Qayğı və məmnunluq
Sosial həyat

Qayğı və məmnunluq

Vahid əlaqələndirmə mərkəzlərində  fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərə başlanıb

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən şəhid ailələrinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə vahid məkandan xidmətlərin göstərilməsi üçün yaradılmaqda olan vahid əlaqələndirmə mərkəzlərində fəaliyyət göstərəcək əməkdaşlar üçün təlimlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində təşkil olunan təlimlərdə onlar DOST konsepsiyası, DOST mərkəzlərinin fəaliyyət istiqamətləri, missiyası, bu mərkəzlərdə göstərilən xidmətlər, eləcə də xidmətlərin göstərilmə formaları və s. ilə  bağlı ətraflı məlumatlandırılır. Həmçinin Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemləri, müraciətlərin qəbulu prosesinin təşkili, vətəndaşların müraciətlərinin icrasının nəticəsi ilə bağlı məlumatlandırılması mexanizmi ilə tanış olurlar.

Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə  7 dövlət orqanı üzrə 26 istiqamət (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s.) üzrə xidmət vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək. Mərkəzlərin fəaliyyəti ilkin mərhələdə DOST mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının binalarında təşkil olunacaq.

                                                           ***

Sosial Xidmətlər Agentliyi tərəfindən daha 71 nəfər sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb

Sosial Xidmətlər Agentliyi tərəfindən daha 71 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Xəstəliklərinə uyğun olaraq  Agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salınan şəxslərdən bir hissəsi “Duzdağ” Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurlarına cəlb olunacaq.

Agentlik tərəfindən 2021-ci ilin ötən dövründə ümumilikdə 500-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

 

M. MUSTAFAYEV,

“Respublika”.