DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LAVROV: İŞİD NATO QOŞUNLARININ TƏRK ETDIYI ƏRAZILƏRI TUTUR

Rusiya İŞİD terror qruplaşmasının Əfqanıstanın şimalında güclənməsindən narahatdır. “APA”nın verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Bir sıra rəsmi şəxslərin Kabildəki məsuliyyətsiz davranışları, NATO qoşunlarının Əfqanıstandan tələsik şəkildə çıxarılması şəraitində İŞİD-çilər fəal şəkildə Əfqanıstanın şimalında, bizə müttəfiq olan ölkələrin sərhədindəki əraziləri tutur”, - deyə Rusiyanın XİN başçısı bildirib.

Sergey Lavrov ölkəsinin Mərkəzi Asiya dövlətlərinin etibarlı müdafiəsi üçün bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında məsləhətləşmələr apardığını vurğulayıb.

Sergey Lavrov deyib: “Biz həm ikitərəfli kanallarla, həm də KTMT çərçivəsində məsləhətləşmələr aparırıq ki, Mərkəzi Asiyada olan qonşularımızı bu birbaşa və çox ciddi təhlükədən etibarlı müdafiə edək”.

COVAX-DAN PEYVƏNDLƏRLƏ BAĞLI ÇAĞIRIŞ

Dünyada koronavirus əleyhinə peyvəndlərə bərabərhüquqlu əlçatanlığı təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və tərəfdaşları tərəfindən yaradılan beynəlxalq COVAX mexanizmi dünya birliyini ÜST və ya Avropa İttifaqı, eləcə də on Qərb ölkəsinin strukturları da daxil olmaqla 11 tənzimləyici orqan tərəfindən təsdiqlənmiş peyvəndləri tanımağa çağırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə COVAX-ın Cenevrədə dərc edilən bəyanatında bildirilir.

“Dünyanın bəzi yerlərində səyahətlərə icazələr verilməyə başladığını nəzərə alaraq, COVAX bütün regional, milli və yerli hakimiyyətləri Ümumdünya Səhiyyə Təşkilatı və ya 11 tənzimləyici orqan tərəfindən təhlükəsiz və effektiv hesab edilən “COVID-19” peyvəndləri ilə vaksinasiya olunmuş bütün insanları tam peyvənd olunanlar kimi tanımağa çağırır”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatda vurğulanır ki, yalnız ÜST tərəfindən təsdiqlənmiş peyvəndlərlə vaksin olunmuş insanlara səyahətə icazə verilməsi qlobal peyvənd boşluğunu daha da artıracaq və bərabərsizliyi daha da ağırlaşdıracaq.

İRAN NÜVƏ OBYEKTINƏ BMT INSPEKTORLARININ GIRIŞINI MƏHDUDLAŞDIRIR

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərinin Natanzdakı əsas uran zənginləşdirmə zavoduna girişini məhdudlaşdıracaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, İran buna səbəb kimi aprel ayında müəssisəyə hücumdan sonra yaranan təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən bu addımı atacaq.

İranın Xarici İşlər Nazirliyi bazar ertəsi günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə obyektlərindəki müşahidə videolarına baxmasına hələlik qərar vermədiyini açıqlayıb. Rəsmi Tehran nüvə məqsədlərinin tamamilə dinc xarakterli olmasında israr edir.

BRAZILIYADA QADINLARA QARŞI PSIXOLOJI ZORAKILIQ CINAYƏT HESAB EDILƏCƏK

Braziliya parlamentinin yuxarı palatası qadınlara qarşı psixoloji zorakılığı cinayət kimi tanıyaraq Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri yekdilliklə qəbul edib. “Trend” agentliyinin məlumatına görə, növbəti mərhələdə müvafiq sənəd ölkə prezidenti tərəfindən imzalanmalıdır.

Sənədə əsasən, bu cinayət təhdid, qorxu, təhqir, manipulyasiya, izolyasiya, şantaj, ələ salma, hərəkət azadlığının və digər haqlarının məhdudlaşdırılması yolu ilə qadınlara zərər verən, tam inkişafına mane olan, onu alçaltmaq və onun hərəkətləri üzərində nəzarət yaratmaq məqsədi ilə qadının psixoloji səhhətinə mənfi təsir göstərəcək mənəvi ziyan vurmaqdan ibarətdir.

Parlamentarilər qadınlara bədən xəsarəti yetirənlər üçün maksimal həbs müddətini dörd ilə qədər artırıblar.

 

Aİ “ŞƏRQ TƏRƏFDAŞLIĞI” ÖLKƏLƏRI ILƏ ƏMƏKDAŞLIQ ÜZRƏ PLAN HAZIRLAYIB

Avropa İttifaqı (Aİ) “Şərq tərəfdaşlığı” ölkələri ilə gələcək əməkdaşlıq üzrə plan hazırlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəsmi saytında bildirilib.

Məlumata əsasən, sənədə 2,3 milyard avro həcmində investisiya paketi daxildir. Plan ticarətin və iş yerlərinin artırılması, əlaqələrin, demokratik institutların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal texnologiyaların dəstəklənməsi, ədalətli, gender bərabərliyi olan və inklüziv cəmiyyətlərin təşviqini nəzərdə tutur.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib ki, “Şərq tərəfdaşlığı” ittifaqın gündəliyində əhəmiyyətli yer tutur: “İşimizin əsasını müsbət və konkret nəticələrin əldə edilməsi üçün çox vacib olan demokratiya, yaxşı idarəetmə və qanunun aliliyi təşkil edəcək”.

QAZAXISTANIN BÜTÜN REGIONLARINDA “DELTA” ŞTAMMI AŞKARLANIB

Qazaxıstanın bütün regionlarında koronavirusun “Delta” ştammına yoluxma halları qeydə alınıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Qazaxıstanda “Delta” ştammının təyin edilməsi məqsədilə iyulun 1-i 414 nümunənin PZR skrininqi həyata keçirilib.

Bildirilir ki, nümunələrdən 43,3 faizində (ölkənin bütün vilayətləri və Nur-Sultan, Almatı, Çimkənd şəhərlərində) “Delta” ştammına rast gəlinib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 98 ölkədə koronavirusun “Delta” ştammının aşkarlandığını təsdiq edib.

RUMINIYANIN ƏN IRI NEFT EMALI ZAVODUNDA PARTLAYIŞ BAŞ VERIB

Rumıniyanın Konstansa şəhəri yaxınlığında “Petromidiya” neft emalı zavodunda baş verən partlayışda 1 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Bu barədə “Report” agentliyi ölkə mətbuatına istinadən məlumat yayıb. Verilən xəbərə görə, hadisə iyulun 2-də günorta saatlarında Konstansa şəhərinin 25 kilometr şimalında baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Yanğının tüstüsü yaxın şəhərlərdən, o cümlədən Konstansadan da müşahidə olunub. Partlayışın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, hadisənin baş verdiyi zavod Rumıniyanın ən iri neft emalı müəssisəsidir.

“COVID-19”UN GEDIŞATINI YÜNGÜLLƏŞDIRƏN PƏHRIZ HAZIRLANIB

Bəzi ərzaq məhsulları koronavirusun fəsadlarını azaldır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu  “Sağlam qida” Elmi Tədqiqat Mərkəzinin rəhbəri professor Oleq Medvedev bildirib.

Ekspert Kolumbiya Universitetinin alimlərinin tədqiqatını şərh edib. Tədqiqatçılar müxtəlif ölkələrdən olan yoluxmuş 568 nəfərin xəstəliyini araşdırarkən aşkar ediblər ki, əsasən bitki mənşəli qidalar qəbul edən, çox az ət yeyən insanlar xəstəliyi 73 faiz daha ağır keçiriblər.

“Elmi tədqiqatlar bitki rasionunun ümumi faydasını göstərir, indi isə məlumatlar var ki, bitki rasionu və ət əvəzinə balıq “COVID-19” zamanı ağırlaşma ehtimalını azaldır”, - deyə professor vurğulayıb.

Alimin sözlərinə görə, sellüloza sağlam mikrobiomu dəstəkləməyə, o isə öz növbəsində immuniteti gücləndirməyə kömək edir. Balıqdakı doymamış yağ turşuları və bitki yağları isə qan dövranı orqanlarının xəstəliklərinin profilaktikasında yardımçı olur və iltihabəleyhinə təsir göstərir.

Düzgün qidalanma istənilən halda infeksiyanın ağırlaşması hallarını azaldır, çünki, Medvedevin sözlərinə görə, məhz maddələr mübadiləsi pozulmuş insanlar koronavirusun fəsadlarından əziyyət çəkirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.