DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADIMIR PUTIN: TACIKISTANA LAZIMI DƏSTƏK VERILƏCƏK

Rusiya Əfqanıstanda vəziyyətin gərginləşməsi ilə bağlı Tacikistana yardım edəcək. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Tacikistan rəhbəri Emomali Rahmonla telefon danışığı zamanı bəyan edib.

“Vladimir Putin Tacikistana həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.

Eyni zamanda bildirilir ki, liderlər Rusiya-Tacikistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qarşılıqlı gücləndirilməsi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə vəziyyət gərgin olaraq qalır. Belə ki, ABŞ və NATO qüvvələrinin tərk etdiyi şimal bölgələrini İŞİD terrorçuları ələ keçirməyə başlayıb.

 

AĞ EV NEFT QIYMƏTLƏRININ ARTMASINDAN NARAHATDIR

Ağ Ev neft qiymətlərinin artması və bunun ABŞ istehlakçılarına təsirindən narahatdır. “Report”  agentliyinin məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə çıxışı zamanı bildirib.

“Bizim qənaətimizcə, dünyada neft hasilatı üçün istehsal gücü kifayət qədərdir”, - deyə mətbuat katibi vurğulayıb.

Ağ Ev rəsmisi həmçinin prezident Cozef Baydenin benzin vergisinin artırılmasına qarşı çıxarkən istehlakçıları düşündüyünü də bəyan edib.

Hazırda ABŞ-da neft hasilatının həcmi sutkada 11 milyon barel təşkil edir. Ötən ilin yanvar ayında isə bu rəqəm 13 milyon barelə çatmışdı.

 

YENIYETMƏLƏR ÜÇÜN “SPUTNIK V”NIN KLINIKI SINAQLARINA BAŞLANILIB

Rusiyada 12-17 yaşlı yeniyetmələr üçün “Sputnik V” vaksininin kliniki tədqiqatlarına başlanılıb. “Sputnik”  agentliyinin verdiyi xəbərə görə, bu barədə Moskva şəhər merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova məlumat verib.

İmmunlaşdırma prosesi artıq 18 yaşdan yuxarı insanlarda tətbiq olunan “Sputnik V” peyvəndi ilə aparılır, lakin yeniyetmələrə daha az dozada vurulur. Tədqiqat başladığı müddətdən etibarən 1 il davam edəcək. Bütün bu müddət ərzində yeniyetmələr daim həkim müşahidəsi altında olacaqlar.

Uşaqlar mobil tətbiq vasitəsilə gündəlik özlərini necə hiss etdiklərini qeyd edəcək, tibb işçiləri isə onların sağlamlığına telefon vasitəsilə nəzarət edəcəklər. Tədqiqata əvvəllər koronavirusa yoluxmayan, peyvənd preparatına qarşı əks-göstərişi və digər tibbi məhdudiyyətləri olmayan yeniyetmələr cəlb olunacaq.

 

LEONARDO DA VINÇININ VARISLƏRI MÜƏYYƏN OLUNUB

Avropa intibah dövrünün dahi simalarından olan rəssam və mühəndis Leonardo da Vinçinin bu gün azı 14 kişi varisinin yaşadığı müəyyənləşdirilib. “Report”un məlumatına görə, incəsənət tarixi və Leonardonun həyatına dair araşdırmaçı olan Alessandro Vezzosi və Aqnese Sabato tərəfindən on ildən artıq aparılan tədqiqat nəticəsində dahi sənətkarın ailə şəcərəsi nəsilbənəsil üzə çıxarılıb.

Belə ki, 1452-ci ildə Florensiyanın yaxınlığındakı kiçik Ançiano şəhərində dünyaya göz açan Leonardo ömrü boyu evlənməyərək övlad sahibi olmasa da, ən azı 22 atabir qardaşının nəsilləri müasir dövrümüzədək gəlib çatıb. Aparılan tədqiqat zamanı Leonardonun atası Ser Piero da Vinçi istinad nöqtəsi olaraq seçilməklə əvvəlcə 1331-ci il təvəllüdlü əcdadı Miçele aşkarlanıb.

Araşdırmalar zamanı Leonardonun DNT-si də təyin edilib ki, bunun əsasında onun erkən yaşlanması, solaxaylığı, qidalanması, səhhəti, irsi xəstəliklərə düçar olub-olmaması, habelə digər xüsusiyyətləri də tədqiq oluna bilər.

 

ÜST: KORONAVIRUSA YOLUXMA ILƏ BAĞLI VƏZIYYƏT SABITLƏŞIB

Son iki həftə ərzində dünyada koronavirusa yoluxma halları ilə bağlı vəziyyət “çox yüksək səviyyədə sabitləşib”. “Trend”in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan bəyan edib.

“Son iki həftə ərzində yoluxma qrafikinə baxsaq, bir növ sabitləşmə, lakin bunun çox yüksək səviyyədə olduğunu görə bilərik”, - deyə Maykl Rayan vurğulayıb.

ÜST rəsmisinin sözlərinə görə, hazırda dünyada epidemioloji vəziyyət “2-3 ay əvvəlkindən daha yaxşıdır”. Həmçinin o bildirib ki, bəzi ölkələrdə və bölgələrdə yoluxma hallarının sayında kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım qeydə alınıb.

Proqram direktoru qeyd edib ki, bu hal koronavirusun yeni, daha çox yoluxucu ştammlarının ortaya çıxması, ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və insanlar arasındakı təmasların artması da daxil olmaqla müxtəlif amillər səbəbilə baş verir.

 

RUSIYADA QƏZAYA UĞRAYAN TƏYYARƏDƏKI BÜTÜN ŞƏXSLƏR HƏLAK OLUB

Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan “An-26” təyyarəsindəki bütün sərnişinlər həlak olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirib. Qeyd olunur ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.

Diyarın qubernatoru Vladimir Solodov bildirib ki, “An-26”nın əsas hissəsi suyun altında qalıb: “Hadisə yerinə dalğıclar göndəriləcək”. Məlumata görə, qalıqlar aeroportdan 3,8 kilometr uzaqlıqda, Palana qəsəbəsinin yaxınlığında tapılıb. Ehtimala edilir ki, təyyarə dağa çırpılıb.

Yerli hakimiyyət nümayəndələrinin açıqlamasına əsasən, təyyarə istismar üçün yaralı olub və ekipaj uçuşdan əvvəl yoxlamadan keçib.

 

DÖRD ÖLKƏNIN IŞTIRAKI ILƏ IRIMIQYASLI HƏRBI TƏLIM KEÇIRILƏCƏK

Ukrayna, ABŞ, Polşa və Litva iyulun ikinci yarısında birgə hərbi təlim keçirəcək. “APA”nın verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilir ki, Ukraynanın Lvov vilayətinin Yavorovsk poliqonunda iyulun 17-dən 30-dək keçiriləcək təlim “Üç qılınc-2021” adlanır.

Təlimdə 1200-dən artıq hərbçi, 200-dən çox döyüş texnikası iştirak edəcək. Məlumatda qeyd olunur ki, bu manevrlər ölkədə ilk dəfə keçirilir və Litva, Polşa və Ukrayna arasında beynəlxalq hərbi əməkdaşlığa dair tərəfdaşlıq proqramının davamıdır.

Baş Qərargah hesab edir ki, təlimlər Ukrayna Silahlı Qüvvələrində islahatlara təkan verəcək və NATO ilə qarşılıqlı fəaliyyəti yaxşılaşdıracaq.

 

ÖZBƏKISTANDA HICAB QADAĞASI LƏĞV EDILDI

Özbəkistanda ictimai yerlərdə hicab taxmağa qoyulan qadağa aradan qaldırılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Vicdan azadlığı və dini təşkilatlar haqqında” qanuna yeni düzəlişlər respublika prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanıb.

Sənədə əsasən, Özbəkistanda ictimai yerlərdə hicab və digər dini geyimlərə qoyulan qadağa aradan götürülüb. Bundan əlavə, ölkədə dini qurumların qeydiyyatı sadələşdirilib.

“Sənədlər qeydiyyat orqanı tərəfindən müraciətin daxil olduğu gündən bir ay ərzində baxılır”, - deyə qanunun mətnində deyilir.

Artıq bir dini təşkilat qeydiyyatdan keçərkən 50 vətəndaşın imzası kifayət edəcək. Onların fəaliyyətlərini isə yalnız məhkəmə yolu ilə dayandırmaq mümkün olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.