DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SERGEY LAVROV: QƏRB MOSKVA ILƏ DÜRÜST DIALOQA HAZIR DEYIL

Qərb təmsilçiləri rəsmi Moskva ilə dürüst dialoqa hazır deyillər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Yalnız Rusiya deyil, əksər digər ölkələrlə də Qərb nümayəndələri faktlara əsaslanan dürüst dialoqa hazır deyillər. Bu cür yanaşmaya dair nümunələr çoxdur. Bu isə şübhəsiz, fikir ayrılıqlarını həll etmə yolu kimi dialoq ideyasının özünə inamın etibarlılığını sarsıdır”, - deyə S.Lavrov bildirib.

XİN başçısının sözlərinə görə, Rusiya “qlobal problemlərin həllində aparıcı dövlətlərin kollektiv rəhbərliyinə əsaslanan çoxmərkəzliliyə yönələn” dinc dəyişikliklərin davam etməsinə fəal töhfə verəcək.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Cozef Bayden iyunun 16-da Cenevrədə görüşəcəklər. Ağ Ev görüşdə strateji sabitlik, Ukrayna və Belarusla bağlı vəziyyətin müzakirə ediləcəyini açıqlayıb.

 

ALBANIYA PARLAMENTI ÖLKƏ PREZIDENTINƏ ETIMADSIZLIQ GÖSTƏRIB

Albaniya parlamenti iyunun 9-da fövqəladə iclasında prezident İlir Metaya qanun pozuntuları iddialarına görə etimadsızlıq göstərib. Bu barədə “Report” agentliyi “Euronews” telekanalına istinadən xəbər verib.

Məlumata əsasən, 140 deputatın üçdə ikisinin səsilə verilən bu qərar ölkə başçısının 25 aprel seçkiləri zamanı Konstitusiyanın 16 maddəsini pozmasına dair xüsusi təhqiqat komitəsinin hesabatından sonra verilib. Bu məsələ qarşıdakı üç ay ərzində Konstitusiya Məhkəməsinə çıxarılmalıdır.

Ölkə başçısına qarşı son seçkilər zamanı müxalifəti dəstəkləməklə ölkənin milli birliyinə zəmanət vermək öhdəliyinə xələl gətirmək ittihamı irəli sürülüb. Seçkilərdən sonra parlamentdə 74 yer qazanan Sosialist Partiyasından 50 deputat prezident barəsində Konstitusiyanı pozduğuna görə impiçment tələbilə təhqiqat komitəsi yaratmaq barədə müraciət ediblər.

 

TÜRKIYƏDƏ ERMƏNISTANDAN IDARƏ EDILƏN ŞƏBƏKƏ SAXLANILIB

Türkiyənin Mersin əyaləti Polis İdarəsinin kiber cinayətlərə qarşı mübarizə şöbəsinin 18 əyalətdə qanunsuz yolla qumar oynayanlara qarşı keçirdiyi əməliyyat nəticəsində 86 şübhəli saxlanılıb. “Report”un məlumatına görə, bu barədə Polis İdarəsinin yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, sözügedən şəbəkənin 190 milyon lirə (  təxminən 22 milyon dollar) vəsaiti idarə etdiyi müəyyən olunub.

Ermənistanda internet saytı quran şübhəlilər 273 nəfərin adına rəqəmsal valyuta hesabı açıb. Onların Ermənistandan qanunsuz mərc, şans və qumar oyunları oynatdıqları təsbit edilib.

 

ABŞ MILYARDERLƏRININ VERGI QALMAQALI

“ProPublica” portalının ABŞ milyarderləri tərəfindən ödənilən gəlir vergisinin miqdarı barədə dərc etdiyi məlumatlar ölkədə sərvət vergisinin tətbiq olunmasına çağırışlara və Vergi İdarəsi tərəfindən araşdırmanın başladılmasına səbəb olub. Bu barədə “Trend” agentliyi xəbər verib.

Bildirilir ki, 2014-2018-ci illərdə aralarında “Amazon”un banisi Ceff Bezosun, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın və “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffetin də olduğu ən varlı ABŞ vətəndaşları tərəfindən ödənilən gəlir vergisi bütövlükdə onların sərvətlərinin artımının bir neçə faizindən çox deyil.

Məlumata görə, minimal “vergi dərəcəsi” üzrə bir növ rekorda 90 yaşlı Uorren Baffet imza atıb. Belə ki, göstərilən dövr ərzində U.Baffetin sərvəti 24,3 milyard dollar artıb, lakin o 125 milyon dollar artım barədə məlumat təqdim edib və 23,7 milyon dollar vergi ödəyib. Bu isə artımın yalnız 0,1 faizini təşkil edib.

 

 

ZELENSKI: 105 MIN RUS ƏSGƏRINDƏNSADƏCƏ 11 MINI GERI ÇƏKILIB

Prezident Vladimir Zelenski Rusiyanın Ukrayna sərhədlərindən geri çəkdiyi əsgərlərinin sayının az olduğunu açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ukrayna prezidenti bu barədə Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı zamanı bildirib. Məlumata əsasən, tərəflər “Böyük yeddilik” sammiti və NATO zirvə görüşündən əvvəl fikir mübadiləsi aparıblar.

Donbasdakı vəziyyətlə bağlı Kanadanın baş nazirinə məlumat verən Vladimir Zelenski qeyd edib ki, Rusiyanın sərhəddən geri çəkdiyi hərbçilərinin sayı olduqca azdır.

Prezident Zelenskinin sözlərinə görə, 105 min rus əsgərindən sadəcə 11 min nəfəri geri çəkilib. O bildirib ki, problemin sülh yolu ilə həlli üçün Rusiyaya beynəlxalq təzyiq həyata keçirilməlidir.

Danışıqlar zamanı Kanadanın baş naziri Ukraynanın ərazi bütövlüyü və süverenliyinə olan sarsılmaz dəstəyini ifadə edib.

 

AVROPA ILƏ ABŞ ARASINDA TICARƏT MÜHARIBƏSI BAŞA ÇATIR

Avropa İttifaqının və ABŞ-ın rəhbər şəxslərinin 15 iyun tarixində keçiriləcək görüşündə müzakirə ediləcək mövzular açıqlanıb. Bu barədə “Report” agentliyi “Bloomberg” nəşrinə istinadən xəbər verib.

Aİ və ABŞ rəsmiləri Brüsseldəki görüşdə, bir-birlərini qanunsuz olaraq milyardlarla dollar dövlət yardımı almaqda günahlandıran “Boeing” və “Airbus”  şirkətləri arasındakı bütün fikir ayrılıqlarını həll etmək niyyətindədirlər.

Eyni zamanda, görüşün yekununda imzalanacaq sənəddə ilin sonunadək polad və alüminiumla bağlı mövcud olan ticarət müharibəsinə son qoyulması niyyəti yer alacaq. Bildirilir ki, bu problem ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası dövründə yaranıb.

Bununla yanaşı, Brüssel və Vaşinqton  bir sıra sahələr üzrə Çinə qarşı mübarizədə səylərini birləşdirəcəklər.

 

BITKOIN ILK DƏFƏ BIR ÖLKƏNINRƏSMI VALYUTASI OLDU

Mərkəzi Amerika ölkəsi El Salvador Konqresi bitkoin kriptovalyutasını qanuni ödəmə vasitəsi kimi tanıyan qanunu qəbul edib. “Report”un məlumatına görə, bununla da bitkoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olub. Bildirilir ki, təklifin sahibi El Salvador prezidenti Nayib Bukele qanunun 62 leyhinə səslə qəbul edildiyini açıqlayb.

Ötən həftə “Bitcoin 2021” konfransına video mesaj göndərən prezident N.Bukele bitkoini ödəmə vasitəsi olaraq qəbul edəcək qanunu Konqresə göndərəcəyini bildirmişdi.

“Bitkoin 680 milyard ABŞ dollarlıq bir bazar dəyərinə sahibdir. Bunun 1 faizi nisbətində El Salvadora investisiya qoyulsa, ölkə iqtisadiyyatı 25 faiz böyüyə bilər”, - deyə Nayib Bukele vurğulayıb.

 

HƏYAT KEYFIYYƏTINƏ GÖRƏ DÜNYANIN ƏN QABAQCIL ŞƏHƏRLƏRI AÇIQLANIB

Dünya şəhərlərinin həyat keyfiyyətinə görə reytinqinə Yeni Zelandiyanın Oklend şəhəri başçılıq edir. “Report”un verdiyi xəbərə görə, bu barədə “Economist Intelligence Unit” analitik mərkəzinin hazırladığı  hesabatda bildirilir.

Ümumilikdə 140 şəhəri əhatə edən reytinq ilk dəfə pandemiyanın fəsadlarını nəzərə almaqla həyat tərzini ehtiva edən 30-dan artıq göstərici əsasında hesablanan xalla tərtib edilib. Həmin göstəricilər sabitlik, səhiyyə xidmətləri, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur kimi beş bölümdə təsnif olunur.

Reytinqin ilk onluğunu belədir: Oklend (96,0), Osaka (94,2), Adelaid (94,0), Vellinqton (93,7), Tokio (93,7), Pert (93,3), Sürix (92,8), Cenevrə (92,5), Melburn (92,5), Brisben (92,4). Beləliklə, ilk onluğa daxil edilən 6 şəhər pandemiyanın az hiss edildiyi Avstraliya və Yeni Zelandiyada yerləşir.

Qeyd edək ki, 10 ildir daxili müharibədən əziyyət çəkən Suriya paytaxtı Dəməşq reytinqdə son pillədə qərarlaşıb.