Zəngəzur dəhlizinin açılması geosiyasi əhəmiyyət daşıyır
Siyasət

Zəngəzur dəhlizinin açılması geosiyasi əhəmiyyət daşıyır

Bununla bağlı Azərbaycan öz üzərinə düşən vəzifələri reallaşdırmaq üçün bütün imkanlardan istifadə edəcək

Ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya qayıdışı naxçıvanlılara olduğu kimi, bütün Azərbaycan vətəndaşlarına da böyük ümid və sevinc bəxş etdi. Çünki ötən əsrin 80-ci illərinin sonlarında muxtar respublikanın sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən hücuma məruz qalmış, dincliyi əlindən alınmışdı. Blokadaya salınan Naxçıvanda iqtisadi və siyasi böhran daha da dərinləşmişdi. Bu qayıdış insanların Azərbaycanın bütün bəlalardan xilas olacağına ümidlərini artırdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr etmiş əvəzolunmaz liderin doğulub boya-başa çatdığı diyara qayıdışı əhali tərəfindən sevinclə qarşılandı. Naxçıvanlılar əmin idilər ki, bu yurdu yalnız ulu öndər xilas edə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də sessiya keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin sədri seçildi. Görkəmli dövlət xadimi Heydər Əliyev Ali Məclisin sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər gördü.

Ümummilli lider real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ümummilli liderə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu. Bununla da Heydər Əliyev həm Ali Məclisin sədri olduğu, həm də 1993-cü ildən Bakıya qayıdıb Azərbaycan Respublikasının Prezidentliyi dövründə Naxçıvanın təhlükəsizliyini təmin edə bildi.

Hazırda bu ənənə ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Naxçıvan daim və əlahiddə şəkildə dövlət başçısının diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyev may ayının 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində hərbi, iqtisadi və təsərrüfat-logistik önəm daşıyan strateji obyektlərin açılışında iştirak etmişdir. Səfər çərçivəsində dövlət başçısı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Naxçıvanın ölkəmiz üçün necə vacib bölgə olduğu bu müsahibədə bir daha öz əksini tapdı. Cənab İlham Əliyev bu müsahibədə Naxçıvan və ümumilikdə, ölkəmizlə bağlı bir çox maraqlı məqamlara diqqət çəkmiş, daxili və xarici ictimaiyyətə əhəmiyyətli və mühüm ismarışlar vermişdir.

Naxçıvan Muxtar Respublikasında təsərrüfat sahələrinin inkişafına toxunan dövlət başçısı deyir: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı - bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Bəli, uzun illər blokadanın ağrı-acısını yaşayan, işıq, su, qaz və ümumən, infrastruktur və kommunikasiyaların çatışmazlığından əziyyət çəkən Naxçıvanda bu gün təsərrüfat-logistika sahələri sürətlə inkişaf edir, sosial layihələr uğurla reallaşdırılır.

Sənaye və kənd təsərrüfatı sahələri dinamik templə artır. Muxtar Respublikada son 20 il ərzində ümumi daxili məhsul 10 dəfədən çox artıb. Sosial sahədə və eləcə də, turizmlə bağlı böyük işlər görülür. Hazırda yeni tikilən “ASAN xidmət” Mərkəzi istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.

Naxçıvanın təhlükəsizliyi dövlətimiz qarşısında hər zaman prioritet bir vəzifə kimi durmuşdur. Naxçıvanın yerləşdiyi coğrafi ərazi və Ermənistanla sərhədlərinin olması muxtar respublikanın müdafiə potensialının möhkəmləndirilməsini zəruri edən səbəblərdən olmuşdur. Elə ona görə də Naxçıvanda ordumuzun davamlı olaraq gücləndirilməsi, ən müasir, ən son texnologiyaya əsaslanmış hərbi texnika ilə təchiz edilməsi işi diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən, Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmış və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Hazırda Naxçıvan Ordusunda olan hərbi texnika ən müasir hərbi texnikalardır ki, bu da bir çox qabaqcıl ölkələrdə olanlardan da üstündür. Çünki bütövlükdə Azərbaycan ordusuna xaricdən gətirilən texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında da mövcuddur. 2018-ci ildə həyata keçirilən Günnüt əməliyyatı və Vətən müharibəsində Naxçıvandan olan ordu birləşmələrinin göstərdikləri şücaət ordumuzun gücündən xəbər verir. Xüsusilə, Günnüt əməliyyatı nəticəsində əldə edilən yüksəkliklər imkan verdi ki, Azərbaycan Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət etsin və İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanları bir çox informasiyanın əldə edilməsində mühüm amilə çevrildi. Bundan sonra da ölkəmizin hər bir yerində olduğu kimi, Naxçıvanda da ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın əsas məqsədlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi Qarabağ siyasəti Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ölkəmizin sürətli inkişafı, beynəlxalq münasibətlər sistemində öncül mövqedə qərarlaşması, aparıcı siyasi subyekt kimi təşəbbüsləri, güclü və müasir ordu quruculuğu Ermənistanın 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərinin üstündən xətt çəkdi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi isə tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Nəhayət, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə doqquz bənddən ibarət üçtərəfli kapitulyasiya bəyanatı imzalandı. Bəyanatda olan əksər müddəalar qısa zamanda həyata keçirilsə də bəzilərinin reallaşdırılması hələ də yubanır. Bu yubanmaların əsas səbəbkarı, sözsüz ki, ilk növbədə Ermənistan tərəfidir. Bəyanatın 9-cu bəndinin tələblərinin yerinə yetirilməsini bu və ya digər şəkildə ləngitməyə çalışır. Əslində burada Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında bu məsələ ilə bağlı çox ciddi addımlar atılıb, ancaq tam həll olunmayıb. Bu bəndin əsas tələbi “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsidir”. Yəni, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikasına birləşdirən və Ermənistan ərazisindən keçən quru yolu Azərbaycanın istifadəsinə verilməlidir. Bu bəndin reallaşmasında Azərbaycan çox maraqlıdır. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan dəmir yolu və eləcə də, avtomobil magistralı vasitəsilə Azərbaycanın əsas hissəsinə faktiki birləşəcək. Zəngəzur koridorunun açılmasından sonra, Çin sərhədindən başlamış, İstanbuldan Yunanıstan sərhədinə qədər geniş bir ərazini əhatə edən koridor açılacaq ki, bu da birbaşa Türkiyə ilə türkdilli dövlətlərin əlaqələrinə kömək olacaq.

Ancaq Ermənistan bunu reallaşdırmağa tələsmir. Burada bir neçə səbəb var. Əvvəla, Nikol Paşinyan erməni xalqının milliyyətçi və revanşist təbəqəsinin də rəğbətini qazanmaq istəyir. İkinci və bəlkə də ən əsas səbəb separatçılığı dəstəkləyən erməni lobbisi və onların əbədi havadarlarıdır. Amma onlar yanlış yoldadırlar. Çünki Azərbaycanın İlham Əliyev kimi böyük lideri, dövlət başçısı var. O nəyi necə və nə vaxt edəcəyini yaxşı bilir. Və Azərbaycan xalqı əmindir ki, bu məsələ də tezliklə dövlətimizin istədiyi kimi həll olunacaq. Bütün bunların önəmini vurğulayan cənab İlham Əliyev bildirib: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”. Bu il iyunun 15-də Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi cənab İlham Əliyevin dediyi bu sözlərin tezliklə reallaşacağını təsdiqlədi.

Böyük strateji əhəmiyyətə malik bu Bəyannamənin müddəalarından birində deyilir: “Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.

Söhrab SƏFİYEV,

“Respublika”.