Sənaye sahəsində aparılan islahatlar iqtisadiyyatın inkişafına təkan verir
İQTİSADİYYAT

Sənaye sahəsində aparılan islahatlar iqtisadiyyatın inkişafına təkan verir

Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşmağa başladı. Bazar iqtisadiyyatı isə çox şeyi dəyişdi. Elə istehsalçı ilə istehlakçı arasındakı münasibətlər də yeniləndi. Çeşidli, yeni qablaşdırmada olan məhsulların bolluğu alıcıya geniş seçim imkanı verdi...

Çoxçeşidlilik bəzən düzgün seçim etməkdə insanları çətinliyə salır, alıcı çox vaxt aldığı ərzağın keyfiyyətini onun qiymətinin bahalığında axtarır. Ərzağın, qidanın keyfiyyət parametrləri isə bir çox amillərdən, əsasən isə həmin məhsulun istehsal olunduğu xammaldan asılıdır. Təbii ki, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulu istehlakçıya çatana qədər müəyyən istehsal prosesindən keçir. İstehsal prosesinin standartlara uyğun aparılması, istehsal müəssisələrinin müasir texnologiyalar əsasında qurulması keyfiyyətli məhsul istehsalında başlıca rol oynayır.

Müasir dünyamız bu gün bir çox problemlərlə üzləşir. Artmaqda olan dünya əhalisinin qidaya olan tələbatı da gündən-günə artır. Hər bir ölkə bu problemin qarşısını almaq, əhalisinin ərzaq tələbatını ödəmək üçün iqtisadiyyatını gücləndirmək baxımından zəruri addımlar atır.

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan, ölkəmizdə əhalinin ərzaq təminatını yüksək səviyyədə ödəyən, ilk növbədə istehsal prosesində heç bir genetik modifikasiyaya uğramamış məhsullardan istifadə edərək insan sağlamlığını hər şeydən üstün tutan “Azərsun Holdinq” Şirkətlər Qrupu ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərərək ölkə iqtisadiyyatına böyük təkan verir. Azərbaycanın qida sektorunda böyük rol oynayan “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən zavodlar güclü istehsal potensialı ilə yanaşı, geniş ixracat şəbəkəsinə də sahibdir. Belə ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Qafqaz Konserv Zavodu” MMC ,”Qazax Konserv Zavodu” ASC ,”Kürdəmir Süd Emalı Zavodu” MMC , “Sun Tea Çay Fabriki” MMC, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC, “Lənkəran Konserv Zavodu” ASC və s. istehsal sahələrində idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə ölkənin sənaye sahəsində aparılan islahatlara və eyni zamanda ölkə iqtisadiyyatının inkişafına xidmət göstərilir.

“Azərsun Holdinq”in regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan İmişli Şəkər Zavodu 2006-cı ildə istifadəyə verilib. Şirkətin ən modern texnologiyalar əsasında inşa olunmuş zavodunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Cənubi Qafqaz regionunda ən müasir Şəkər Zavodunun fəaliyyətə başlaması “Azərsun Holdinq”in təkcə regionların inkişafına deyil, həm də respublikamızda güclü sənaye potensialının formalaşmasına mühüm töhfəsi olmuşdur.

“Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında müstəsna rol oynayan İmişli Şəkər Zavodunun fəaliyyəti ilə ölkəmizdə geniş şəkər çuğunduru sahələri əkilir ki, bununla da on minlərlə insanın işlə təmin olunmasına geniş imkan yaranır.

“Made in Azerbaijan” brendinin dünyada tanıdılmasında illik istehsal həcmi 700 min ton olan İmişli Şəkər Zavodunda istehsal edilən məhsulların rolu çox böyükdür. Zavodda istehsal edilən məhsulların ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilməsi ölkədən valyuta axınının qarşısınn alınmasına mühüm töhfə verir. Heç bir kimyəvi, süni və zərərli olan kənar qatqılardan istifadə edilməyərək istehsal olunan məhsullar əsasən ölkə ərazisində yetişdirilən şəkər çuğundurundan hazırlanır. Zavodda fəaliyyət göstərən və ən son texnologiyalarla təchiz olunan laboratoriyada gündəlik 1200-1400-ə qədər yoxlama aparılır və istehsal edilən şəkər tozu 5 mərhələli filtrasiyadan keçirilir ki, bu da şəkərin yüksək keyfiyyətli olması üçün çox vacib faktordur. Azərbaycanda sənayenin inkişafı üçün böyük əhəmiyyət kəsb edən zavodun istehsal etdiyi yüksək keyfiyyətli məhsullar dünyanın bir sıra qabaqcıl laboratoriyalarında aparılmış testlərdən uğurla çıxmış, sertifikatlara layiq görülmüşdür.

Masazır Duz Zavodu Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu ildə istifadəyə verilib. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təsdiq etdiyi “Yod çatışmazlığı xəstəliklərinin prafilaktikası” haqqında qanun layihəsinin tələblərinə uyğun olaraq Masazır Duz Zavodunun istifadəyə verilməsi ilə yüksəkkeyfiyyətli məhsulla ölkəni təmin etməyə və yod çatışmazlığı probleminin aradan qaldırılmasına nail olunur. Yarandığı ilk illərdə illik istehsalat gücü 20-24 min ton olan Masazır Duz Zavodunda 11 il ərzində bu rəqəm 90 min tona çataraq qısa müddətdə ölkəmizi duz idxal edən ölkədən ixracatçı ölkəyə çevirmişdir. Masazır Duz Zavodunda rafinə olunmuş duzun xam məhsulu göl suyudur. Zavodda qurulan İsveçrə, Almaniya, Türkiyə istehsalı olan avadanlıqlar vasitəsilə istehsal olunan duzun tərkibindəki natrium xloridin miqdarı 99.7 faizə qədər yüksəlir ki, bu da dünyada istehsal olunan duzlar arasında ən yüksək keyfiyyət hesab olunur. Zavodda “Azərduz”, “Bizimduz”, “Salut”, “Alfa” və ötən ilin sonundan etibarən “Kosher” sertifikatlı duzlar istehsal edilir. Rafinə olunmuş məhsuldan möhkəmliyi və tərkibinə görə dünyada özünə kifayət qədər alıcı qazanmış tablet və əla növ duzlar da istehsal olunur. Bundan əlavə, Masazır Duz Zavodunda istehsal olunan ekstra duzun keyfiyyət göstəricisi Rusiya və Türkiyədə istehsal olunan bu kateqoriya duzlar ilə müqayisədə çox yüksəkdir. Bu da zavodda istehsal prosesinin ən yüksək texnologiyalar vasitəsilə aparılmasının nəticəsidir.

Masazır Duz Zavodunun istifadəyə verilməsi, həm də Masazır və ətraf kəndlərdə yaşayan insanlar üçün qazanc mənbəyinə çevrilib. Zavodda 4 növbəlik iş rejimi ilə 150 nəfər işçi çalışır. Duzun tədarükünə ətraf kənd və qəsəbələrdən 200-ə yaxın ailə cəlb olunub.

Qeyri-neft sektoruna göstərilən dövlət qayğısı, bu sahəyə verilən dəstək bölgələrdə nəinki aqrar sahənin, habelə sənayenin inkişafında da əhəmiyyətli rol oynayır. Bu gün Kürdəmir rayonunda fəaliyyət göstərən və regionda ən iri istehsal sahələrindən olan Kürdəmir Süd Emalı Zavodu 74 çeşiddə heyvandarlıq məhsulları istehsal edir. İllik istehsal gücü 40 min ton olan zavod 2013-cü ildən fəaliyyət göstərir. Açılışında ölkə başçısı İlham Əliyevin iştirak etdiyi sənaye müəssisəsi Almaniya, İtaliya, İsveç və Türkiyə şirkətlərinə məxsus ən müasir texnoloji avadanlıqlarla təchiz olunub. İstehsal sahəsində hər il modernləşdirmə və avtomatlaşdırma üçün vəsaitlər ayrılır ki, bu da məhsulların rəqabətədavamlılığına imkan verir. Zavodda istehsal olunan məhsullar bir neçə beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülüb. “Azərsüd” markası ilə buraxılan müxtəlif növ pendir, kərə yağı, üzlü və üzsüz qatıq, ayran, böyüklər və uşaqlar üçün ayrı-ayrı çeşidlərdə istehsal olunan süd və pendir məhsulları nəinki yerli bazarlarda, eyni zamanda bir neçə xarici ölkə bazarlarında da yüksək alıcılıq qabiliyyətinə malikdir.

Zavodun südə olan tələbatı həm özəl təsərrüfatlar, həm də “Kürdəmir süd emalı” MMC-yə məxsus heyvandarlıq ferması vasitəsilə ödənilir. Tələbatın daha yaxşı və etibarlı təminatı üçün hazırda Ağsu rayonunun Padarqışlaq ərazisində inşa olunmuş Azərbaycanda ən böyük heyvandarlıq kompleksində 5000 başlıq cins inək saxlanması nəzərdə tutulub.

“Azərsun Holdinq”in 2010-cu ildə fəaliyyətə başlayan “Natural Green Land” kənd təsərrüfatı müəssisəsi və Biləsuvar Konserv Zavodunun istehsal etdiyi məhsullar rəqabətədavamlı və keyfiyyətli olması ilə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir. Əkilən torpaq sahələri əvvəllər örüş yeri kimi istifadə edilsə də, indi əraziyə drenaj kanalları çəkilmiş, müasir suvarma sistemi yaradılmış və əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Suvarma avadanlıqları xarici dövlətlərin aparıcı şirkətləri tərəfindən hazırlanmış müəssisənin əkin sahələrində əsasən müxtəlif növ tərəvəz məhsulları yetişdirilir. Bu sahələrdə yetirişdirilən məhsullar Biləsuvar Konserv Zavoduna verilir. Ümumi ərazisi 19 min kvadratmetr olan konserv zavodunda 600 nəfər işlə təmin edilmişdir. Müəssisədə Türkiyə, Almaniya və İtaliya istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. İki yaşıl noxud istehsalı, bir tomat pastası və bir turşu istehsalı xətti olan müəssisənin illik gücü 50 min tona bərabərdir. Müəssisədə ümumilikdə 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Ekoloji saflığı və yüksək keyfiyyəti ilə seçilən məhsullara əlavə qatqı və konservatlar qatılmır. Zavodun laboratoriyalarındakı müasir avadanlıqlar məhsulun keyfiyyətini dəqiq yoxlamağa imkan verir. Zavodun məhsulları daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə də ixrac edilir.

“Qafqaz Konserv Zavodu” MMC 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır. Azərbaycanın şimal bölgəsində, Xaçmaz şəhərində fəaliyyətə başladığı gündən sürətlə inkişaf edən Qafqaz Konserv Zavodu keyfiyyətli məhsul istehsalçısı kimi tanınır. Müəssisədə 350 nəfərdən artıq işçi çalışır ki, bu da Xaçmaz bölgəsinin iqtisadi inkişafında önəmli rol oynayır. Zavodun illik istehsal gücü 30 min tondur.

Qafqaz Konserv Zavodunda mal əti konservləri, kompotlar, mürəbbələr, kürülər, turşular və digər konserv məhsulları istehsal olunur. 2005-ci ildən etibarən TS İSO-EN-9001:2000 Keyfiyyət İdarəetmə Sistem Sertifikatına sahib olan zavodda bütün sənədləşmə, eyni zamanda istehsal prosesi Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən beynəlxalq normalar çərçivəsində həyata keçirilir.

Bakı Qida və Yağ Fabriki 1997-ci ildən fəaliyyət göstərir. 2014-cü ildə Sumqayıtda yerləşən “Azərsun Sənaye Parkı”na köçürülən fabrikin açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir. Tam avtomatlaşdırılmış və müasir avadanlıqlarla təmin edilmiş, illik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsi Avropanın ən müasir fabriklərindəndir. Gün ərzində istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 test aparılır, “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlar müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur ki, bu yeni sistem ətraf mühitə heç bir zərər vermədən yüksək keyfiyyətli bitki yağlarının emal edilməsinə imkan verir.

“Final”, “Zeytun bağları” “Möcüzə” yağları, “Bizim süfrə” mayonezləri və ketçupları istehsal edən zavod ən yüksək standartlara uyğun duru və bitki yağlarının istehsalına görə bir çox xarici ölkələrin mükafat və diplomlarına layiq görülmüş, sərgi və müsabiqələrin qalibi olmuşdur.

Özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addımlar Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Bu da bu gün dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açır, rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına, çoxşaxəli iqtisadiyyata malik olan Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının mümkün qədər azaldılmasına və qeyri-neft sənayesinin inkişafına böyük imkanlar yaradır.

Bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini özündə birləşdirən “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisələri tərəfindən istehsal olunan məhsullar Azərbaycanın qida və ərzaq təhlükəsizliyini tam təmin etməklə bərabər, ölkəmizin ixrac potensialını da artırır.

 

Mehparə ƏLİYEVA,

“Respublika”.