Azərbaycanda özünüməşğulluq proqramı mütərəqqi təcrübəyə əsaslanır
Sosial həyat

Azərbaycanda özünüməşğulluq proqramı mütərəqqi təcrübəyə əsaslanır

Sahibkarlıq subyektləri yaradılarkən çox zaman ailə üzvləri biznesə cəlb edilir. Bu baxımdan ailə təsərrüfatları dünyada ən qədim və çox yayılan biznes forması hesab edilir. Avropa ölkələrində təsərrüfatların 70 faizdən çoxunu, Böyük Britaniyada 75 faizini, ABŞ-da 90 faizini, Avropa İttifaqı ölkələrində 85 faizini ailə təsərrüfatları təşkil edir. Rusiyada da ailə təsərrüfatları inkişaf etməkdədir.

Ailə təsərrüfatlarının inkişafı üçün Azərbaycanda böyük potensial var. Bu, təkcə, istehsal sahələrinin genişliyi və əlçatan olması ilə deyil, həm də psixoloji amillərlə bağlıdır. İqtisadçılar vurğulayır ki, dövlət də ailə təsərrüfatlarının inkişafında maraqlıdır. Bu səbəbdən onun inkişafı üçün müvafiq qanunvericilik aktlarının qəbulunda gecikmir, çünki biznesin bu qolunun genişlənməsi əlavə xərc çəkmədən əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır. Bürokratik qapıları döymədən evində, yaxud şəxsi mülkiyyətində olan torpağında işləyib yaşayış üçün vəsait əldə etmək isə hamıya xoşdur. İndi “ASAN xidmət” şəbəkəsi də ailə təsərrüfatlarının inkişafına qoşulub və bütün rəsmi sənədlərin tərtibi bu qurumda həyata keçirilməklə əhalinin işi asanlaşdırılır. Hazırda ölkədə ictimai-iaşə və ticarət, habelə yeyinti sənayesi sahəsində ailə təsərrüfatları geniş yayılıb. Ancaq kənd təsərrüfatı sahəsində ailə təsərrüfatlarının genişləndirilməsi daha çox diqqət mərkəzindədir.

Azərbaycan Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramı hazırda ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailərə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və ya digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərtilə) dəstək göstərir. Təqdim etdiyi biznes-plana uyğun olaraq xidmət avadanlıqları ilə təmin edilir. Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişafını və ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir...

Özünüməşğulluq proqramının əsas tərkib hissələrindən biri ünvanlı sosial yardımın mərhələli şəkildə dəyişdirilməsi və birbaşa iş yerlərinin yaradılmasına hesablanıb. Bu, ünvanlı sosial yardımın  dayandırılması anlamına gəlmir, sadəcə, prosesin düzgün qurulmasına ehtiyac var ki, ünvanlı sosial yardım alan vətəndaşlarımız bu proqramdan faydalana bilsinlər. Proqram imkan verir ki, büdcədən asılılıq aradan qaldırılsın, vətəndaş büdcə vəsaiti hesabına özünə iş qura bilsin.

Nəticədə həm sahibkarların sayı artır, həm də ünvanlı sosial yardım alan, yoxsulluq həddində yaşayan vətəndaşların sahibkara çevrilməsinə şərait yaranır. Vətəndaş sahibkar olaraq özünü təmin etməklə, həm də yeni iş yerlərinin yaradılmasına səbəb olur. Ona görə də özünüməşğulluq proqramı çərçivəsində yoxsulluq həddində yaşayan və ünvanlı sosial yardım alan vətəndaşların sahibkarlıq təsərrüfatlarının dəstəklənməsi olduqca vacibdir. Mütəxəssislər hesab edir ki, özünüməşğulluq proqramının işlək hala gəlməsi üçün ilkin mərhələdə bir vətəndaşa 5 min  manat vəsaitin təqdim edilməsi nəzərdə tutulsa da, gələcəkdə məbləğin 10 min manatadək artırılması mümkündür. Daha çox sosial yardım alan vətəndaşımızın prosesə cəlb edilməsilə proqram daha səmərəli inkişaf edəcəkdir: “Sosial sahədə bir önəmli təşəbbüs də özünüməşğulluq proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır” - deyən dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” fərmanının həyata keçirilməsi ilə aztəminatlı ailələrin həyat tərzinin yaxşılaşmasına yönələn layihəyə maraq artdı. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin gəlirlərinin artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

Dünya praktikasında özünü doğruldan və uğurla nəticələnən bu layihənin Dünya Bankı tərəfindən dəstəklənməsi proqramın əhəmiyyətini daha da artırır. 2019-cu ildə bu proqrama 10 min 354   vətəndaş maraq göstərmiş, 8 min 500 nəfər isə öz aktivlərini ala  bilmişdir.

“Özünüməşğulluq proqramı ilə bağlı bizim təşəbbüsümüzlə Dünya Bankı da bu proqrama dəvət olundu. Burada əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən istifadə etmək deyil. Halbuki bu da önəmlidir. Əsas məsələ onların təcrübəsindən yararlanmaqdır. Çünki Dünya Bankı bir çox ölkələrdə oxşar proqramları icra edib və onların bu sahədə böyük təcrübəsi var. Ona görə imzalanacaq sazişə də böyük əhəmiyyət veririk. Əminəm ki, saziş imzalanandan sonra Dünya Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq çərçivələrimiz də müəyyən ediləcək” deyən Prezident bu cür sosial layihələrin əhatəsinin genişləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur. Əsasən Ailə Biznesinə ASAN Dəstək (ABAD) proqramı çərçivəsində  tətbiq olunan özünüməşğulluq proqramı xüsusilə regionlarda yaşayan əhalinin ailə büdcəsinin  yaxşılaşdırılmasına, unudulmaqda olan xalq sənətkarlığının qorunmasına və təbliğinə geniş imkanlar yaradır. Görülən  işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Beynəlxalq Sosial Təminat Agentliyi ilə aparılan müzakirələr zamanı ölkəmizdə Avropa Sosial Forumu keçirildi. Avropa İttifaqının bütün sosial təminat və pensiya fondları rəhbərlərinin iştirak etdikləri Forumda Azərbaycanda həyata keçirilən özünüməşğulluq, ünvanlı sosial yardım layihələri, əlillik və qeyri-formal məşğulluqla mübarizə proqramları dəstəkləndi.

Dövlət başçısının imzaladığı, “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Özünüməşğulluq proqramı beynəlxalq təcrübədə bir çox ölkələrdə tətbiq edilir və Azərbaycan da ən qabaqcıl təcrübələrin tətbiqi baxımından proqramın davamlı olaraq inkişaf etdirilməsini təmin edir. Hər bir ölkənin milli prioritetlərinə əsasən özünüməşğulluq proqramının tətbiq sahələri fərqlənir. Azərbaycanda həyata keçirilən özünüməşğulluq proqramı digər ölkələrlə müqayisədə uğurlu layihələrdəndir. Bunun əsas səbəblərindən biri də dövlət dəstəyinin və özünüməşğulluq proqramının davamlı maliyyə  dayanıqlığının olmasıdır. Həmçinin proqram istehsal, emal, xidmət və kənd təsərrüfatı olmaqla geniş sahələri əhatə etməkdədir. Buna əsasən demək olar ki, respublikamızda özünüməşğulluq proqramının əhatə dairəsi getdikcə genişlənərək daha da inkişaf edəcəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.