DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Aİ TÜRKIYƏ ILƏ ƏMƏKDAŞLIĞI DƏRINLƏŞDIRIR

Avropa İttifaqı Türkiyə ilə yüksək səviyyəli dialoq hazırlığı qərarına gəlib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Verilən xəbərə görə, Türkiyə ilə əlaqəli danışıqların tamamlanmasından sonra yekun bəyanatın müvafiq hissəsi ictimaiyyətə təqdim olunub.

Bəyanatda Aİ liderlərinin miqrasiya, sağlamlıq, iqlim, terrorla mübarizə və regional mövzular kimi qarşılıqlı maraq doğuran mövzularda Türkiyə ilə yüksək səviyyəli dialoq hazırlıqlarını müzakirə etdikləri vurğulanıb.

“Avropa Şurası Avropa Komissiyasını Türkiyə, İordaniya, Livan və bölgənin digər hissələrindəki suriyalı qaçqınlar və ev sahibi icmalara təmin olunacaq maliyyənin davam etdirilməsi üçün rəsmi təklifi təxirə salmadan təqdim etməyə çağırır”, - deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, Avropa Şurası regional sülh və sabitlik məsələsində Türkiyə və Aİ-nin birgə maraqlarına uyğun olaraq Türkiyə və bütün tərəfdaşların regional böhranların həllinə müsbət töhfə vermələrini gözləyir.

 

ABŞ ONLARLA IŞBIRLIYI EDƏN ƏFQANLARI ÜÇÜNCÜ ÖLKƏLƏRDƏ YERLƏŞDIRƏCƏK

ABŞ onlara kömək göstərən və Amerika vizası almağa ümid bəsləyən Əfqanıstan vətəndaşlarını üçüncü ölkələrdə yerləşdirməyə hazırlaşır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The New York Times qəzeti ABŞ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bugünlərdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsindəki dinləmələrdə çıxışı zamanı Əfqanıstan vətəndaşlarının bir hissəsinin təxliyə olunmasına yaxın vaxtlarda başlanacağnı bildirib. Lakin o, təxliyə planının detallarını açıqlamayıb.

Qəzetin istinad etdiyi mənbənin sözlərinə görə, söhbət hərbi əməliyyatlar zamanı amerikalı hərbçilərə kömək edən tərcüməçilər, sürücülər, mühəndislər, gözətçilər və fəhlələrdən gedir.

Bildirilir ki, viza almaq üçün 18 minə yaxın Əfqanıstan vətəndaşı (onlarla birlikdə daha 53 min ailə üzvü) ərizə verib. Qəzet hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb.

 

ƏLI XAMENEYININ VAKSINLƏ BAĞLI ŞƏRTI YERINƏ YETIRILIB

İranın ali dini lideri ayətullah Əli Xameneyi koronavirus əleyhinə peyvənd olunub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “ISNA” agentliyi məlumat yayıb. Bildirilir ki, ali dini liderə yerli istehsal olan “COV İran Barakat” peyvəndinin ilk dozası vurulub.

Bundan öncə Əli Xameneyi “COVID-19” peyvəndinin tətbiqi üçün iki şərtinin olduğunu bəyan etmişdi: o, növbədənkənar peyvənd olunmamalıdır və ona məhz İran istehsalı olan vaksin vurulmalıdır.

İranda may ayının 11-dən etibarən koronavirus əleyhinə “COV İran Barakat” peyvəndinin kütləvi istehsalına başlanıb. Ölkənin Səhiyyə Nazirliyi bu preparatın təcili istifadəsi üçün lisenziya verib. İndiyədək 10 milyon doza peyvənd istehsal olunub.

İran hakimiyyəti yaxın vaxtlarda yerli istehsal olan daha üç peyvəndin təsdiqlənəcəyini açıqlayıb.

 

“MICROSOFT” ŞIRKƏTININ BAZAR DƏYƏRI ILK DƏFƏ 2 TRILYON DOLLARI KEÇIB

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinin bazar dəyəri ilk dəfə 2 trilyon ABŞ dollarını keçib. “Report” agentliyinin məlumatına görə, bu, onun səhmlərinin dəyərinin 1,1 faiz artaraq 265 dolları keçməsindən sonra olub.

Verilən xəbərə görə, “Microsoft” xüsusilə koronavirus pandemiyası dövründə sürətlə dəyər qazanıb və ötən ilin mart ayından bəri onun səhmləri 79 faiz bahalaşıb, bazar dəyəri isə 900 milyon dollar artıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın digər texnologiya nəhəngi “Apple” şirkətinin də bazar dəyəri 2 trilyon dolları keçmişdi.

Son bir ildə ABŞ-da səhmləri sürətlə bahalaşan başqa texnologiya nəhəngləri də var. Məsələn, “Amazon”un bazar dəyəri 96 faiz, “Apple”in bazar dəyəri 2 dəfə, “Google”un bazar dəyəri 2,2 dəfə, “Facebook”un bazar dəyəri isə 2,3 dəfə artıb.

 

FLORIDADA BINA ÇÖKÜB: 159 NƏFƏRIN TALEYI NAMƏLUM QALIR

ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində binanın çökməsindən sonra 159 nəfərin taleyi naməlum olaraq qalır. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

“İtkin düşmüş şəxslərin sayı 159 nəfərə çatıb”, - deyə Mayami-Deyd dairəsinin meri Daniella Lavin Kava mətbuat konfransında çıxışı zamanı bildirib.

Merin sözlərinə görə, indiyədək həlak olmuş şəxslərin sayı 4 nəfər təşkil edir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Xatırladaq ki, Mayami-Deyd dairəsinin Sörfsayd şəhərciyində yaşayış binasının bir hissəsi dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası yönləndirilib. İndiyədək 40-dək insanın dağıntılar altından çıxarıldığı bildirilir.

 

İSRAILDƏ KORONAVIRUSUN YENI MUTASIYASI SÜRƏTLƏ YAYILMAĞA BAŞLAYIB

İlk olaraq Hindistanda aşkar olunan koronavirusun yeni mutasiyası İsraildə sürətlə yayılmağa başlayıb. Bu səbəbdən İsrail rəhbərliyi “COVID-19” virusu əleyhinə mübarizə tədbirlərini yenidən sərtləşdirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, virusa yoluxanların sayı artdığı üçün qapalı məkanlarda maska taxmaq məcburidir.

Bununla yanaşı, açıq havada kütləvilik olduğu halda maska taxmaq tövsiyə olunur. Yeddi yaşdan aşağı uşaqlar isə qapalı məkanlarda maska taxmaqdan azad edilib.

İsrail Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son sutka ərzində ölkədə 227 yeni yoluxma halı qeydə alınıb. Bu rəqəm 7 apreldən bəri qeydə alınan ən yüksək yoluxma faktıdır. Ölkədə 6 iyunda 216-ya düşən aktiv xəstə sayı son günlərdə 872-yə yüksəlib.

 

EFIOPIYADA HAVA HÜCUMU ZAMANI ÖLƏNLƏRIN SAYI 64 NƏFƏRƏ ÇATIB

Efiopiyanın Tiqray bölgəsinə bir neçə gün öncə həyata keçirilən  hava hücumu nəticəsində ölənlərin sayı 64 nəfərə, yaralıların sayı isə 180 nəfərədək yüksəlib. “Report”un məlumatına görə, yerli administrasiyanın rəsmisi Mulu Atsbaha hava zərbəsinin Toqoqa qəsəbəsinin bazarına endirildiyini bildirib.

Eyni zamanda, Efiopiya ordusunun sözçüsü Getnet Adane hücum faktını təsdiqləsə də, hədəfdə üsyançı dəstələrin olduğunu, ölən və yaralıların “mülki geyimli yaraqlılar” olması ehtimalını dilə gətirib.

Şahidlər və səhiyyə işçiləri isə hava hücumunun bazarda ticarətin pik saatlarında həyata keçirildiyini, ölən və yaralılar arasında uşaqlar da olduğunu qeyd ediblər.

Bildirilir ki, BMT hava hücumuna dair təhqiqat aparmağa çağırıb.

 

GÜRCÜSTAN GƏLƏN ILDƏN PUA ISTEHSALINA BAŞLAYACAQ

Gürcüstan gələn ildən etibarən beynəlxalq tərəfdaşlarla birgə pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır. “Report” agentliyinin xəbərinə görə, bunu ölkənin baş naziri İrakli Qaribaşvili bəyan edib.

Baş nazir PUA-ların Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə yığılacağını vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, yaxın gələcəkdə mərkəzdə İsrail şirkəti ilə birgə “M4” tipli avtomatların istehsalına da başlanılacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.