DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ RUSIYA RƏSMILƏRI ARASINDA 7 SAATLIQ GÖRÜŞ

ABŞ və Rusiya nümayəndələri arasında ikitərəfli strateji sabitlik dialoqu çərçivəsində iyulun 28-də Cenevrədə keçirilən görüş 7 saat davam edib. “Report” agentliyinin məlumatına görə, danışıqların aparılması iyunun 16-da prezidentlər Cozef Baydenlə Vladimir Putin arasında baş tutmuş görüşdə razılaşdırılmışdı.

Verilən xəbərə əsasən, qapalı keçirilən danışıqlara ABŞ dövlət katibinin müavini Uendi Şerman ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov rəhbərlik ediblər.

“ABŞ nümayəndə heyəti ABŞ-ın siyasi prioritetlərini, mövcud təhlükəsizlik mühitini, strateji sabitliyə təhdidləri, nüvə silahlarına nəzarət perspektivlərini və gələcək Strateji Stabilik Dialoqu sessiyalarının formatını müzakirə edib”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlayıb.

Bununla yanaşı, ABŞ Dövlət Departamenti danışıqların faydalı keçdiyini qeyd edib. Sentyabr ayında növbəti dəfə görüş keçirilməsi planlaşdırılır. Həmin vaxtadək qeyri-rəsmi məsləhətləşmələr keçiriləcək.

ÜST “COVID-19”DAN ÖLÜM HALLARININ 21 FAIZ ARTDIĞINI AÇIQLAYIB

Ötən həftə ərzində koronavirusa 3,8 milyondan çox yoluxma faktı, 69 mindən artıq isə ölüm halı qeydə alınıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 8 faiz, ölüm hallarının sayı isə 21 faiz artıb. “Ötən həftə (19-25 iyul) koronavirusa yoluxma hallarının sayı 3,8 milyonu ötüb, bu isə daha öncəki həftə ilə müqayisədə 8 faiz daha çoxdur”, - deyə ÜST-ün açıqlamasında vurğulanır.

Həmçinin qeyd olunur ki, gündəlik orta hesabla 540 min yoluxma halı barədə məlumat daxil olub, daha öncəki həftədə isə bu rəqəm 490 minə bərabər idi.

Eyni zamanda koronavirusdan ölüm hallarının sayında kəskin artım müşahidə olunub: “Son həftə 69 mindən artıq ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftədən (56 mindən artıq ölüm halı) 21 faiz daha çoxdur”.

RUSIYA TACIKISTANI PULSUZ SILAHLA TƏMIN EDƏCƏK

Rusiya Tacikistan ordusunu silah və hərbi texnikalarla pulsuz təmin etmək niyyətindədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu tacikistanlı həmkarı ilə telefon danışığında bəyan edib.

Nazirin sözlərinə görə, artıq Tacikistan ordusunu təchiz etmək üçün silah və texnikaların əlavə pulsuz tədarükü təşkil olunub.

“Əfqanıstandakı vəziyyət müvafiq tədbirlərin qəbul edilməsini tələb edir, belə işlər artıq aparılır”, - deyə Sergey Şoyqu bildirib.

Nazir vurğulayıb ki, xarici qoşunların Əfqanıstandan qısa bir zamanda çıxarılması vəziyyətin sürətlə gərginləşməsinə, terrorçuların fəaliyyətinin artmasına səbəb olub.

TÜRKIYƏNIN TURIZM BÖLGƏSINDƏ MEŞƏ YANĞINI BAŞ VERIB

Türkiyənin Antalya şəhərində iyulun 28-də günorta saatlarında başlayan şiddətli meşə yanğınları nəticəsində 53 nəfər zərər çəkib. “Report” agentliyinin məlumatına görə, bunu kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli bildirib.

Əyalət səhiyyə müdiri Ünal Hülür 51 nəfərin xəstəxanalara yerləşdirildiyini, 47-sinin artıq evə buraxıldığını açıqlayıb.

Verilən xəbərə əsasən, yanğına isti hava şəraiti səbəb olub. Güclü külək yanğının sürətlə yayılmasına gətirib çıxarıb. Şəhər rəhbərliyi bunun indiyədək baş vermiş ən böyük yanğın olduğunu bildirib. Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.

Yanğını söndürmək üçün indiyədək 2 təyyarə, 15 helikopter, 106 suvarma texnikası və 6 buldozer cəlb edilib. Bir sıra ərazilərdən sakinlərin təxliyə olunduğu bildirilir.

BƏŞƏRIYYƏTI GÖZLƏYƏN DƏHŞƏTLI ISTILƏRLƏ BAĞLI XƏBƏRDARLIQ

Nüfuzlu elm adamlarının apardığı araşdırmalara görə, ölümcül istilik dalğaları 2050-ci ilə qədər yeddi qat artacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, mütəxəssislərin fikrincə, rekord istilər qlobal istiləşmənin şiddətinə və sürətinə uyğun qeydə alınır.

Tədqiqatçıların sözlərinə əsasən, 2050-ci ilə qədər həftələrlə davam edən isti hava şəraiti 2-7 dəfə artacaq.

Eyni zamanda, istilik dalğalarının yayılma sürətinin 2051-2080-cı illəri əhatə edən dövr ərzində hər üç ildə 21 dəfə artacağı məlum olub.

Bristol Universitetinin iqlimşünası Vikki Tompson bildirib ki, son bir ayda ABŞ və Kanadada yeni istilik rekordları qeydə alınıb. “Bu səbəbdən mindən çox adam ölüb. Avropa və Çində dağıdıcı daşqınlar baş verib. Qlobal istiləşmə planetimizi təsir altına alır. Gələcəkdə nələrin olacağını indidən bilmək çox vacibdir”, - deyə iqlimşünas vurğulayıb.

“TALIBAN” NÜMAYƏNDƏ HEYƏTI ÇIN RƏSMILƏRI ILƏ DANIŞIQLAR APARIB

“Taliban” qruplaşması Abdullah Qəni Bəradərin başçılıq etdiyi 9 nəfərlik nümayəndə heyətinin Pekində Çin rəsmiləri ilə görüşdüyünü açıqlayıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“Görüşdə siyasət, iqtisadiyyat, iki dövlətin təhlükəsizliyi məsələləri, eləcə də Əfqanıstandakı mövcud vəziyyət və dinc proses müzakirə edilib”, - deyə “Taliban”ın rəsmi nümayəndəsi Məhəmməd Naim qeyd edib.

Nümayəndə heyətinin ikigünlük səfəri qruplaşmanın Əfqanıstanla Çin sərhədindəki ərazilərə hücumu fonunda reallaşıb. Məhəmməd Naimin sözlərinə görə, “Taliban” Əfqanıstanın ərazisindən başqa dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcəklərinə Çin rəsmilərini əmin edib.

ÜÇÜNCÜ VAKSINASIYA “DELTA” STAMMINA QARŞI MÜDAFIƏNI ARTIRA BILƏR

Koronavirus peyvəndinin üçüncü dozası “Delta” ştammından qorunmanı artıra bilər. “Report”un verdiyi xəbərə görə, bu barədə “Pfizer” şirkətinin hesabatında qeyd olunur.

“Üçüncü doza vurulduqdan sonra “Delta” variantının təsirsiz hala gətirilməsində təxmin edilən potensial 100 dəfə artır”, - deyə sənəddə bildirilir.

Bununla yanaşı, şirkətin hesabatın

da vurğulanır ki, 18-55 yaş arası insanlarda təkrar peyvəndləmədən sonra antikor sayı beş dəfədən çox, 65-85 yaş arası insanlarda isə 11 dəfə artır.

CEF BEZOSDAN NASA-YA 2 MILYARD DOLLARLIQ TƏKLIF

ABŞ-ın “Blue Origin” aerokosmik şirkətinin rəhbəri Cef Bezos NASA administrasiyasının rəhbəri Bill Nelsona şirkətə 2 milyard dollar ödəməməyi təklif edib. Bunun müqabilində C.Bezos “Blue Origin” şirkətinin insanın Aya enməsi proqramında iştirak etməyi təklif edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə C.Bezos tərəfindən ünvanlanan açıq məktubda bildirilib.

Cef Bezosun sözlərinə görə, həmin məbləğ 2024-cü ildə insanın Aya enməsi üçün sistemin hazırlanması üzrə proqramın büdcə kəsirinin ödənilməsinə verilməli idi.

“”Blue Origin” şirkəti bu ilin və sonrakı iki maliyyə ilində 2 milyard dollara çatan bütün ödənişlərdən imtina edərək insanın aya enməsi üçün sistemin hazırlanması üzrə proqramın büdcə maliyyəsindəki kəsiri dolduracaq. Bu, proqramın öz axarına düşməsi üçün edilir”, - deyə Cef Bezos vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.