Poçt sistemi modernləşir, xidmət keyfiyyətini və etibarlılığını artırır
Digər xəbərlər

Poçt sistemi modernləşir, xidmət keyfiyyətini və etibarlılığını artırır

Ümumdünya Poçt İttifaqının (ÜPİ-in) yaranmasının 147 illiyi tamam olur. İttifaq 1874-cü ilin 9 oktyabrında İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd - Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə Ümumdünya Poçt İttifaqı üzvlüyünə qəbul edilib və həmin tarixdən bu gün Azərbaycanda Ümumdünya Poçt Günü kimi qeyd olunur.

Son 15 ildə ölkəmiz ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak etmiş və hazırda da bu qurumla sıx əməkdaşlığını davam etdirməkdədir. Ölkəmiz bu təşkilatın ali orqanlarına-Administrativ Şuraya (2004-2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-2016-cı illər) seçilib. ÜPİ-nin sonuncu Konqresi Türkiyənin İstanbul şəhərində baş tutmuşdur. Konqresin son günü ÜPİ üçün əsas yol xəritəsi hesab edilən Ümumdünya Poçt Strategiyası imzalanmış, 2017-2020-ci illər üçün nəzərdə tutulmuş yeni sənəd İstanbul Poçt Strategiyası kimi təsdiqlənmişdir.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra 1993-cü il aprel ayının 1-də Ümumdünya Poçt İttifaqı üzvlüyünə daxil olmuş, o, həmçinin Buxarest Konqresi tərəfindən ÜPİ-nin Administrasiyası Şurasının üzvü seçilmişdir. ÜPİ-nin ən ali orqanı hər 4 ildə bir dəfə keçirilən Konqresidir. Konqreslərarası müddətdə bu təşkilatın fəaliyyətini ÜPİ-nin Beynəlxalq Bürosu, Administrativ Şura və Poçt Əməliyyatları Şurası təmin edir. Administrativ Şura ildə 2 dəfə keçirilən ÜPİ-nin sessiyalarında bu orqana seçilmiş üzv ölkələrin, həmçinin müşahidəçilərin və dəvət olunmuş digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə iclaslarını keçirir. Bu sessiyalarda Ümumdünya Poçt Şəbəkəsində mövcud olan problemlərin həlli yolları, poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün verilmiş təkliflər və digər iqtisadi və siyasi məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunur.

Qeyd olunduğu kimi, Administrativ Şuraya üzvlər Konqresdə qapalı səsvermə yolu ilə 4 il müddətinə-növbəti konqresə kimi seçilir. Hazırda bu Şuranın 44 üzvü var. ÜPİ-nin Konqresləri Seul (1994), Pekin (1999), Buxarest (2004), Cenevrə (2008), Doha (2012) və İstanbulda (2016) baş tutmuşdur. Ölkəmiz bu konqreslərdə fəal iştirak etmiş, təşkilatın bir sıra ali orqanlarına, o cümlədən Administrativ Şuraya üzv seçilmişdir. Belə ki, Ümumdünya Poçt İttifaqının Administrativ Şurasına, Poçt Əməliyyatları Şurasına və həmçinin bununla yanaşı, ölkəmizin milli poçt operatoru olan “Azərpoçt” MMC ÜPİ-nin Telematik Kooperativi və EMS (sürətli poçt) Kooperativinə üzvlüyə qəbul olunmuşdur. ÜPİ-nin vacib orqanlarından biri də Xidmət Keyfiyyəti Fondu (QSF-Quality of Service Fond) adlanır. Azərbaycan ÜPİ-nin 2012-ci il fevral ayında keçirilmiş sessiyasında rəqabətlilik şəraitində QSF Şurasının 3 illik dövr üzrə üzvü seçilmişdir. Bundan sonra da 2015 və 2018-ci illərdə də müvafiq olaraq 3 illik dövr üzrə Xidmət Keyfiyyəti Fondu üzvlüyünə təkrarən seçilmişdir. Ümumdünya Poçt İttifaqının QSF hesabına mailiyyələşdirməklə poçtun daşınması məqsədilə bu dövrə qədər 32 ədəd yük avtomobili, 40 ədəd moped, 25 ədəd 3 təkərli velosiped alınmış və ölkəmizin poçt şəbəkəsində istismara verilmişdir. Həmin fondun vəsaiti hesabına həmçinin, yüzlərlə barkod skanerləri, kompüterlər, printerlər alınıb “Azərpoçt” MMC-yə istifadəyə verilmişdir.

Hazırda ÜPİ-nin Administrativ Şurasında üzvlüyə görə Azərbaycan poçtunun üzərinə bir çox öhdəliklər düşür. Bu öhdəliklərin yerinə yetirilməsi üçün poçt mütəxəssislərindən ibarət nümayəndə heyəti mütəmadi olaraq ÜPİ-nin komissiyalarının toplantılarına ezam olunurlar. “Azərpoçt” MMC beynəlxalq poçt bağlamalarına dair beynəlxalq müştəri xidmətləri (internetlə elektron sorğu) sistemi vasitəsilə hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir. Beynəlxalq sifarişli poçt göndərişləri ilə bağlı dünyanın 126 ölkəsinin poçt operatoru ilə birgə əməliyyatlar həyata keçirir. “Azərpoçt” MMC hazırda beynəlxalq poçt bağlamaları üzrə əməkdaşlıq etdiyi bütün ölkələrlə, sifarişli göndərişlər üzrə isə mövcud imkanlar daxilində və ikitərəfli razılaşma əsasında 35 ölkənin təyin olunmuş poçt operatoru ilə izləməni təmin edib. “Azərpoçt” MMC-nin Ümumdünya Poçt İttifaqı ilə səmərəli , çoxtərəfli fəaliyyətinin nəticəsi olaraq 2013-cü ildə keyfiyyətin idarə edilməsi üzrə ÜPİ-nin qızıl səviyyəli Sertifikatına, 2015-ci ildə s42 ünvanlama sertifikatına və 2018-ci ildə isə həmin təşkilatın Xidmət Keyfiyyəti Fondunun (XKF) Qəyyumlar Şurasının qərarı ilə “Ən yaxşı Menecment” Sertifikatına layiq görülüb. Azərbaycan poçtu sürətli poçt xidməti (EMS) üzrə də beynəlxalq sahədə uğurlu nəticələr əldə edib. Bu xidməti həyata keçirən “Azərpoçt” MMC-nin filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi göstərdiyi xidmətin səviyyəsini daim yüksəltmişdir.

Hazırda müəssisə yüksək keyfiyyətli xidmətləri ilə nəinki ölkəmizdə, eyni zamanda beynəlxalq aləmdə də tanınmışdır. Müəssisə son illərdəki səmərəli fəaliyyətinə görə beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Belə ki, hər il Ümumdünya Poçt İttifaqının EMS kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunları ilə bağlı nəticələr əldə edilir və sertifikatlar təqdim olunur. “Azərekspresspoçt” Rabitə Müəssisəsi 2002-ci ilin yekunlarına görə bürünc, 2003-2004-cü ilin yekunlarına görə iki il gümüş, 2005-2015-ci illər, doqquz il qızıl səviyyəli sertifikatlara, 2013-2017-ci illərdə 2 dəfə ilin yekunlarına görə “Müştəriyə Qayğı” sertifikatına layiq görülüb.

BMT-nin ixtisaslaşmış təşkilatlarından olan Ümumdünya Poçt İttifaqı son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib. Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və digər səbəbdən zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir. Azərbaycan Poçtu bu gün dünyanın ən qabaqcıl poçt administrasiyalarından birinə çevrilib. “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqi nəticəsində Azərbaycan Poçtu poçt-maliyyə xidmətlərinin göstərilməsində rəqabətədavamlı qurumlardan biridir. Hazırda vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Bu gün “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, qeyri-ənənəvi, bank-maliyyə, aviabilet satışı, turizm xidmətləri, sürətli pul köçürmələri, Dövlət İpoteka Fondu üzrə ödənişlər və digər xidmətlər də həyata keçirilir. Onu da qeyd edək ki, bu layihənin tətbiqinə 2017-ci il fevral ayının 10-dan başlanılıb və hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.

Bu gün Azərbaycan poçtunun inkişafı, xidmət çeşidlərinin artırılması, müasir dünya tələblərinə cavab verməsi Ümumdünya Poçt İttifaqına inteqrasiya, faydalı əməkdaşlıq sayəsində mümkün olmuşdur və əlaqələr bu gün də uğurla davam etdirilir. Hazırda bu ilin avqust ayında keçirilməsi nəzərdə tutulan ÜPİ-nin 27-ci Konqresində iştirak etmək üçün hazırlıq işləri görülür.

Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, uğurlu siyasət nəticəsində respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və Azərbaycanın iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün Regional Tranzit Poçt Mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində layihə həyata keçirilir. Görülən işlər, Ümumdünya Poçt İttifaqı və onun qurumları ilə sıx əməkdaşlıq və əldə olunan uğurlu nəticələr deməyə əsas verir ki, ölkənin poçt sahəsi bundan sonra da sürətlə inkişaf edib daha da modernləşəcək, ÜPİ-ə üzv ölkələr arasında öz layiqli mövqeyini qoruyub saxlayacaqdır.

Əli SADIQOV,

“Respublika”.