DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ İRAQDA HƏRBI MISSIYALARDA IŞTIRAK ETMƏYƏCƏK

İraqla gələcək əməkdaşlıq bu ölkənin hərbi qüvvələrinin təlimləri və İŞİD-lə mübarizə mövzusunda olacaq, lakin hər hansı hərbi missiyalar olmayacaq. “APA”nın məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib.

“Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərdə kömək etmək, yenidən baş qaldıran İŞİD-lə mübarizədə dəstək olacaq, lakin heç bir hərbi missiyada iştirak etməyəcəyik”, - deyə Cozef Bayden Ağ Evdə İraqın baş naziri Mustafa əl-Kazemi ilə görüş zamanı qeyd edib.

Bununla yanaşı, iki ölkə arasında aparılan strateji dialoqun nəticələri ilə bağlı birgə bəyanatda bildirilir ki, ABŞ 31 dekabr tarixinə qədər İraqdakı hərbi kontingentinin döyüş missiyalarını başa çatdırmaq niyyətindədir.

İRANDA ETIRAZLAR DIGƏR BÖLGƏLƏRƏ DƏ YAYILIB

İranın Xuzistan əyalətində içməli su tələbi ilə keçirilən nümayişlər Kərəc şəhərinə də yayılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, iyulun 26-dan etibarən sözügedən bölgədə Xuzistan sakinlərinə dəstək aksiyası başlayıb.

Minlərlə etirazçı küçələrə yürüş edərək, Xuzistanın etnik ərəb sakinlərinin İranın dini-siyasi rejiminə qarşı başladığı nümayişlərə dəstək verərək, hakimiyyətdən problemlərin həllini tələb ediblər.

Bundan əvvəl Güney Azərbaycanda da Xuzistana dəstək aksiyaları başlayıb. Bir neçə gün əvvəl başlayan nümayişlərin davam etdiyi bildirilib.

Güneydəki mitinqlərdə çox sayda milli fəal və etirazçı İran hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Bölgədə vəziyyətin kəskinləşməsindən sonra internetin verilməsinə qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunmağa başlayıb.

TOKIODA KORONAVIRUSA REKORD SAYDA YOLUXMA QEYDƏ ALINIB

Hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi Tokio şəhərində ötən gün ərzində yeni növ koronavirusa  2848 yeni yoluxma faktının qeydə alındığı açıqlanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli “NHK” telekanalı məlumat yayıb.

Bildirilir ki, Yaponiya paytaxtında əvvəlki maksimum yoluxma göstəricisi yanvarın 7-də qeydə alınıb. Həmin vaxt 2520 nəfər şəhər sakini koronavirusa yoluxub.

Paytaxt prekefturasında epidemioloji vəziyyətin pisləşməsi səbəbindən iyulun 12-dən etibarən Tokioda fövqəladə vəziyyət rejimi qüvvədədir. Fövqəladə vəziyyət rejimi ictimai qida müəssisələrində spirtli içki satışına qadağa tətbiq olunmasını və kütləvi tədbirlərə məhdud sayda tamaşaçının buraxılmasını nəzərdə tutur. Bu səbəbdən, iyulun 23-dən avqustun 8-dək Yaponiya paytaxtında keçirilən Olimpiya oyunları tamaşaçısız keçirilir.

RUSIYA FEDERASIYASINDA “QIYAMƏT TƏYYARƏLƏRI” HAZIRLANIR

Rusiyada ehtimal olunan nüvə müharibəsində qoşunların istifadəsinə verilməsi üçün nəzərdə tutulmuş yeni təyyarənin istehsal edildiyi iddia olunub. “Teleqraf.com”un məlumatına görə, Rusiyanın müdafiə sənayesindən bir mənbə ölkənin hava və kosmik qüvvələrinə iki yeni “İl-96-400m” təyyarəsinin veriləcəyini bildirib.

Nüvə müharibəsi kimi böyük dağıntılara səbəb olacaq hallar üçün hazırlanan təyyarələr “qiyamət təyyarələri” adlandırılır. Bu təyyarələrdən birinin hazırda istehsalda olduğunu bildirən mənbə digərinin gələcəkdə istehsal oluna biləcəyini qeyd edib.

Bununla yanaşı, nüvə müharibəsində qoşunlarla əlaqənin kəsilməsi durumunda komanda mərkəzi olaraq istifadə ediləcək bu təyyarələrlə bağlı layihənin adının “Zveno-3S” olduğu vurğulanır.

Yeni “İl-96-400m”in uçuş məsafəsinin əvvəlki versiyadan iki dəfə çox olacağı bildirilir. Təyyarənin rabitə sistemi strateji hava və raket qüvvələri, eləcə də sualtı nüvə gəmiləri də daxil olmaqla bütün qoşun növlərini məlumatla təmin edə biləcək.

“TALIBAN”NIN ƏFQANISTAN HÖKUMƏTINƏ VURDUĞU ZIYAN AÇIQLANIB

“Taliban” qruplaşmasının bir ay ərzində sərhəd-keçid məntəqələrini ələ keçirməsi nəticəsində Əfqanıstan hakimiyyəti təxminən 34 milyon dollar itirib. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Maliyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ticarət məntəqələrinin “Taliban” tərəfindən ələ keçirilməsi hökumətə ziyan vurur. Bildirilir ki, qruplaşma tərəfindən ələ keçirilən 7 belə məntəqə fəaliyyət göstərmir.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra “Taliban” qruplaşması fəallaşıb. Qruplaşma ölkənin 80 faizinə nəzarət etdiyini də iddia edir.

NYU-YORK PANDEMIYAYA QALIB GƏLIB

Dünyada ən çox insanın məskunlaşdığı şəhərlərdən biri olan Nyu-Yorkun əhalisinin 56 faizi “COVID-19” virusuna qarşı hər iki doza vaksini vurdurub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə türk professor Mustafa Çətinər yerli mediaya açıqlamasında bildirib.

ABŞ-dan qayıdan həkimin sözlərinə görə, vaksinasiya aparıldığı üçün şəhərdə həyat demək olar ki, əvvəlki axarına qayıdıb. Restoranlar tam açıqdır. Hər hansı məhdudiyyət, insanların toplaşma sayına limit qoyulmayıb. Açıq havada konsert proqramları təşkil edilir. Sosial məsafə saxlamaq kimi məcburiyyət yoxdur.

Eyni zamanda, restoran və mağazalar hər iki doza vaksini vurduran şəxslərə maskalarını çıxarmağa icazə verir. Peyvənd olunmayanlara isə maska taxmaları üçün xəbərdarlıq edilir.

Qeyd edək ki, pandemiya başlayan gündən bəri ABŞ-da 600 mindən artıq insan virusa yoluxaraq dünyasını dəyişib. Onların böyük bir qismi məhz peyvənd olunmayan şəxslərdir.

ÇINDƏ DAŞQINLAR 71 NƏFƏRIN HƏYATINA SON QOYUB

Çinin mərkəzi Henan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bundan əvvəl 69 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü bildirilirdi. Əyalətin inzibati mərkəzi olan Çjençjoy şəhərində metronun su altında qalması nəticəsində həyatını itirmiş daha 2 nəfərin meyiti aşkar edilib.

Daşqınların 13,32 milyon sakinə və 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsinə zərər vurduğu bildirilir.

Yerli hakimiyyət orqanları daşqınlar nəticəsində 10 min tikilinin dağıldığı, 22 min tikiliyə zərər dəydiyini açıqlayıb. Əyalətə 2,15 milyard dollaradək zərər dəydiyi güman edilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.