Azərbaycan polisinin obrazı. Bu obrazı hansı cizgilər səciyyələndirir?
Digər xəbərlər

Azərbaycan polisinin obrazı. Bu obrazı hansı cizgilər səciyyələndirir?

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanlarının yaradıldığı gün - 2 iyul ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Azərbaycan Polisi Günü elan edilib. Publisist Səyyad Ağbabalı AZƏRTAC-a təqdim etdiyi yazıda 103 yaşlı Azərbaycan polisinin tarixinin müxtəlif dönəmlərində formalaşan obrazı ilə bağlı bəzi qənaətlərini bölüşür.

Azərbaycan hansı tarixi mərhələlərdən, dolanbaclardan keçib, hansı təlatümlü və fırtınalı zamanları yaşayıb, yaxud hansı uğurlara imza atıbsa, polis də eyni taleyi yaşayıb. Cəmiyyətlə birlikdə həmahəng nəfəs alaraq, onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament qarşısında hesabatçı olan DİN-ə təxminən 20 ay ərzində, qısa zaman kəsikləri ilə 6 nəfər rəhbərlik edib. O, demokratiyanın ab-havasını “ciyərlərini tam çəkməmiş” Xalq Cümhuriyyəti ilə birlikdə sovet-bolşevik rejimi tərəfindən məhv edilib. Cümhuriyyət dövrünün polis obrazında bolşevik-daşnak cinayətkar qruplarına qarşı, xüsusilə Bakı, Zəngəzur, Şuşa, Gəncə bölgələrində Azərbaycan ordusu ilə çiyin-çiyinə şərəflə mübarizə aparmaq xətti daha qabarıq görünür.

Zəngin təbii sərvətlərinə, geostrateji mövqeyinə görə Azərbaycan sovet rəhbərliyi üçün xüsusi maraq kəsb edirdi. Ona görə də sovet-bolşevik rejimi qurulduqdan sonra xeyli müddət ölkəmizə qeyri millətin  nümayəndələrinin, o cümlədən də  qatı daşnak erməni Mirzoyanın (1926-1929-cu illər) rəhbərlik etməsi çox ağır nəticələr verib. Hüquq-mühafizə orqanlarına, o cümlədən də Azərbaycan polisinin rəhbər heyətinə daraşmış bolşevik-daşnak cinayətkarlar vasitəsi ilə DİN və onun strukturları tamamilə deqradasiyaya uğradılıb. Azərbaycan xalqının düşmənləri fürsətdən yararlanmaqla, sovet rejiminin mahiyyətindən çıxış edərək açıq formada düşmənçilik fəaliyyətlərini davam etdiriblər. Azərbaycan polisi də, digər hüquq-mühafizə orqanları ilə yanaşı, sovet repressiya maşının hərəkətverici qüvvələrindən biri kimi sinfi mübarizəyə cəlb edilib. Sovet-bolşevik rejiminin özünün düzüb qoşduğu və “xalq düşmənləri” adlandırdığı xalqın görkəmli nümayəndələrinə, ziyalılarına, elm və din xadimlərinə qarşı xalqın övladlarını qabağa veriblər. 1920-1940-cı illərdə Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə 500-ə yaxın əməkdaşını itirib. 1937-1939-cu illərdə isə polisin yalnız rəhbər heyətindən 320 nəfər repressiyaya məruz qalıb. Həmin zamanlarda Azərbaycan polisinə zorən həm repressiyalarda iştirak edən, həm də özü repressiyaya məruz qalan bir obraz qazandırılıb. Ümummilli lider Heydər Əliyev  Azərbaycan polisinin 80 illik yubileyində çıxış edərkən həmin tarixi dövrü belə səciyyələndirib: “Ötən dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli qara səhifələri də var. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqın tarixinin səhifələridir. Daxili işlər orqanlarında nə qədər mənfi hallar olmuşdusa da, bu orqanda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, vətənə, xalqa sədaqətini daim saxlamışdır”.

1969-cu ilin iyulunda Böyük Öndərin Azərbaycana rəhbər seçilməsi ilə ölkə həyatının bütün sahələri köklü islahatlar başlandı. Həmin illərdə Sovetlər Birliyi tərəfindən respublikamıza qarşı ayrı-seçkilik siyasəti yürüdülsə də, Ümummilli Lider Azərbaycanın gələcəyi üçün ən qlobal problemləri məharətlə həll edə bildi. Ölkənin strateji maraqları naminə çox ciddi addımlar atıldı. “Ədalətsizliyi ədalətsizliklə aradan qaldırmaq olmaz” prinsipini bəyan edən ölkə rəhbəri Heydər Əliyev  DİN rəhbərliyində yaranmış dözülməz vəziyyəti aradan qaldırmaq üçün radikal tədbirlər həyata keçirdi. Cinayətkarlığa qarşı səmərəli mübarizəni gücləndirmək üçün daxili işlər orqanlarında kadrların seçilib yerləşdirilməsi və tərbiyə olunması işini dahi rəhbər öz üzərinə götürdü. Bununla da polisin obrazına vurulmuş qara ləkələr aktiv şəkildə təmizlənməyə başladı.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü bütün ölkə, o cümlədən daxili işlər orqanları üçün də ağır bir imtahan dövrü oldu. Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdığı ilk gündən Azərbaycan polisi SSRİ rəhbərliyi tərəfindən dəstəklənən erməni-daşnak-separatçı qüvvələrə qarşı mübarizənin ön cərgəsində dayandı. Xalqın ümid və pənah yeri polis oldu. 1991-ci ildə keçirilən uğurlu Çaykənd əməliyyatı Azərbaycan polisinin Xüsusi Təyinatlılarının adını tarixə yazdı. Birinci Qarabağ müharibəsində polisimiz öz sıralarından 500 nəfərdən çox şəhid verdi. Onun 5000-ə yaxın əməkdaşı yaralandı, 65 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Həmin illər polisin obrazında igidlik, vətənsevərlik, qorxmazlıq kimi cizgilərlə yadda qaldı.

Azərbaycan öz müstəqilliyini bərpa edəndən Ulu Öndərin hakimiyyətə qayıdışına qədər olan dövr daxili işlər orqanlarının fəaliyyətinin tamamilə siyasiləşdirilməsi və konyuktur maraqlara tabe etdirilməsi ilə səciyyələnir. Həmin illərdə qanunsuz silahlı birləşmələr meydan sulayır, cinayətkarlıq, xüsusən mütəşəkkil cinayətkarlıq özünün apogeyinə çatırdı. DİN və onun strukturları demək olar ki, iflic edilmişdi. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edib: “Əfsuslar olsun ki, müstəqillik bərpa olunduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri, Daxili İşlər Nazirliyinin rəhbərləri idilər”.

Ümummilli Liderin hakimiyyətə qayıdışı  ölkənin müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. O, yaxşı bilirdi ki, respublikada möhkəm ictimai-siyasi sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Bu məsələnin həllində isə daxili işlər orqanlarının rolu əvəzolunmazdır. Liderin birbaşa rəhbərliyi ilə DİN və onun strukturlarında aparılan köklü islahatlar polisin yeni obrazını yaratdı. “Qorxu və xof orqanı” kimi yaramaz adı üstündən atan Azərbaycan polisi demokratik dövlət quruculuğu prinsiplərinə uyğun bilik və bacarıq potensialı əldə etdi. Dünya təcrübəsindən də bəhrələnərək mütəşəkkil bir quruma çevrildi. O, XXI əsrin polisi adını ləyaqətlə daşımağa başladı. Konstitusiya və qanunlarla üzərinə qoyulan vəzifələri yerinə yetirməklə ölkədə dayanıqlı sabitliyin və təhlükəsizliyin əsas təminatçısına çevrildi. Azərbaycan polisinə yaraşan da elə bu idi.

Zaman dəyişir. Dəyişən zaman yeni çağırışlar diktə edir ki, onlara vaxtında ölçülü-biçili siyasət və əməli fəaliyyətlə cavab vermədən gələcəyə inamla addımlamaq olmaz. Məhz buna görə də 2003-cü ildə cənab İlham Əliyev hakimiyyətə gəlişi ilə dövlətçiliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı qorunması, sabitliyin tam bərqərar olması istiqamətində ölkə həyatının bütün sahələrini əhatə edən islahatların ikinci mərhələsinə start verdi. Dövlət başçısının fəaliyyət prinsipi belə oldu: yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə bütün məsələləri, o cümlədən də ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etmək olar. Təkcə ölkə vətəndaşları deyil, bütün dünya Azərbaycana rəhbərliyin İlham Əliyev modelinin nəyə qadir olduğunu tam aydınlığı ilə gördü. 44 gün davam edən İkinci Qarabağ müharibəsində ölkəmizin parlaq qələbəsi 30 illik məğlubiyyətin acısını unutdurdu. “Qalib sərkərdə”, “qalib xalq”, “qalib əsgər” ifadələri hər azərbaycanlının sinəsini qürurla doldurdu - bütün ağrılara və acılara, Vətən yolunda verilən şəhidlərə, ağır xəsarətlər almış qazilərimizin acılarına baxmayaraq.

Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. Bu qoşunlar öz sıralarından 66 şəhid vermiş, 346 əməkdaş isə yaralanmış və əlil olmuşdur. İkinci Qarabağ savaşında Daxili Qoşunlar da daxil olmaqla, DİN və onun strukturlarının xeyli sayda əməkdaşı göstərdikləri rəşadətə və qəhrəmanlığa görə orden və medallarla təltif olunmuşlar. Biz sizlərlə birlikdə indi daxili işlər orqanları əməkdaşlarının yeni obrazını, bu obrazda əvvəllər təsəvvürümüzə gətirə bilmədiyimiz yeni cizgiləri görürük. Bu cizgilərdə “Vətən oğlu”- ifadəsi aydınca görünür və oxunur. Ona görə də hər bir vicdanlı Azərbaycan vətəndaşı “mənim polisim” müraciətini sevə-sevə və qürurla səsləndirir.

Yəqin ki, çoxlarınız Daxili Qoşunların əsgər və zabitlərinin cəbhədə şəhid olan silahdaşlarının dünyaya yeni gələn körpələrinin xəstəxanalardan çıxarılması mərasimini müşahidə etmiş, yaxud həmin mərasimin iştirakçısı olmusunuz. Azərbaycan bayrağına bələnmiş körpəni öz övladı kimi köksünə sıxaraq onun atasının döyüş yolundan, qəhrəmanlığından danışan zabitin kövrək, lakin qürurverici çıxışını da dinləmisiniz. Polis əməkdaşlarının müşayiəti ilə doğma ocağına qədəm qoyan körpənin arxasında dövlətin dayandığı açıq-aşkar görünür və hiss olunur. Azərbaycan polisi də hər bir şəhid övladının bir addımlığında boy göstərir, qazilərin səfində yer alır. Budur müasir Azərbaycan polisinin obrazını bəzəyən portret cizgiləri.

İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən, cəmiyyətə açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən bir struktur görürük. Bu struktur həm də Avropa polis məkanına daxil olan, onun təcrübəsindən bəhrələnən və öz təcrübəsini də bölüşən böyük bir gücdür. Azərbaycan polisi öz işini vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların tam təmin olunması istiqamətində ümumdövlət vəzifələrinin həyata keçirilməsi əsasları üzərində qurur. Lakin bir çox hallarda Azərbaycan polisinin belə fəaliyyəti ikili standartlar müəlliflərinin, respublikamızın inkişafını, müstəqilliyini və suverenliyini gözü götürməyənlərin, təcavüzkarla təcavüzə məruz qalanın yerini bilərəkdən səhv salanların, həm də daxildəki səbatsız ünsürlərin xoşuna gəlmir. Günəş kimi görünən odur ki, Azərbaycan polisinin obrazına “demokratiya püskürməkdən bıqmış və boğulmuş” ölkələrin polislərinin rezin güllələrlə göz çıxarmaq, dəyənəklərlə qol-qıç sındırmaq, çəkməsini qırtlağa basıb insanları boğmaq, dərisinin rənginə və dini mənsubiyyətinə görə cəza müəyyənləşdirmək kimi yaramazdan-yaramaz olan cizgilər tamamilə yaddır.

Azərbaycan polisi öz fəaliyyətini kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Azərbaycan Konstitusiyası və qanunları əsasında, onun fəaliyyətini nizamlayan normativ aktlarla həyata keçirir. Azərbaycan dövlətinə və dövlətçiliyinə,  milli maraqlara xidmət edir. Ölkəmizin demokratik və bəşəri dəyərlərə söykənərək inkişafını təmin edən Müzəffər Ali Baş Komandanının müəyyənləşdirdiyi dövlətçilik xəttinə sədaqət nümunəsi göstərir.

DİN və onun strukturları da, obrazlı dillə desək, “şəffaf evdə yaşayır, işləyir və daim müşahidə olunurlar”. Şəksiz, daxili işlər orqanları hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, qanunlardan çıxış edir. Lakin onlar qərar qəbul edərkən, sosial kontekstə əhəmiyyət verməyə bilməzlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasında hər zaman bir balans olmalıdır. Azərbaycan polisi öz obrazında bu balansı qarşılıqlı etibar, səmimiyyət, qanunlara hörmət və humanizm prinsipləri əsasında qoruyub saxladığını aydın cizgilərlə göstərir. Onun obrazına cinayətkarlığa qarşı barışmaz mübarizə aparmaqla humanizm prinsiplərini görünən formada nümayiş etdirmək, hərbi anda sadiq olmaq, vətəndaş məmnunluğu üçün şəffaf formada fəaliyyət göstərmək cizgiləri xarakterikdir.

Mən iddia etmirəm ki, Azərbaycan polisinin fəaliyyəti nöqsansızdır və işlər yağ kimi gedir. Bəli, nöqsanlar var və olacaq. Fakt odur ki, mövcud nöqsanları operativ və görünən formada aradan qaldırmaq üçün DİN rəhbərliyi ən təsirli tədbirlər görür. Bu sahədə özünü tənzimləmə mexanizmi daim işlək və saz vəziyyətdə saxlanılır. Daxili işlər orqanları canlı bir orqanizmdir. Bu orqanizmin bəzi orqanlarına zaman-zaman “virus və bakteriyalar”ın düşməsi qaçılmazdır. Əsas olan onları vaxtında aşkar edib zərərsizləşdirməkdir ki, bu da edilir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması daxili işlər orqanlarının qarşısında bir çox yeni vəzifələr müəyyənləşdirir. DİN və onun strukturları bütün bu vəzifələri ona görə mükəmməl formada yerinə yetirə bilir ki, nazirliyin rəhbərliyi peşəkardır, bu strukturun fəaliyyəti “gənclərin qətiyyəti və novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsi” prinsipi əsasında qurulur. Vəzifələr dəqiq müəyyənləşdirilir, onların yerinə yetirilməsi üçün sədaqətli xidmət göstərilir.

Təbii, bugünkü sabitliyin, inkişafın, gələcəyə inamın təməlində Prezident İlham Əliyevin yürütdüyü siyasət durur. Eyni zamanda, bu siyasətin reallaşmasında xüsusi xidmətləri olan polis orqanlarının fəaliyyətini də gözardı etmək olmaz. Ali Baş Komandan deyir: “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis orqanları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Mən görülmüş işləri yüksək qiymətləndirirəm. Polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.

İndi Azərbaycan qatarı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha gözəl gələcəyə doğru istiqamət götürüb. Şübhəsiz, bu qatarın mənzil başına sağ-salamat çatması, təhlükəsizliyinin tam təmin olunması üçün Azərbaycan polisi onu fədakar və şərəfli xidmətlə, adına yaraşan formada müşayiət edəcəkdir.

103 yaşın mübarək, Azərbaycan Polisi!

AZƏRTAC