DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÜST RƏHBƏRI: DÜNYADA PANDEMIYANIN YENI DALĞASI BAŞLANIR

Dünya koronavirus pandemiyasının yeni dalğasının başlanğıc mərhələsindədir. “Report” agentliyinin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bəyan edib.

“Hazırda biz üçüncü dalğanın başlanğıc mərhələsindəyik”, - deyə baş direktor ÜST-ün “COVID-19”la bağlı Fövqəladə Hallar Komitəsinin Cenevrədə keçirilən iclasında bildirib.

T.Gebreyesus ötən həftə dünyada yoluxma hallarının, eləcə də koronavirus infeksiyasının nəticələrindən ölüm hallarının sayındakı artımı diqqətə çatdırıb.

“Delta” variantı yoluxma sayındakı artıma təsir edən əsas məqamlardan biridir. Buna da  sosial tədbirlərə davamlı riayət olunmaması təsir edir”, - deyə ÜST-ün baş direktoru əlavə edib.

Gebreyesusun sözlərinə görə, “Delta” variantı hazırda dünyanın 110-dən çox ölkəsində mövcuddur və artıq qısa zaman ərzində dünyada dominantlıq edəcək ştamma çevriləcək.

ƏFQANISTANA GÖRƏ SÜLH KONFRANSI ÇAĞIRILA BILƏR

Pakistan Əfqanıstanda vəziyyətin sabitləşməsi üçün sülh konfransının keçirilməsini planlaşdırır. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Pakistanını bu ölkədəki səfiri Mənsur Əhməd Xanın sözlərinə görə, konfransda “Əfqanıstanda marağı olan bütün tərəflərin” əsas nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd olunur ki, Əfqanıstan prezidentinin təhlükəsizlik və siyasi məsələlər üzrə müşaviri Məhəmməd Mohakik artıq tədbirdə iştirak etməyə razılıq verib.

“Tolo News” telekanalı bundan öncə bildirmişdi ki, bir sıra əfqan siyasətçilər, o cümlədən Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai və Milli Barışıq Şurasının rəhbəri Abdulla Abdulla “Taliban” hərəkatının nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya getməyə hazırlaşırlar.

TÜRKIYƏDƏ SEL NƏTICƏSINDƏ 7 NƏFƏR HƏLAK OLUB

Türkiyədə leysan yağışların səbəb olduğu sel nəticəsində 7 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb. “Trend” agentliyinin məlumatına görə, Rize vilayətində leysan yağışlar çaylardakı suyun səviyyəsini xeyli artırıb.

Rize vilayətinin qubernatorluğundan bildirilib ki, vilayətin mərkəzi hissəsində, Güneysu və Çayeli rayonları da daxil olmaqla bir çox yerində sürüşmə və daşqınlar qeydə alınıb.

Axtarış-xilasetmə işləri zamanı Muradiye rayonunda torpaq sürüşməsi nəticəsində çökən evin dağıntıları altında bir nəfərin cəsədi tapılıb.

Bununla yanaşı, bildirilir ki, təbii fəlakət bölgəsində sel 87 evə və 20 iş yerinə maddi ziyan vurub. 72 kəndə yollar bağlanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum, Daxili İşlər naziri Süleyman Soylu, eləcə də Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bölgəyə yola düşüblər.

CAR-DA IĞTIŞAŞLAR ZAMANI ÖLƏNLƏRIN SAYI ARTIB

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbs olunması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 117 nəfərə çatıb. “Report”un məlumatına görə, bunu ölkə prezidenti yanında nazir vəzifəsini müvəqqəti icra edən Kumbudzo Ntşaveni brifinq zamanı bildirib.

Nazirin sözlərinə görə, hadisələrlə əlaqədar olaraq 2200-dən artıq saxlanılan var.

Xatırladaq ki, 2009-2018-ci illərdə ölkə prezidenti olmuş Ceykob Zuma həmin dövrdə dövlət qurumlarındakı genişmiqyaslı korrupsiyaya dair aparılan istintaq çərçivəsində ötən həftədən 15 ay müddətinə həbs edilib.

ABŞ-DAN RUSIYA SƏRHƏDLƏRI YAXINLIĞINDA TƏHLÜKƏLI MANEVR

Rusiya ABŞ Hava Qüvvələrinin üç “B-52H” strateji bombardmançı təyyarəsini Berinq dənizi üzərində izləyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, rus qırıcıları iyulun 15-də Berinq dənizinin Rusiya sərhədinə yaxınlaşan neytral sular üzərində üç hava hədəfini təsbit edib.

“Hava hədəflərini müəyyənləşdirmək və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Şərq Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrindən “MiQ-31” və “Su-35” qırıcıları havaya qaldırılıb”, - deyə açıqlamada vurğulanır.

Məlumata əsasən, qırıcılar hava hədəflərininin ABŞ Hərbi Hava Qüvvələrinin “B-52H” bombardmançı təyyarələri olduğunu təsbit ediblər və onların hərəkət trayektoriyalarını izləyiblər.

OPEK: DÜNYADA NEFTƏ TƏLƏBAT ARTACAQ

Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) bu il dünyada neftə gündəlik tələbatın 6 milyon barrel, gələn il isə 3,3 milyon barrel artacağını gözləyir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə təşkilatın iyul hesabatında bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, gündəlik tələbatın həcmi 100 milyon barrellik həddi gələn ilin II yarısında keçə bilər. İl boyu isə gündəlik tələbatın orta həcmi 96,6 milyon barrel dəyərləndirilir.

Bütövlükdə isə “COVID-19”un yayılmasına qarşı daha səmərəli tədbirlər sayəsində 2022-ci ildə dünyada, xüsusilə də inkişaf edən ölkələrdə ÜDM artımına dair nikbinlik ifadə olunur, sözügedən ölkələrdə neftə tələbatın böhrandan əvvəlki səviyyəyə çatacağı bildirilir.

“PFIZER”IN GÜCLƏNDIRILMIŞ VERSIYASI HAZIRLANIR

“Pfizer/BioNTech” peyvəndini kəşf edən türk əsilli Almaniya alimləri Uğur Şahin və Özlem Türeci 100 gün ərzində peyvənd preparatının daha güclü versiyasının hazır olacağını bildiriblər. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Fransanın “Les Echos” qəzetinə müsahibə verən alimlər ilkin klinik sınaqların başa çatmasından sonrakı 100 gün ərzində “Pfizer/BioNTech”in koronavirusun yeni ştammlarına uyğunlaşdırılmış versiyasının hazır olacağını bildiriblər. Həmin tarix bu ilin oktyabr ayına təsadüf edir.

“Əsas məqam peyvəndimizdə orijinal virusun zülalının genetik kodunu yeni ştammın kodu ilə əvəzləməkdən ibarətdir”, - deyə Özlem Türeci bildirib. O qeyd edib ki, avqust ayında “Pfizer/BioNTech”in yeni versiyası ilə bağlı elmi məqalə çap olunacaq. Bundan sonra aparılacaq klinik sınaqlar peyvəndin koronavirusun mutasiyaya uğramış “Delta” variantına qarşı daha yaxşı təsir göstərməsinə imkan verəcək.

“WINDOWS” ƏMƏLIYYAT SISTEMININ BULUD VERSIYASI TƏQDIM EDILIB

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 365” adı alan əməliyyat sisteminin bulud versiyasını təqdim edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin saytında bildirilib.

Qeyd olunub ki, “Windows 365” istifadəçilərin tətbiqlərinə və məlumatlarına uzaqdan və istənilən cihazdan daxil olması üçün nəzərdə tutulub.

Eyni zamanda, bildirilir ki, xüsusilə, bu, əməkdaşları məsafədən işləyən şirkətlərin rahat fəaliyyətini təmin etmək üçün hazırlanıb.

Məlumat üçün qeyd edək ki, müəssisələr bu il avqustun 2-dən etibarən sözügedən bulud əməliyyat sisteminə giriş əldə edəcəklər.