Ölkəmizin BMT QAK-la faydalı münasibətləri bundan sonra da davam edəcək
SİYASƏT

Ölkəmizin BMT QAK-la faydalı münasibətləri bundan sonra da davam edəcək

Respublikamız bu qurumun İcraiyyə Komitəsinin üzvü kimi öz təcrübəsi ilə qaçqın və məcburi köçkünlərin qlobal problemlərinin həllinə töhfələr verir

Dünyada müharibə, təqib və zorakılıq səbəbindən doğma yurdundan, ev-eşiyindən didərgin salınan insanların sayının indiyədək görünməmiş bir həddə - 82,4 milyona yaxınlaşdığı vaxtda Azərbaycan son otuz ildə məcburi köçkünlük məhrumiyyəti yaşayan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə qaytarılmasına hazırlaşır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik qüdrəti sayəsində rəşadətli ordumuzun Ermənistanın işğalçı hərbi qüvvələrini ağır məğlubiyyətə uğradıb, tarixi torpaqlarımızdan qovması nəticəsində yüz minlərlə azərbaycanlının yurd həsrətinə son qoyulub.

Beynəlxalq prinsiplərə uyğun olaraq, məcburi köçkünlərin təhlükəsizlik şəraitində, könüllü və ləyaqətlə daimi yaşayış yerlərinə qayıtması bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın 7-ci bəndinə əsasən, məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara geri qayıdışı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Ofisinin nəzarəti altında həyata keçiriləcək. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Azərbaycan hökuməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu müddəanın yerinə yetirilməsi ilə əlaqdar Ali Komissarlığın rəhbərliyi və ölkəmizdəki nümayəndəliyi ilə əlaqəli şəkildə fəaliyyətə başlayıblar. Bu yaxınlarda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin Rusiyanın paytaxtı Moskvaya işgüzar səfəri çərçivəsində də üçtərəfli Bəyanatda təsbit olunmuş məsələnin müzakirəsi olub.

Ölkəmizin BMT və onun təsisatları, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlıqla əlaqələri müstəqil dövlətçiliyimizin bərpasından sonra başlanıb və daim yüksələn xətlə inkişaf edib. Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində xalqımızın üzləşdiyi humanitar fəlakətin - qaçqınlıq və köçkünlük probleminin fəsadlarının aradan qaldırılmasına beynəlxalq təşkilatların fəal şəkildə cəlb edilməsi isə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra mümkün olub. Ümummilli liderin təşəbbüsü və çağırışı ilə ölkəmizin problemlərinə diqqət yetirən beynəlxalq təşkilatlar arasında BMT QAK-ın fəaliyyətini xüsusi qeyd etməyə dəyər. Bu nüfuzlu təşkilatın ölkəmizdəki nümayəndəliyi tərəfindən dəstəklənən və həyata keçirilən humanitar layihələr qaçqınların və məcburi köçkünlərin həyatına daim öz müsbət təsirini göstərib. Eyni zamanda, Azərbaycan hökumətinin ölkə daxilindəki bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli sahəsində gördüyü genişmiqyaslı işlər, bu məqsədlərə böyük maliyyə vəsaitləri ayırması BMT QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri tərəfindən də müsbət qiymətləndirilib. Azərbaycanın həmçinin qaçqınları himayə etməsi, onları ağır vəziyyətdən çıxarmaq üçün həll yolları axtarması, bu məsələdə maraqlı və qətiyyətli olması beynəlxalq səviyyədə rəğbətlə qarşılanıb. Ölkəmizin 1993-cü ildən tərəfdaş olduğu Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasının tələblərini və 1967-ci il Protokolu üzrə öhdəliklərini yerinə yetirməsi, qaçqınları və sığınacaq axtaran şəxsləri ərazisinə qəbul etməsi təqdirəlayiq hal kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirdiyi mükəmməl dövlət siyasəti, beynəlxalq humanitar təşkilatların fəaliyyəti üçün yaradılmış şərait Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinə üzv seçilməsi üçün mühüm amil olub. 26 aprel 2012-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasında səsvermə keçirilərək böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının BMT QAK-ın İcraiyyə Komitəsinə üzv seçilməsi barədə yekdil qərar qəbul edilib. O zaman Qaçqınlar üzrə Ali Komissar vəzifəsində BMT-nin hazırkı Baş katibi Antonio Quterreş çalışırdı. Onun Azərbaycan hökumətinə həmin əlamətdar hadisə ilə əlaqədar ünvanladığı təbrik məktubunda deyilirdi: “Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzvlük Azərbaycana öz təcrübəsi ilə qlobal qaçqın ehtiyacları barədə məlumatlılığın artırılması və onların qarşılanması istiqamətində konstruktiv töhfələr verməyə, dünyada olan qaçqın və məcburi köçkünlük problemlərinin aradan qaldırılmasına yönəlmiş proseslər barədə qərarların qəbulunda daha fəal iştirak etməyə imkan yaradacaqdır. Qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi ilə bağlı Azərbaycan hökumətinin artmaqda olan siyasi və iqtisadi qətiyyəti bu sahədə daha böyük müvəffəqiyyətlərin və nailiyyətlərin əldə olunacağına ümid etməyə əsas verir”.

BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü kimi ölkəmizin milyonlarla insanı əhatə edən qlobal problemin həlli istiqamətində gördüyü işlərin miqyası böyükdür. Təbii ki, otuz ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi nəticəsində yüz minlərlə məcburi köçkünün doğma yurda geri qayıtma imkanı qazanması özü qlobal problemi yüngülləşdirən hal kimi dəyərləndirilməlidir. Lakin yeni münaqişə ocaqları da meydana gəldikcə problem daha da kəskinləşir.

Hazırda Azərbaycanda, əsasən, Əfqanıstandan, Orta Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın digər ölkələrindən olan 1616 qaçqın var. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi ölkəmizdə yaşayan qaçqın və sığınacaq axtaran şəxslər üçün səhiyyə xidmətinə və qanuni əmək bazarına çıxışa icazə verildiyinə görə xalqımız və hökumətimizə razılıq bildirib. Bundan başqa, ölkəmizdə qaçqınların məşğulluğu və tibbi sığortaya çıxışları ilə bağlı qanunvericilikdə edilən uğurlu dəyişiklik də minnətdarlıqla qarşılanıb. Nümayəndəliyin Ümumdünya Qaçqınlar Günü münasibətilə bu yaxınlarda yaydığı açıqlamada deyilir: “Bütün dünyada zorla didərgin salınmanın artdığı bir zamanda qaçqınlar üçün həmrəylik, qayğıkeşlik və dəstək həmişəkindən daha vacibdir. Onlar himayədən və özlərini, ailələrini saxlamaq və onları qəbul edən icmanın bir hissəsi olmaq üçün layiqli yaşayış qurmaq imkanından artıq heç nə istəmirlər. Bu baxımdan, BMT QAK Azərbaycanda yaşayan qaçqın və sığınacaq axtaran şəxslər üçün hüquqi statusun təmin olunması, eləcə də, məcburi köçkünlər üçün təhlükəsiz və ləyaqətli qayıdış şəklində davamlı həll yoluna nail olmaq məqsədi ilə təşviqat işlərini davam etdirir”. Həmin açıqlamada BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Guido Ambroso ölkəmizdə yüz minlərlə məcburi köçkünün üç onillikdən sonra, nəhayət ki, öz torpaqlarına qayıtmaqla davamlı həllə nail olmaq imkanını qazanması münasibətilə xalqımızı təbrik edib.

Dünyada didərginlik kimi insan həyatına amansız təsir göstərən, onun gələcəyini qaranlıq bir istiqamətə yönəldən, taleyini dəyişən hal yoxdur. Biz bunu özümüz yaşamışıq - yüz minlərlə həmvətənimiz, soydaşımız yaşayıb. Amma dövlətimizin başçısının dəmir iradəsi və yumruğu, xalqımızın qəhrəman övladlarının qanı-canı bahasına bu bəladan qurtulduq, erməni faşizminin viran qoyduğu yurd yerlərimizə qayıdıb, o yerləri yenidən məskunlaşdırmaq, o yerlərdə yaşamaq və xoşbəxtliyə nail olmaq imkanı qazandıq. Təəssüf ki, dünyada bu xoşbəxtliyi yaşaya bilməyən hələ də milyonlarla insan var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məhz onların əzablarını, məhrumiyyətlərini yüngülləşdirmək üçün fəaliyyətdədir. Bu fəaliyyətə qüdrətli və qalib Azərbaycan daim öz töhfəsini verəcəkdir.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.