Azərbaycanda biomüxtəlifliyin qorunması ekoloji siyasətimizin ana xəttidir
Ekologiya

Azərbaycanda biomüxtəlifliyin qorunması ekoloji siyasətimizin ana xəttidir

Azərbaycan flora və faunasının müxtəlifliyinə görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Bütün Qafqazda olan bitki növlərinin 66 faizi burada bitir. Azərbaycan florasının 6 faizni endemik (yəni dünyanın heç bir yerində rast gəlinməyən) bitkilər təşkil edir ki, onların da növü 240-dan çoxdur. Bunlardan da bizə ən çox tanış, hətta əziz olanı Xarıbülbül, Xəzər zəfəranı və s. bitkilərdir.

Florasının zənginliyinə görə ölkəmiz Müqəddəs Yelena adası (florasının 85 fazini endemik bitkilərdir), Baykal gölü (bitki aləminin 75 faizi endemikdir) və s. ilə müqayisə edilə bilər.

“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli Sərəncamı var.

Azərbaycan hökuməti biomüxtəlifliyi qorumaq üçün düzgün ekoloji siyasət yeridir. Biz hökumətimizin bununla bağlı həyata keçirdiyi, yaratdığı, qoruduğu bəzi milli parklardan qısa söhbət açmaq istəyirik.

Samur-Yalama Milli Parkı Xaçmaz rayonunun inzibati ərazisində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Sahəsi 11772,45 hektardır.

Zəngin flora və faunaya malikdir. İtburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və b. dərman bitkiləri var. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmənliklər və meşələr geniş yayılıb.

Çöl donuzu, yenot, qırqovul, kəklik və b. quşlar yaşayır. Sahil suları balıqla zəngindir. Termal və mineral su bulaqları var.

Burada ovçuluq və balıqçılıq üçün yaxşı şərait mövcuddur. Ərazidə ovçular cəmiyyəti də fəaliyyət göstərir.

Qızılağac Dövlət Qoruğu 1929-cu ildən fəaliyyət göstərir. Xəzər dənizinin sahilində köçəri, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır.

Sahəsinə görə Azərbaycanın ən böyük qoruğudur -ilkin sahəsi 180 min hektar olub. Quşlar aləmi burada son dərəcə dinamikdir. 300 növdən çox quş, 50 növdən artıq balığa rast gəlinir.

Keçmiş SSRİ dönəmində (1976) YUNESKO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyaya daxil edilmişdir.

Qızılağac və Kiçik Qızılağac körfəzləri var, onların 50 faizi su akvatoriyasıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri siyahısına daxil edilmişdir.

Kür-Araz və Lənkəran ovalıqlarında yerləşir. Qoruğun şimal hissəsində mülayim və mülayim-isti iqlim, cənub hissəsində isə mülayim quru və yay iqlimi müşahidə olunur.

Zaqatala Dövlət Təbiət Qoruğu 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonları ərazisində yaradılıb. Baş Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir, sahəsi yaradılanda 25,2 hektar olub. Dəniz səviyyəsindən 650 metrdən başlayaraq 3646 metrədək (həmin metrlər arasında) dəyişir.

Zəngin floraya malikdir. Onun ərazisi dəfələrlə dəyişdirilmiş, böyüdülmüş, hazırkı ərazisi 28 844 hektardır. Qoruqda 900-dən artıq bitki növü var ki, bu, Azərbaycan florasının altıda -birini təşkil edir. Ərazinin 60 faizindən çoxu enliyarpaqlı meşələrdir. Yaşı 200-250 il olan, hündürlüyü 30 metrə çatan fıstıq ağacları var. Qoruqdakı bitki növlərindən 12-si, heyvanlardan vaşaq, kəpkər, quşlardan qırğı, bərqud, Qafqaz tatrası, Qafqaz şahini və s. Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib.

Qoruğun ərazisindən 3 bolsulu çay axır. Onun ərazisinin daha da genişləndirilərək biosfer dövlət qoruğunun yaradılması günün aktual vəzifəsinə çevrilmişdir.

Nəriman CAVADOV,

“Respublika”.