DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MARİYA ZAXAROVA: RUSIYA NATO İLƏ DİALOQA HAZIRDIR

Rusiya NATO ilə dialoqdan geri çəkilmir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Eyni zamanda, XİN rəsmisi ölkəsinin alyans ilə dialoqa hazır olduğunu vurğulayıb.

“Rusiya NATO ilə deskalasiya və insidentlərin qarşısının alınması məsələlərini müzakirə etməyə hazırdır. Lakin hərbi ekspertləri cəlb etmədən bu dialoqun mənası olmayacaq. Bu, NATO baş katibi cənab Yens Stoltonberqə də yaxşı məlumdur”, - deyə Mariya Zaxarova bildirib.

Bununla da Rusiya XİN rəsmisi NATO baş katibi Yens Stoltenberqin “Rusiya görüşmək təklifimizə cavab verməyib” bəyanatına münasibət bildirmiş olub.

 

 

TERRORÇULAR SOMALİDƏ DÖRD ŞƏHƏRİ ƏLƏ KEÇİRİB

Ötən həftəsonu radikal “Əş-Şəbab” terror qruplaşmasının silahlıları Somalidə dörd şəhəri ələ keçiriblər. Bu barədə “Report”  agentliyi yerli “Halgan Media” nəşrinə istinadən xəbər verib.

Məlumata əsasən, silahlılar şənbə günü Varsiiz, Kuordhir və Vararaksli şəhərlərini ələ keçiriblər. Hökumət qüvvələrinin gözlənilmədən şəhəri tərk etməsindən sonra bazar günü axşam onlar Varmaksan şəhərində də nəzarəti ələ alıblar.

Nəşr yazır ki, hökumət qüvvələri və müttəfiq xarici qüvvələr üçün ən əhəmiyyətli itki Varmaksan şəhərinin ələ keçirilməsi olub. Bu şəhər Afqoye və Vanlaveyn rayonlarını birləşdirən yolda yerləşir. Afqoye rayonu paytaxt Moqadişodan cəmi 30 kilometr, Vanlaveyn isə ABŞ-ın nəzarətində olan hərbi bazadan cəmi 20 kilometr məsafədədir.

 

 

BU İL AVROPADA SON 8 İLİN ƏN SOYUQ YAZI MÜŞAHİDƏ OLUNUB

May ayında dünya üzrə temperatur son illərin orta göstəricilərini üstələsə də, yola saldığımız yaz fəsli Avropada son 8 ilin ən soyuq yazı olub. “Report”un verdiyi xəbərə görə, bu barədə Avropanın “Copernicus” peyk monitorinqi proqramının məlumatında bildirilir.

“Yazda Avropada orta temperatur 1991-2020-ci illərin analoji dövrünün orta göstəricilərindən 0,45 dərəcə Selsi aşağı olub. Beləliklə, bu, 2013-cü ildən bu yana Avropada ən soyuq yaz hesab edilir”, - deyə açıqlamada vurğulanır.

Bununla yanaşı o da qeyd olunur ki, 2021-ci ilin mayında dünya üzrə orta temperatur 1991-2020-ci illərin eyni ayının göstəricilərindən 0,26 Selsi yüksək olub. Buna baxmayaraq, bu il Avropada yazın son ayının temperaturu 1991-2020-ci illərin orta göstəricisindən 0,46 dərəcə aşağı olub.

 

 

71 MİNA VƏ 38 MƏRMİNİ MÜƏYYƏNLƏŞDİRƏN SİÇOVUL TƏQAÜDƏ ÇIXIR

Kambocada qəhrəmanlığına görə qızıl medalla mükafatlandırılmış “Maqava” ləqəbli siçovul təqaüdə göndərilir. Bu barədə “Report” agentliyi “BBC”yə istinadən xəbər verib.

Məlumata görə, gəmirici beş illik karyerası ərzində Kambocada 71 mina və 38 partlamamış mərminin yerini müəyyənləşdirib.

Siçovul “Aroro” xeyriyyə təşkilatında heyvanlara yerüstü minaların aşkar edilməsini öyrədən xüsusi təlim keçib. Təlimlərdə siçovullara qoxu ilə partlayıcı maddənin mövcudluğunu müəyyən etmək öyrədilir ki, bunun sayəsində onlar adi metal qırıntısına əhəmiyyət vermirlər. Heyvanlar yalnız partlayıcı maddəni tapıb, torpağı qazmağa başlayırlar və bu zaman işlərə artıq insanlar da qoşulurlar. “Maqava” tennis kortu ölçüsündə ərazini cəmi 20 dəqiqə ərzində axtarmağa qadirdir.

“Maqava” özünün parlaq beş illik karyerası ərzində bir çox insanın həyatını gizli minalardan və müharibənin başqa öldürücü qalıqlarından birbaşa xilas edib. Onun hər tapıntısı Kamboca sakinləri üçün travmalar və ya ölüm riskini aşağı salırdı”, - deyə təşkilat bildirib.

 

 

PAKİSTANDA QATARLARIN TOQQUŞMASI NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 38, yaralananların sayı isə 64 nəfərə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.

Telekanal qeyd edib ki, sərnişin qatarları Sind əyalətində yerləşən Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.

Verilən xəbərə əsasən, ölkənin Dəmiryolu İdarəsinin nümayəndəsi bildirib ki, relsdən çıxmış qatar digər qatara çırpılıb.

Bununla yanaşı, qəza zamanı 14 vaqonun aşdığı, 8 vaqonun isə tamamilə yararsız vəziyyətə düşdüyü bildirilir.

 

 

“COVİD-19” INFEKSIYASINA QARŞI YENI PREPARATIN İSTEHSALINA BAŞLANILIB

Koronavirus xəstəliyi keçirmiş şəxslərin qan plazması əsasında “COVİD-19” infeksiyasına qarşı immunoqlubolin istehsalına başlanılıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

“COVİD-19 infeksiyasına qarşı bu immunoqlubolin artıq yüksək konsentrasiyaya malik preparatdır. O, virusu neytrallaşdırmağa imkan verir və təbii ki, “COVİD-19” əleyhinə plazma ilə müqayisədə daha prioritetlidir”, - deyə Muraşko Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan müsahibə zamanı vurğulayıb.

Nazir qeyd edib ki, təkcə bu və ya digər preparatlarla müalicə heç də hər zaman tam effekt vermir, bu səbəbdən həkimlər onların kombinasiyasından da istifadə edirlər. Onun sözlərinə görə, hazırda qan plazmasının virusəleyhinə preparatlarla birləşdirilməsi ilə bağlı yeni məlumatlar əldə edilib.

 

 

ABŞ QUBERNATORU XALQI YAĞIŞIN YAĞMASI ÜÇÜN DUA ETMƏYƏ ÇAĞIRDI

ABŞ-ın Yuta ştatının qubernatoru Spenser Koks ərazidəki quraqlıqla bağlı xalqı yağış duası etməyə çağırıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Qubernator uzun zamandır həddindən artıq quraqlığın hökm sürdüyü Yutada bundan xilas olmaq üçün ilahi qüvvənin köməyinə ehtiyac olduğunu bildirib. O deyib: “Bütün inanc sahiblərinin yaşadığı Yuta xalqını yağış duasına çıxmağa çağırıram. Ştatda yaşanan quraqlıq əkin və çöl həyatına zərər vurur, ölümcül yanğınlara zəmin yaradır. Birlikdə dua etsək, Allaha, ya da nəyə inanırsınızsa, ondan yağış yağdırmasını istəsək, sürən quraqlığın ölümcül nəticələrindən qurtula bilərik”.

Xatırladaq ki, Yuta şatatı ötən il də şiddətli quraqlıq yaşamış, bu səbəbdən burada ciddi yanğınlar baş vermişdi. Ötən il olduğu kimi, bu il də qubernatror quraqlıqla əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.

 

 

BRİTANIYA TARİXİNDƏ ƏN GƏNC NARKOTACİR SAXLANILIB

Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Birləşmiş Krallığının tarixində ən gənc narkotik alverçisini saxlayıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Mirror” nəşri məlumat yayıb. Qeyd edilir ki, söhbət orta məktəbin doqquz yaşlı şagirdindən gedir.

Nəşrin bildirdiyinə görə, azyaşlı polis tərəfindən qadağan edilmiş kokainə görə tutulub. Lakin məktəbliyə qarşı ittiham irəli sürmək mümkün olmayıb, çünki onun 10 yaşı tamam olmayıb. Məlumat üçün qeyd edək ki, İngiltərədə və Uelsdə cinayət məsuliyyəti məhz bu yaşdan başlayır.

Bununla yanaşı, asayiş keşikçilərinin versiyasına görə, oğlanı narkotik maddəni satmağa valideynlərindən biri, yaxud böyük qardaşı və ya bacısı məcbur edib.