıllı şəhərindəki təmizlik və gözəllik yaradanlardan da ürək dolu razılıqlarını bildirdilər. Neçə aylar bundan öncə deyilənlərin bu gün şəhərlə yenidən tanışlığımız zamanı kommunal işçilərinin əzmkarlığını bir daha təsdiqlədi.

Kombinatın direktoru Anar Alızadə söhbət zamanı qeyd etdi ki, icra hakimiyyəti başçısının İsmayıllı Şəhər Ərazi İnzibati Dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da kollektivin işinin lazımi səviyyədə aparılmasında yaxından köməkliyini əsirgəmir. Hər gün birlikdə ərazidə olan təmizliyə necə riayət olunmasını, yaşıllıqlara necə qayğı göstərilməsini yoxlayır, qarşıya çıxan hər hansı bir problemin aradan qaldırılmasına birlikdə nail olurlar. Kommunal işçilərinin qüvvəsi ilə İsmayıllı şəhərindən əlavə Lahıc, Basqal, Talıstan, Qalaçıq və İvanovka kəndlərindən, İsmayıllı şərab-2 zavodunun ərazisində təmizlik və səliqə-sahman yaradılır. Rayonda xidmət olunmayan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün “Dost İş Mərkəzi” MMC-nin xətti ilə işə qəbul edilmiş 350 nəfər işçi İsmayıllı şəhərində, Lahıc və Basqal qəsəbələrində, magistral yola yaxın olan kəndlərdə çalışırlar. Bu ilin qış dövründə şəhərin bütün ərazilərində olan ağaclar aqrotexniki qaydada budanmış və müxtəlif çeşiddə güllər əkilmişdir. Şəhərin mərkəzində, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında sıradan çıxmış qazon örtüyü ləğv edilərək yenidən bərpa edilmiş, yaşıllıq zolaqlarının suvarılması üçün 1250 metrə yaxın müxtəlifölçülü plastik boru və şlanqlar alınmışdır. Havaların isti keçməsi ilə əlaqədar yaşıllıqların yanmaması üçün əlavə su maşınları cəlb edilmiş və qrafik əsasında növbətçilik yaradılmışdır. Görülən işlərə, gəzib gördüklərimizə və bir də şəhər sakinlərinin razılıqla dolu söhbətlərinə əsaslanıb qeyd etmək olar ki, İsmayıllıda təmizliklə gözəlliyin vəhdətinin yaratdığı mənzərə ürəkaçandır. 

Rasim AMANOV,

“Respublika”.