DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN VƏ MERKEL ARASINDA GÖRÜŞ KEÇIRILIB

ABŞ prezidenti Cozef Bayden və Almaniya kansleri Angela Merkel arasında Ağ Evdə görüş keçirilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

İki ölkə başçısı arasında baş tutan görüşdə “Şimal axını-2”, Rusiya ilə münasibətlər, Əfqanıstandan xarici qoşunların çıxması, koronavirus pandemiyası və qlobal istiləşmə mövzuları müzakirə edilib.

“Şimal axını-2” boru kəmərilə bağlı Rusiyanın enerjidən silah kimi istifadə etməsinə icazə verilməməlidir”, - deyən Bayden Kubada cərəyan edən proseslərə də işarə edərək kommunizmin uğursuz sistem olduğunu, ölkədə internetə çıxışın bərpasına köməklik etmək istədiklərini bildirib.

 

LAVROVDAN BÖLGƏDƏKI VƏZIYYƏTLƏ BAĞLI KRITIK AÇIQLAMA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstandan çıxması ilə bu ölkədəki hərbi və siyasi qeyri-müəyyənliyin artdığını bəyan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, nazir mövcud şəraitdə qeyri-sabitliyin qonşu ölkələrə yayılma riskinin olduğunu vurğulayıb.

“Əfqanıstan böhranı terrorizm təhdidini və misli görünməmiş bir səviyyəyə çatmış narkotik ticarəti problemini daha da artırır. Aydındır ki, mövcud şərtlərdə qeyri-sabitliyin qonşu ölkələrə yayılma riski var”, - deyə Rusiyanın XİN başçısı bildirib.

Sergey Lavrov belə bir təhlükənin Əfqanıstanın regional əməkdaşlığa daxil olması üçün ciddi maneə olduğunu qeyd edib. O deyib: “Orta və Cənubi Asiyanı birləşdirən enerji, logistika və nəqliyyat layihələrini təşviq etmək planları yerdəki təhlükəsizlik vəziyyətinə görə hesablanmalıdır”.

 

ÇIN PANDEMIYA ILƏ MÜBARIZƏYƏ 3 MILYARD DOLLAR YARDIM AYIRIR

Çin qarşıdakı üç ildə inkişaf edən ölkələrin “COVID-19”dan iqtisadi və sosial cəhətdən dirçəlmələri üçün 3 milyard ABŞ dolları həcmində beynəlxalq yardım ayıracaq. “Report” agentliyinin məlumatına görə, bunu ölkənin lideri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) qeyri-rəsmi forumuna göndərdiyi video müraciətində bildirib.

Çinin dövlət başçısı həmçinin daha əvvəl inkişaf edən ölkələrə 500 milyondan artıq peyvənd dozası ayırdıqlarını da vurğulayıb.

Bununla yanaşı, APEC forumunun pandemiyaya qarşı mübarizə və iqtisadi dirçəliş məqsədilə xüsusi fond yaratması üçün də maliyyə yardımı göstəriləcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, may ayında da Çin inkişaf edən ölkələrə koronavirusa qarşı tədbirlər üçün 3 milyard dollarlıq maliyyə yardımı ayırmışdı.

 

SON BIR ILDƏ HAKERLƏRIN KRIPTOVALYUTA OĞURLUĞU CIDDI ŞƏKILDƏ ARTIB

2020-ci ilin iyul ayından bu ilin iyuluna kimi olan dövr ərzində dünya üzrə kibercinayətkarlıq və rəqəmsal aktivlərlə bağlı digər cinayətlərin həcmi 1 milyard ABŞ dolları təşkil edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Kaspersky Lab” kibertəhlükəsizlik şirkətinin məlumatında bildirilir.

Eyni zamanda, kibercinayətkarların aktivləşməsinin əsas səbəbi kimi kriptovalyutaların qiymətinin yüksəlməsi, bunun nəticəsi olaraq da populyarlığının artması göstərilir.

Xatırladaq ki, “Cybersecurity Ventures” şirkətinin hesablamasına görə bu il soyğunçu proqram təminatlarının vurduğu ziyan 20 milyard ABŞ dolları təşkil edəcək. 2031-ci ilə kimi isə bu rəqəm 265 milyard dollara çatacaq.

 

ƏFQANISTANLA BAĞLI DÖRD DÖVLƏT MƏŞVƏRƏT MEYDANI YARADIB

ABŞ, Pakistan, Əfqanıstan və Özbəkistan Əfqanıstandakı böhranı tənzimləmək üçün dördtərəfli yeni məşvərət meydanı yaradıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu məlumatı Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

“Əfqanıstanda dinc prosesləri dəstəkləmək və münaqişədən sonrakı vəziyyəti nizama salmaq üçün Daşəkənddə ABŞ, Özbəkistan, Əfqanıstan və Pakistan nümayəndələrindən ibarət yeni dördtərəfli məşvərət meydanı yaradılıb”, - deyə XİN-in açıqlamasında bildirilib.

Nazirliyin yaydığı məlumata əsasən, razılaşma iyulun 15-16-da Daşkənddə “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqələr. Çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində əldə edilib.

 

AVROPADA SEL FƏLAKƏTI

Almaniya və Belçikanın qərb əyalətlərində son dövrlərdə baş vermiş ən güclü daşqın nəticəsində ölənlər barədə ilkin məlumata görə, 100-dən çox adam həlak olub, 1300-dən çoxu itkin düşüb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu iki ölkənin əksər regionlarında daşqın qurbanlarının dəqiq sayını demək hələlik mümkün deyil. Almaniyanın qərbində selə görə hərbi fəlakət rejimi elan edilib.

Bununla yanaşı, Belçikada və Niderlandda güclü dağıntıların baş verdiyi bildirilir. Belçikada azı 11 nəfər həlak olub. Niderlandın, Fransanın və İsveçrənin ayrı-ayrı rayonlarında suyun səviyyəsi qalxmaqda davam edir.

Belçikanın fəlakət zonasında və Almaniyanın qərb əyalətlərində 15 minə yaxın xilasedici, hərbçi, polis və qəza-xilasetmə xidmətlərinin əməkdaşları çalışır. Meteoroloqların sözlərinə görə, bu, son onilliklərdə baş vermiş ən güclü daşqınlardan biridir.

 

VIRUSLARI TƏLƏYƏ SALA BILƏCƏK NANOKAPSULLAR HAZIRLANIB

Almaniya və ABŞ alimləri viruslarla mübarizə üçün yeni bir yanaşma təklif ediblər. “APA”nın verdiyi xəbərə görə, bu barədə tədqiqatın nəticələri “Nature Materials” jurnalında dərc edilib.

Bildirilir ki, virusları tələyə salan və udan nanokapsullar genetik material əsasında yaradılıb. Müəlliflər inkişaf etdirdikləri metodun yeni “SARS-CoV-2” virusuna qarşı da effektli olacağına inanırlar.

Almaniyanın Münhen Texniki Universitetinin və ABŞ-ın “Brandeis” Universitetinin tədqiqatçıları virusları mexaniki şəkildə tutaraq zərərsizləşdirə bilən DNT-dən ibarət nanostrukturlar inkişaf etdiriblər.

Qeyd edək ki, 1962-ci ildə bioloq Donald Kaspar və biofizik Aaron Kluq virusların protein qabıqlarının qurulduğu həndəsi prinsipləri kəşf ediblər. Lakin o dövrdə elm adamları, bir virusun dəliklərindən keçəcəyi qədər böyüklükdə içi boş cisimlər yarada bilməzdilər.

Münhen Texniki Universitetinin biomolekulyar nanotexnologiya professoru Hendrik Dietzin rəhbərliyi altında çalışan işçi qrup isə bu xüsusiyyətlərə əsaslanaraq DNT-dən virus ölçüsündə öz-özünə yığılmış obyektlər yaratmaq üçün bir metod hazırlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.