DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PANDEMIYA ÇOX TƏHLÜKƏLI MƏRHƏLƏDƏ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının çox təhlükəli mərhələsinin çatdığını bildirib. “APA”nın məlumatına görə, baş direktor hazırda virusla mübarizə üçün köməkçi vasitələrə, ilk növbədə peyvəndlərə sahib olan dövlətlərin məhdudiyyətləri yumşaltdığını diqqətə çatdırıb.

“Effektli vasitələrə əli çatmayan ölkələr daha çox pasiyentləri kütləvi şəkildə xəstəxanalara yerləşdirmə və ölüm halları ilə qarşılaşır. Bu, virusun yeni ştammları ilə daha da kəskinləşir”, - deyə ÜST rəhbəri əlavə edib.

Təşkilatın baş direktorunun fikrincə, belə bir vəziyyətdən yeganə çıxış yolu ölkələr arasında testlərin, peyvəndlərin, dərmanların və qoruyucu vasitələrin ədalətli şəkildə paylanmasıdır. O deyib: “Bu, raket istehsalı və ya xeyriyyəçilik deyil. Bu, bütün maraqlara cavab verən məntiqli ictimai səhiyyə xidmətidir”.

Eyni zamanda, təşkilat rəhbəri qeyd edib ki, bu probelmin yaxşıya doğru dəyişiləcəyinə ümid var və COVAX peyvənd paylanılması proqramı buna misaldır. Qebreyesus ölkələri bu istiqamətdə öz səylərini artırmağa çağırıb.

SURIYADA ABŞ VƏ IRAN ARASINDA GƏRGINLIK DAVAM EDIR

ABŞ və İranın təsiri altında olan qüvvələr arasında Suriyada baş verən silahlı qarşıdurmaların ardınca İran bölgəyə yeni yük daşımaları həyata keçirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Suriya-İraq sərhəd xəttində ABŞ və İran arasında gərginlik qarşılıqlı bombardmanlarla davam edir.

Suriyanın Deyr əz-Zor şəhərinə aid Əl-Bukemal və Meyadin bölgələrində İran tərəfindən dəstəklənən silahlı dəstələrin qərargahları ABŞ qüvvələri təfərindən vurulub. İran təsirində olan silahlı dəstələr isə ABŞ bazalarının olduğu Koniko və Hak el-Ömər neft sahələrinə zərbələr endirib.

Suriyalı müxalifətçi qüvvələrinin polkovniki Əbu Abdo deyib: “Baş verənlərin ardınca İran bölgədə olan ona bağlı qüvvələrin hərbi taktikasını və mövqelərini dəyişdirir.  İran İnqilab Keşikçiləri Korpusunun çox sayda mütəxəssisi və yüksək çinli zabitləri Homs və Deyr əz-Zor xəttinə göndərilib. İrana bağlı silahlı dəstələr bir yandan ABŞ-a aid Tanef bazasından ola biləcək hava zərbələrinə qarşı hazırlıq görür”.

KORONAVIRUSUN 22 YENI ŞTAMMI YARANA BILƏR

ABŞ-ın bir qrup virusologiya mütəxəssisi yaxın aylar ərzində koronavirusun 22 yeni ştammının yaranacağını proqnozlaşdırıb. “Trend” agentliyinin məlumatına görə, ABŞ-ın “Vir Biotechnology” şirkətinin və Genomika İnstitutunun alimləri SARS-CoV-2 koronavirusunun spayk zülalında dəyişiklikləri əvvəldən proqnozlaşdıran riyazi model hazırlayıb.

Aparılan hesablamalara əsasən, növbəti 4 ay ərzində koronavirusun 22 yeni ştammı yarana bilər və onlardan bəziləri anticisimlərin qorunma bacarığını azaldacaq.

Məlumat üçün qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı SARS-CoV-2 koronavirusunun 4 ştammını (alfa, beta, qamma və delta variantları) “xüsusi narahatlıq doğuran” variantlar sırasına daxil edib.

PREZIDENTIN QƏTLINDƏN SONRA HAITIDƏ HƏRBI VƏZIYYƏT ELAN OLUNUB

Haiti prezidenti Jovenel Moizin öldürülməsindən sonra Nazirlər Kabineti respublika ərazisində hərbi vəziyyət rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Haiti prezidenti vəzifələrinin icraçısı Klod Cozef dövlət televiziyasının efirində  çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, Klod Cozef ölkədəki bütün qüvvələri demokratiyanın müdafiəsi naminə birləşməyə çağırıb və prezidentin qatillərinin qanuna əsasən cəzalanacağını vurğulayıb.

Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı yaralanan Haitinin birinci xanımı da xəstəxanada dünyasını dəyişib.

Bu, 2017-ci ildə prezident vəzifəsinə başlayan Moizə qarşı ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı silahlı hücuma məruz qalmış və yüngül yaralanmışdı.

8 Milyon Avronu Oğurlayan Qadının Axtarışları Davam Edir

Almaniyada 8 milyon avro ilə yoxa çıxan Türkiyə əsilli Yasəmən Gündoğanı tapmaq üçün xüsusi qrup təşkil edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Yasəmən Gündoğan işlədiyi pul paylama şirkətindən 8 milyon avronu götürərək yoxa çıxıb.

İlkin məlumata görə, Gündoğana yardım edən bir nəfər həbs edilib. “Bild” qəzeti Gündoğanı həbs etmək üçün xüsusi qrup yaradıldığını bəyan edib. Bildirilir ki, qurulan qrup Almaniya xaricinə qaçanların yerini müəyyən etmək üzrə mütəxəssislərdən ibarətdir.

Hazırda Almaniya polisi yoxa çıxan Gündoğanın xaricə getdiyi versiyasının üzərində dayanır. Hətta onun Türkiyədə olması ehtimal olunur.

Alman mediasına əsasən, bu oğurluq olduqca profesional şəkildə həyata keçirilib. Hətta bu əməliyyatın bir nəfər tərəfindən təşkil edilməsinə şübhə ilə yanaşılır.

Məlumat üçün qeyd edək ki, Yasəmən Gündoğan mayın 21-də 8 milyon avro ilə birlikdə yoxa çıxıb.

“TALIBAN”DAN ƏFQANISTANIN YARISINA NƏZARƏT IDDIASI

“Taliban” terror qruplaşması Əfqanıstan ərazisinin yarısına nəzarət etdiyini bildirib. “Report” agentliyinin məlumatına görə, bunu jurnalistlərə “Taliban”ın Qətərdəki ofisinin nümayəndəsi Süheyl Şahin bildiririb.

Nümayəndənin sözlərinə görə, son həftə ərzində Əfqanıstanın 398 rayonundan 162-sinə nəzarəti ələ keçiriblər. Qruplaşmadan bildirilib ki, ən çox Bədəxşan əyalətinin rayonlarına nəzarət edirlər. Məlumata əsasən, əyalətin 23 rayonu, o cümlədən Vakxan onların nəzarəti altındadır. Bu əyalət Tacikistanla sərhəddə yerləşir və iki ölkə arasında sərhədin uzunluğu 910 kilometr təşkil edir.

Əfqanıstan Müdafiə Nazirliyi isə bildirib ki, qurplaşmanın mövqelərinə endirdikləri hava zərbələri nəticəsində 261 taliban silahlısı həlak olub, 200-dən çoxu yaralanıb.

Məlumat üçün qeyd edək ki, iyulun 7-də Əfqanıstan hakimiyyətinin nümayəndələri ilə “Taliban” təmsilçiləri arasında danışıqlar başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.