İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycan uğurlu əməkdaşlıq və həmrəylik əlaqələrinin qurulmasında mühüm rol oynayır
Siyasət

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycan uğurlu əməkdaşlıq və həmrəylik əlaqələrinin qurulmasında mühüm rol oynayır

İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə önəmli töhfələr verən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin də fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilat olan İƏT-in bu həyati əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır. Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələrinin əməkdaşlığının təmin edilməsi naminə səylər göstərib.

İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı - İƏT) 1969-cu il sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılmışdır. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir, 1975-ci ildən BMT yanında müşahidəçi statusu alan İƏT beynəlxalq təşkilat olmaqla, onlara məxsus olan bütün səciyyəvi xüsusiyyətləri özündə birləşdirir. Mühüm beynəlxalq məsələlər üzrə müsəlman ölkələrinin mövqeyinin yaxınlaşdırılması və onların siyasətlərinin əlaqələndirilməsi məsələlərini həll edir. Ümumi şəkildə İƏT-in məqsədi islam ölkələri arasında sosial, mədəni, iqtisadi və elmi sahələrdə əməkdaşlığı və beynəlxalq təşkilatlarda onların birgə hərəkətini təmin etməkdir. Bununla yanaşı, digər beynəlxalq təşkilatlarda məşvərətlərin həyata keçirilməsi, irqi ayrı-seçkiliyin və hər hansı formada müstəmləkəçiliyin ləğvinin dəstəklənməsi, ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığına və qarşılıqlı anlaşmasına şəraitinin yaradılması da qurumun fəaliyyət istiqamətidir. Azərbaycan keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirən Azərbaycan Respublikası ötən dövr ərzində dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu siyasət qətiyyətlə,düşünülmüş şəkildə inkişaf etdirilməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Möhtəşəm Tarixi Zəfərlə qlobal səviyyədə daha geniş, çoxvektorlu dostluq və əməkdaşlıq əlaqələri ilə Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin, ilk növbədə ona qarşı Ermənistan tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasətində müstəsna əhəmiyyət kəsb edir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. İƏT istər Zirvə konfranslarında, istərsə də Xarici İşlər Nazirləri konfranslarında Ermənistanın təcavüzünü pisləmiş və Azərbaycanın siyasi marağına uyğun qətnamələr qəbul etmişdir. Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İƏT çərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul edilmişdir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlanılıbdır. 2019-cu ildə 24-26 aprel tarixlərində Kazan şəhərində keçirilmiş Rusiya və İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin XI Beynəlxalq iqtisadi sammiti - Kazan Sammiti 2019-cu ildə İqtisadiyyat Nazirliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin iştirakı təmin edilmişdir. İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 35-ci Nazirlər görüşü 25-28 noyabr 2019-cu il tarixlərində İstanbul şəhərində keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavini iştirak etmişdir. 8-9 dekabr 2019-cu il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İƏT-in “Yüksək Səviyyəli dövlət və özəl sektorlar üzrə investisiya konfransı” keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavini iştirak etmişdir. Azərbaycan dövləti Ermənistanın hərbi təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ölkəmizin ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndirir. Təşkilatın 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir.

Prezident İlham Əliyev İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı zamanı təşkilatla əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri qeyd edib demişdir: “COVİD-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşuq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib. “Dövlət başçısı hər zaman olduğu kimi, yenə Azərbaycanın ədalətli mövqeyini vurğulayaraq bildirdi ki, 30 ilə yaxın ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlayan Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xocalı soyqırımını törədib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, Qoşulmama Hərəkatının bəyannamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları münaqişənin həllinin hüquqi bazasını təşkil edirdi. Lakin Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, torpaqlarımızı əbədi olaraq işğal altında saxlamağa cəhd edirdi. Ermənistan 2020-ci ilin iyul, avqust və sentyabr aylarında üç dəfə dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl ataraq günahsız mülki əhalinin qətlə yetirilməsinin və müharibənin alovlanmasının səbəbkarı oldu.

Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. 44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi. Bununla da 30 illik münaqişəyə son qoyuldu və hərbi-siyasi yollarla ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etdik. Prezident İlham Əliyev deyib: “Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm”.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib. İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib. Bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə İSESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub. 25 noyabr 2020-ci il tarixində COMCEC-in 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunmuşdur. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinə xüsusi çıxış üçün söz verilmişdir. İqtisadiyyat naziri öz çıxışında COVİD-19 pandemiyası ilə əlaqədar COMCEC-in xüsusi proqramında ölkənin iştirakı, İslam İnkişaf Bankı ilə əməkdaşlığın vəziyyəti haqqında məlumat vermiş, İƏT-ə və Türkiyəyə Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyinə görə təşəkkür bildirmiş, işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və inşaat layihələrinin həyata keçirilməsinə İƏT-in üzv dövlətlərini dəvət etmişdir. İnanırıq ki, bu sahədə də möhtəşəm əməkdaşlığın şahidi olacağıq.

Mustafa KAMAL,

“Respublika”.