DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN İSRAIL PREZIDENTINI TƏBRIK EDIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni prezidenti İshak Hersoqla telefonla danışıb. “APA”nın məlumata görə, R.T.Ərdoğan telefon danışığı zamanı İ.Hersoqu yeni vəzifəsi münasibətilə təbrik edib.

Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayan prezident Ərdoğan iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu qeyd edib.

Həmçinin iki dövlət arasındakı fikir ayrılıqlarına baxmayaraq, münasibətlər və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini bildirən Türkiyə prezidenti beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi sülhün və problemlərin hərtərəfli həllini gözlədiyini bəyan edib.

Prezident Ərdoğan, Fələstin-İsrail münaqişəsinin həllində atılacaq müsbət addımların, Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafına da təkan verəcəyini vurğulayıb.

“TALIBAN” HƏRƏKATI SIYASI QÜVVƏ KIMI TANINMASINI ISTƏYIR

ABŞ-ın Əfqanıstandan çıxması ilə ölkədə şəhər və kəndləri bir-bir ələ keçirən “Taliban” hərəkatı indi də siyasi qüvvə kimi dünya ölkələri tərəfindən qəbul olunması üçün işlərə başlayıb. “Teleqraf.com” xatırladır ki, ötən həftə “Taliban” nümayəndələri ilə Rusiya rəsmiləri arasında Moskvada görüş keçirilib.

Bununla yanaşı, “Taliban”ın İran, Pakistan, Çinlə də danışıqlar aparmasına dair iddialar səslənməkdədir.

Moskva görüşü haqqında danışan “Taliban”ın Qətər üzrə xüsusi nümayəndəsi Suheyl Şahin bildirib ki, Rusiyadan hərəkatın adının terrorçu təşkilatlar siyahısından çıxarmasını, BMT Təhlükəsizlik Şurasının qərarı ilə “Taliban”a tətbiq olunan sanksiyaların dayandırılmasını istəyiblər.

Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov isə bildirib ki, bunun üçün Əfqanıstandakı bütün tərəflər arasında nəticəli siyasi dialoqa başlanması vacibdir.

GÜRCÜSTAN PANDEMIYANIN NÖVBƏTI DALĞASINA HAZIRLAŞIR

“Gürcüstan çətin vəziyyətlə üz-üzədir, çox güman ki, ölkədə pandemiyanın dördüncü dalğası yaşana bilər”. “Report” agentliyinin xəbərinə görə, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bəyan edib.

Baş epidemioloq bildirib ki, ölkədə epidemioloji vəziyyət getdikcə pisləşir. O deyib: “Milli Mərkəz Koordinasiya Şurasına vaksinasiyanın intensivləşdirilməsi, testlənmənin daha da genişləndirilməsi və mövcud qayda və məhdudiyətlərə tam əməl edilməsi ilə bağlı tövsiyələr təqdim edib”.

Amiran Qamkrelidze həmçinin təklif edib ki, konfrans və toplantılarda vaksinin hər iki dozasını vurdurmuş və ya son 72 saat ərzində aparılmış PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim edən şəxslərin iştirakına icazə verilsin.

İRAQDA XƏSTƏXANADA YANĞIN ZAMANI ÖLƏNLƏRIN SAYI ARTIB

İraqın Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada  baş verən yanğın zamanı ölənlərin sayı 90 nəfərə çatıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilir ki, “İmam Hüseyn” xəstəxanasında baş verən yanğının səbəbi ehtiyatsız davranma nəticəsində oksigen balonunun partlamasıdır. Şəhərin Mülki Müdafiə Xidməti yanğının qarşısının alındığını açıqlayıb. Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubu təqdim edib.

Eyni zamanda verilən xəbərə görə, İraqın baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib. Bundan başqa, o, faciənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaratmaq barədə tapşırıq verib.

Bildirilib ki, İraqda koroavirusa yoluxanlar üçün xəstəxana ilk dəfə deyil yanır. Bu il aprelin 24-də Bağdadda İbn əl-Xətib adına hospitalda baş vermiş oxşar hadisə nəticəsində 82 nəfər həlak olmuş, 110 nəfər isə yaralanmışdı.

BAYDEN HAITININ SIYASI LIDERLƏRINI BIRLƏŞMƏYƏ ÇAĞIRIB

ABŞ Haitiyə yardım etməyə hazırdır və bu ölkənin siyasi liderlərini dövlətin xeyrinə birləşməyə çağırır. “Report”  agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden jurnalistlərə açıqlamasında bəyan edib.

Prezidentin sözlərinə görə, Haiti sakinləri sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər: “Haitinin siyasi liderləri ölkənin yaxşılığı üçün birləşməlidirlər”.

Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib.

IKI ƏRƏB ÖLKƏSI ARASINDA IRANA QARŞI ƏMƏKDAŞLIQ RAZILAŞMASI

Səudiyyə Ərəbistanı və Oman İranın nüvə və raket proqramlarına qarşı əməkdaşlıq məsələsində razılığa gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Oman sultanı Heysəm bin Tariqin Səudiyyə Ərəbistanına səfərindən sonra iki ölkə birgə açıqlama yayıb.

Açıqlamada Səudiyyə Ərəbistanı və Omanın bölgəni qeyri-sabitliyə səbəb olan bütün fəaliyyətlərdən uzaqlaşdırmaq üçün İranın nüvə və raket proqramları ilə əlaqədar ciddi və təsiredici əməkdaşlıq barədə razılığa gəldikləri qeyd olunub.

Xatırladaq ki, keçmiş Oman sultanı Qabus bin Səidin ölümündən sonra, bu il yanvarın 11-də onu əvəz edən Heysəm bin Tariq ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

İki günlük səfər üçün iyulun 11-də Səudiyyə Ərəbistanına gələn sultan Heysəm bin Tariq kral Salman bin Əbdüləzizlə görüşüb.

MAVI ALMAZ HƏRRACDA 40 MILYON DOLLARA SATILIB

Cənub Afrika Respublikasının Kullinan mədənində tapılan 39,3 karatlıq  nadir mavi almaz hərracda 40 milyon ABŞ dollarına satılıb. “Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə almazın keçmiş sahibi “Petra Diamonds” kompaniyası məlumat yayıb.

Bildirilir ki, cilalanmamış qiymətli daşın hər karatının qiyməti 1 milyon ABŞ dolları təşkil edib.

Almaz “De Beers” və “Diacore” şirkətləri tərəfindən alınıb.

Məlumat üçün qeyd edək ki, mavi almazlar çox nadir tapıntıdır. Onlar bütün dünyada hasil edilən almazların cəmi 1 faizini təşkil edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.