Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Uçan avtomobil AirCar-ın ilk sınaq uçuşu

Bir anlıq təsəvvür edin ki, tıxac zamanı şəhər nömrə nişanlı bir avtomobil qanad açaraq havaya qalxır və trafikin maneələrindən qurtulur. Yəqin ki bunu bütün sürücülər xəyal edib. Amma artıq bu xəyal gerçəyə çevrildi.

Mühəndis-dizayner, iddialı ixtiraçı Stefan Kleinın uçan avtomobili AirCar Slovakiya səmalarını fəth edib. Təyyarəyə bənzəyən avtomobilin oxşarı heç James Bondda da olmayıb. Eynilə “The Jetsons” cizgi filmindəki kimi uçan avtomobil bir düyməni basmaqla havaya qalxdıqda, təyyarəyə çevrilir.

AirCar-ın qanadları avtomatik olaraq uzanır və yenidən yığılır. Təyyarə-avtomobil 1100 kiloqram ağırlığında, 160 at gücündə BMW mühərrikinə sahibdir. Sürəti saatda 190 kilometr olan təyyarə 2500 metr yüksəkliyə qalxa bilir. Nəqliyyat vasitəsi 2 nəfər sərnişin üçün nəzərdə tutulmuşdur.

Şirkətdən verilən məlumata görə, AirCar-ın prototipi ilk dəfə Nitra hava limanından Slovakiyanın paytaxtı Bratislavaya, 90 kilometrlik məsafəni 35 dəqiqəyə qət edib.

“Təyyarə artıq yalnız bir konsepsiyanın sübutu deyil, elmi-fantastik gerçəklikdi. Bu uçuşla birlikdə ikili nəqliyyat vasitəsinin yeni dövrü başlayır”-deyə Stefan Klein bildirib.

Morgan Stanley Konsolting şirkətinin mütəxəssisləri 2040-cı ildə hibrid təyyarənin dəyərinin 1,3 trilyon avro civarında olacağını təxmin ediblər.

Məlumat “Forschung und Wissen” jurnalında yayımlanıb. 

 

Yeraltı dünyada gəzən robot

Robotlar okeanın dərinliklərindən dağ zirvələrinə və hətta kosmosa qədər dünyanı araşdırmağa kömək edir. Ancaq tədqiqatçılar indiyə qədər daha yaxşı üzən, qaçan və uçan robotlar yaratsalar da, yeraltı dünyanı araşdıran cihazı düzəltməkdə çətinlik çəkirdilər. İndi Kaliforniya Universiteti,  Georgia Texnologiya İnstitutunun alimləri bitkilərin kökləri və qum ahtapotlarından ilhamlanaraq yeraltı dünyada gəzə bilən robot hazırlayıblar.

Cihazın prototipi yumşaq və elastik materialdan hazırlanıb. Yerdə üfüqi hərəkət etmək üçün robot qum ahtapotunu, dərinliyə girmək üçün isə bitkinin kök sistemini təqlid edir. Hər iki tərəfindəki “tendon”lar cihazın əyri yollarla kəskin dönməsini təmin edir. Prototipin diametri 6 santimetr, uzunluğu isə 1 metrə qədər uzanır. Ancaq tədqiqatçı mühəndislər daha böyük, yerdən 70 metr dərinliyə girə bilən robotları dizayn edəcəklərini söyləyirlər.

Robotun prototipi qumlu bir mühitdə sınaqdan keçirilib, lakin NASA alimləri gələcəkdə cihazı Ayın səthində test etməyi planlaşdırırlar.

“Yeni robotlarımız torpaq nümunəsi götürmə, yeraltı kommunal quraşdırmaları kimi xidmətləri də bacarır. Cihazımızın uğur qazana biləcəyinə çox böyük ümid bəsləyirik.” - deyə tədqiqat müəllifi Nicholas Naclerio qeyd edib.

Tədqiqatla bağlı ətraflı məlumat “Science Robotics” jurnalına istinad edilib.

 

Elm kosmosdakı qaranlıq maddənin sirlərini aça bilər

Böyük Britaniyalı astronomlar çoxdandır elm adamlarını düşündürən, kainatın çox hissəsini təşkil edən qaranlıq maddənin sirlərini kəşf etməyə yaxın olduqlarını iddia edirlər.

Hazırda tədqiqatçılar bu hissəciklərin kainatın yüzdə 80 faizini təşkil etdiyini söyləyirlər. Məkanın təbiətini başa düşmək, nəticədə ulduzlararası səyahətin açarı ola bilər.

Beynəlxalq qrup, çalışmalar zamanı “qravitasiya obyektiv”i adlanan mürəkkəb bir texnikadan istifadə edərək saysız-hesabsız qalaktika görüntülərinə baxıblar. Alimlər qaranlıq maddənin WİMPS-dən (zəif qarşılıqlı təsir göstərən kütlə hissəcikləri) ibarət olduğunu düşünürlər. Gözlə görünməyən bu hissəciklər heç bir işıq və enerji yaymırlar.

“Uzaq qalaktikaların görüntüləri, bizə işıq şüalarını bükən cazibə ilə təhrif olunur. Cazibə obyektivliyi, Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsindən daha güclüdür. Bu, görünməz hissəciyin varlığına işarə edir, qaranlıq maddə fenomeninin başqa bir təzahürünü görürük və ümumi nisbiliyi cazibə nəzəriyyəsi olaraq dəyişdirməliyik.” - deyə Durham Universitetinin Hesablama Kosmoloji İnstitutundan həmmüəllif Kyle Oman izah edib.

Tədqiqatçılar 259.000 qalaktika şəkillərinin əks etdirdiyi həqiqi ağırlığı ölçüblər. Bu şəkillər Çilinin Atacama Səhrasında yerləşən Cənubi Avropa Rəsədxanası (ESO) tərəfindən çəkilmişdir. Daha sonra komanda, astronomların qaranlıq maddə hesab etdiyi hissəcikləri kompüter simulyasiyaları ilə müqayisə ediblər.

Məlumat “Stady Finds” veb saytında işıq üzü görüb.

 

Yosunlardan hazırlanmış geyim

Su hövzələrində, göllərdə gördüyümüz yaşıl rəngdə parlaq yosunlar təəccüblüdür ki, bir gün dolabımızdan asıla bilər. Rochester və Delft Texnologiya Universitetinin alimləri 3D çap texnologiyasından istifadə edərək yosunlardan geyim hazırlayıblar.

Elm adamları bitkilər kimi fotosintez edə bilən, eyni zamanda canlı və cansız birləşmələri bir araya gətirərək hibrid material yaradıblar. Tədqiqatçıların sözlərinə görə 3D parça, ətraf mühitdə zəhərli kimyəvi maddələrin miqdarını və karbon emissiyalarının azalmasına kömək edə bilər.

Mütəxəssislər yosunları parçaya çevirmək üçün sellüloz kimi tanınan, bakteriyalar tərəfindən istehsal olunan birləşmələrdən yararlanıblar. Sellüloz elastik, möhkəm, əzilməyən unikal xüsusiyyətlərə malik olduğu üçün bu materialdan istifadə edilib. Daha sonra tədqiqatçılar printerdən canlı yosunları 3D çapa veriblər. İkisini birləşdirərək yosunların fotosintez etmə fəaliyyəti və sellülozun gücü ilə bənzərsiz bir material meydana gətiriblər. Material ekoloji cəhətdən potensial olaraq, sağlam bir dünyaya yol açır. Belə ki, yosundan hazırlanmış parçadan, ətraf mühitin mənfi təsirlərindən qorunmaq, yaraları müalicə etmək məqsədilə istifadə etmək olar.

Məqalə “Advanced Functional Materials” jurnalında dərc edilmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.