Torpaq saflaşdırılır, məhsuldarlıq artır
Region

Torpaq saflaşdırılır, məhsuldarlıq artır

Uzun illər bundan əvvəl jurnalistlər obrazlı dillə melioratorları “torpağın həkimi” adlandırmışdılar. Bu təşbehdə böyük həqiqət var; Milin, Muğanın, Şirvanın min hektarlarla ilan mələyən düzləri zaman-zaman melioratorların əli ilə safa çıxdı. İndi  ildə iki, bəzən üç dəfə məhsul verən torpaqlar ölkədə ərzaq təhlükəsizliyinə təminat yaradır. “Ağ qızıl” istehsalçıları öz əkin sahələrindən tonlarla məhsul götürüb dünya bazarlarına çıxarır, ailə büdcəsinə vəsait gətirirlər. Bütün bunlar torpaqlarda aparılan meliorasiya tədbirlərinin nəticəsidir. Razılıq hissi ilə deməliyik ki, uzun illər öz peşələrinə sadiq qalıb vəzifə borclarını ləyaqətlə yerinə yetirən melioratorlar  hər ili uğurlu göstəricilərlə başa vururlar.

Belə kollektivlərdən biri Sabirabad rayonunda yerləşir. Sabirabad Meliorasiya İdarəsinin melioratorları rayonun 67,2 min hektar drenləşmiş ərazisinə çəkilən və 3045 kilometr uzunluğu olan kollektor-drenaj şəbəkəsinə xidmət edir.

Yerin altından çıxan drenaj sular vaxtında ötürülməsə, torpaqda şoranlıq yaranır, bu isə məhsuldarlığı azaltmaqla yanaşı, torpağı qısa müddət ərzində sıradan çıxara bilir. Bütün bunlar baş verməsin deyə balansda olan kollektor-drenaj şəbəkələri, onların üzərində olan hidrotexniki qurğular, drenaj suları ötürən nasos stansiyaları daim işlək vəziyyətdə olmalıdır.

Melioratorlar vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Drenaj sistemlərinin hamısı açıq şəbəkələrdir. Bu şəbəkələrin üzərində 3244 hidrotexniki qurğu vardır ki, bunlar da əsasən borulu körpü keçidləridir.

İdarənin balansında olan maşın-mexanizmlər saz vəziyyətdə olmasa, sistemdə normal iş fəaliyyəti əldə etmək mümkün deyil. Balansda olan 9 ekskavator, 4 buldozer, 6 nasos stansiyasının gücü ilə rayonun təsərrüfatdaxili ərazilərində meliorativ tədbirlərin həyata keçirilməsi təmin olunur.

Kollektiv keçən ili uğurlu göstəricilərlə başa vurmuşdur. 462 kilometrlik hidrotexniki qurğuda  98 ədəd  əsaslı təmir işi görülmüşdür. Cari ilin yanvar-iyun aylarında idarə üzrə 462 kilometr uzunluğunda kollektor- dren şəbəkələri lildən təmizlənmişdir. Qasımbəyli kəndində bir ədəd yeni nasos stansiyası quraşdırılmış, Novruzlu nasos stansiyasında əsaslı təmir-bərpa işləri görülmüşdür.

Melioratorlar cari ildə öz vəzifələrini daha böyük ruh yüksəkliyi ilə icra edirlər. Respublikamızın hər yerində, bütün idarə-müəssisələrdə, əmək kollektivlərində olduğu kimi,  doğma Qarabağımızın işğaldan azad olunması sabirabadlı melioratorlara da yeni impuls, var-qüvvə ilə yaşayıb işləmək əzmi bəxş etmişdir. Meliorasiya tədbirləri durmadan  həyata keçirilir. Hazırda hidrotexniki qurğularda, Şıxlar nasos stansiyasında əsaslı təmir işləri görülür. İlin ötən aylarında 110 kilometr uzunluğunda kollektor-dren şəbəkələri lildən təmizlənmişdir. Kollektor-dren şəbəkələrində qrunt sularının səviyyəsi normaldır, mövcud nasos stansiyaları saz və işlək vəziyyətdədir.

Melioratorların  əldə etdikləri göstəricilər barədə danışarkən Sabirabaddan olan fermerlərlə əlaqə saxladıq. Onlar meliorasiya tədbirləri nəticəsində  dren suların ərazidən çəkildiyi yerlərdə bol taxıl məhsulunun yetişdirildiyini, cari ildə hektardan 40-41 sentner taxıl götürüldüyünü dedilər.

Tofiq HÜSEYN,

“Respublika”.