İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib
Elm və təhsil

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib

İyulun 6-da Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko, Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev, Təhsil naziri Emin Əmrullayev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.

Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib. Ali məktəbin tarixi və fəaliyyəti haqqında film nümayiş etdirilib. 

Universitetin Bakı filialının rektoru, professor Əziz Əliyev bu ali təhsil ocağının yaranma tarixi barədə məlumat verib. Vurğulanıb ki, filial 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı və Birinci vitse-prezident, Seçenov Universitetinin məzunu Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Rektor bildirib ki, gələcək həkimlərin praktiki vərdişlərinin yaxşılaşdırılması və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə filialın bazasında ən müasir yüksək texnoloji trenajorlar və kompüterləşdirilmiş manekenlərlə təchiz olunmuş Təlim-Simulyasiya Mərkəzi fəaliyyət göstərir.

Əziz Əliyev yüksək ixtisaslı həkimlərin hazırlanmasına daim hərtərəfli dəstək göstərilməsinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rektor deyib ki, filialın ilk məzunları olan 87 nəfərdən 15-i bu adlı-sanlı ali məktəbi fərqlənmə diplomu ilə bitirib, onlardan üçü isə medalla təltif edilib.

Məzunları təbrik edən Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko bu böyük humanitar layihənin həyata keçirilməsinə görə Prezident Vladimir Putinə və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Universitetin klinik bazasında, Seçenov Universitetinin Bakı filialının Təlim-Simulyasiya Mərkəzi ilə tanış olduğunu qeyd edən nazir bu ali məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirib. M.Muraşko Bakı filialında tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib ki, məzunların təqribən 20 faizi fərqlənmə diplomu alıblar. Nazirin sözlərinə görə, Rusiyanın ən yaxşı ali məktəblərindən birinin aparıcı mütəxəssisləri öz bilik və vərdişlərini azərbaycanlı tələbələrlə bölüşüblər. M.Muraşko deyib: “Bu, informasiya texnologiyaları ilə işləmək, tibbi yardım göstərmək sahəsində klassik vərdişlərə malik olan, təhlil etməyi və müstəqil öyrənməyi bacaran tibb işçisinin yeni formatıdır”.

Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev səhiyyə və tibb elmi sahələrində ölkələrimiz arasında əməkdaşlıq mövzusu üzərində ətraflı dayanıb. Qeyd edib ki, tibb sahəsində əməkdaşlıq pandemiya dövründə daha əyani şəkildə üzə çıxıb. Rusiya Azərbaycana diaqnostik testlər göndərib, 200 min doza “Sputnik V” vaksini verib. T.Musayev ali məktəbin məzunlarını və professor-müəllim heyətini təbrik edərək deyib: “Siz mürəkkəb pandemiya dövründə diplom alırsınız. Bu, çox məsuliyyətli, həm də şərəflidir”. O əmin olduğunu bildirib ki, bugünkü məzunlar Azərbaycan təbabətinin inkişafına töhfə verəcək və tanınmış həkimlər olacaqlar.

Təhsil naziri Emin Əmrullayev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Azərbaycanda fəaliyyət göstərən ilk xarici tibbi ali məktəb olduğunu qeyd edib. “Bu ali məktəb 6 illik fəaliyyəti dövründə Azərbaycanın təhsil sistemində layiqli yer tutub. Siz bu ali məktəbdə təhsil almaqla yüksək ixtisas qazanmışınız”, - deyən nazir məzunları təbrik edib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko bildirib ki, bu filialın açılması “Rusiya ilə Azərbaycan arasında tarixi əlaqələr, dövlətlərimizin rəhbərlərinin siyasi qətiyyəti, bu layihənin ideya ruhlandırıcısı - bizim ali məktəbin məzunu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində mümkün olub”.

P.Qlıboçko məzunlara müraciətlə deyib ki, onlar gözəl tədris sinifləri və Təlim-Simulyasiya Mərkəzi ilə təchiz olunmuş bu ali məktəbdə oxumalarına görə həmişə fəxr edəcəklər.

Tədbirdə məzunlar Hippokrat andı içiblər.

Sonda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına təntənəli şəraitdə diplomlar təqdim edilib.

AZƏRTAC