Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

İncilər necə əmələ gəlir?

Bir canlı tərəfindən yaradılması mümkün olan qiymətli daşlar arasında yeganə nümunə incidir. İncilər istiridyə (mirvari molyusku) və bəzi balıqqulaqlarında olur. Bunlar dənizlərdə yaşayan molyusklar sinfindən olan xərçəngkimilərdir.

Molyusklar qabıqlarına sızmış yad bir maddəni zərərsiz hala gətirmək üçün ətraflarında “zərflər” yaratmağa başlayırlar. Beləliklə, arzuolunmaz yad cisim zamanla qalınlaşan və müxtəlif təbəqələrdən ibarət bir quruluşa çevrilir. Bir sözlə, inci dənizin dibindən bir molyuskun qabığına təsadüfən toplanan qum dənəsi və ya çirkabdan başqa bir şey deyil.

İncinin parlaqlığı mirvari təbəqələrindən qaynaqlanır. Hər təbəqədə mikroskopik kristallar var. İşıq qatlar arasındakı boşluqlardan keçərək luminesans effekti yaradır. Bu təbii hadisə inanılmaz şəkildə baş verir və  elm hələ də bu prosesi bənzər şəkildə təkrarlaya bilməmişdir.

 

Kainatın mərkəzi varmı?

Əvvəla bilməliyik ki, böyük partlayış maddənin boş yerə səpələnməsi deyil, kosmosun özünün sürətlə genişlənməsidir. Bu o deməkdir ki,  kainatın bütün  nöqtələri bir  mərkəzdə yerləşir.

Kainatın üzərində olan o nöqtələri boş bir şar olaraq düşünün. Bu nöqtələr qalaktika qruplarını təmsil edir. Şarlar uçduqca bir nöqtə digərindən uzaqlaşır. Bütün kainat kimi qalaktikaların qrupları arasındakı boşluqlar da sürətlə böyüyür (cazibə qüvvəsi qrupların ölçülərini sabit saxlayır). Edwin Hubble bu fenomeni ilk dəfə 1929-cu ildə müşahidə etmişdir. O, kosmosda səyahət edərkən uzaq qalaktikadan gələn işığın spektrın qırmızı ucuna keçdiyini fərq etmişdi.

Elm adamlarının bir sübutu da var: Böyük partlayışdan gələn işıq kosmik radiasiya şəklində səmanı hər tərəfə yayır.

 

Əgər ruh varsa, harada yerləşir?

Əgər insanın ruhu varsa, şübhəsiz ki, bir yerdə olmalıdır. Ruha inananlar üçün onun yeri ilə bağlı sual əsrlərdir ki,  maraq doğurur.

Qədim misirlilər ruhun ürəkdə olduğunu zənn edirdilər. Eramızdan əvvəl 2000-ci ilə aid məzar şəkillərində, Anubis tanrısının ruhla dolu ürəyinin əksi buna nümunədir. Sonralar 1515-ci ildə Leonardo da Vinci ruhun beynin mərkəzində olduğunu iddia etdi və onu tapmağa çalışdığı üçün də sehrbaz adını alaraq çox qınandı.

Bəzi möminlər ruhun əsassız bir varlıq olduğunu iddia edirlər (Cambridge filosofu Gilbert Ryle tərəfindən “maşında xəyal” olaraq qeyd olunur). Lakin bu, qeyri-əsaslı varlığın maddi bir bədənə necə təsir edə biləcəyi klassik fəlsəfi sual doğurur.

Amerikalı həkim Duncan MacDougall ruhun bir çəkiyə sahib olması qənaətinə gəldi. O, 1907-ci ildə ölməkdə olan vərəm xəstələrinin çəkisini ölçərək, kütlənin dəyişdiyini və ruhun 21 qram ağırlığında olmasını iddia etdi.

Təbii ki, bütün bunlar sadəcə bir fərziyyədir.

 

Ağrıkəsicilər ağrının mənbəyini necə tapır?

Ağrı əsasən bədən hüceyrələrinin zədələnməsindən qaynaqlanır. Bu vəziyyətdə o, bölgədəki sinir hüceyrələri, ağrıya cavab verəcək reseptorları stimullaşdırır. Bu ağrı reseptorları (nosiseptor) onurğa beyni ilə dəri arasında, əzələlərdə, bəzi daxili orqanlarda və dişlərimizdə mövcuddur.

Nosiseptorlar, hüceyrələr təhlükə altında olanda fəaliyyətə başlayır. Ağrıkəsicilər prostaqlandin adlı kimyəvi maddənin istehsalını dayandırır. Bu vəziyyətdə, nosiseptorlar ağrını azaltmaq üçün hərəkətə keçir. Bu bloklanmış kimyəvi maddə qana qarışır və bütün bədənə yayılır. Bir sözlə, ağrıkəsicilər ağrının mənbəyini aşkar edə bilmirlər. Vücudumuzun hər yerinə yayılır, zədələnmiş hüceyrələrə çatır və ağrının qarşısını alırlar.

 

İnsanların da maqnit hissi varmı?

Bir çox heyvanlar Yerin maqnit sahəsini hiss edərək coğrafi yerləri və istiqamətləri təyin edə bilirlər. Biz insanlar bunu, bir kompasın köməkliyi ilə müəyyən edirik. Xüsusilə quşlar, balinalar və dəniz tısbağaları kimi köç edən heyvanlar maqnit sahəsini hiss edərək yollarını itirmədən uzun məsafələr qət edirlər. Məsələn, quşlar gözlərindəki kvant mexanizmləri ilə işığa bağlı olaraq, maqnit sahəsini aşkar edə bilirlər.

Massachusetts Tibb Universitetinin nevroloqu Steven Reppert insanların da bu cür hisslərə sahib ola biləcəyini iddia edir. Alim, insanların gözündə quşlardan ikiqat yüksək ölçməyə imkan verən, işığa həssas zülalların olduğunu sübut edib. Ancaq bu mənada kifayət qədər məlumatlı olmadığımız üçün bu prosesi aktivləşdirmək bioloji baxımdan zaman tələb edir. Amma nəticələr göstərir ki, biz insanlar da maqnit sahəsini müəyyən edə bilərik.

 

Bir atın nə qədər “at gücü” var?

At gücü avtomobilə marağı olan hər kəs üçün tanış bir ölçüdür. Bəs bu ifadə necə yaranıb və bir at doğrudan da “at gücü” nə malikdirmi?

İlk dəfə 1872-ci ildə mühəndis James Watt, buxar mühərrikinin gücünü ölçmək üçün at gücü (ingilis dilində Horse Power HP) terminindən istifadə etmişdir. O, at gücünü hələ, atlardan buxar mühərrikinə keçməmiş müştərilərə yaxşı bir sərmayə olduğunu göstərmək üçün yaratdı. Kömür mədənlərində yükdaşıyan atları bir müddət müşahidə edən Vatt, ölçmələri nəticəsində bir atın 45 kiloqramlıq kömürü 1 saniyədə 1,11 metr məsafəyə daşıya bildiyini müəyyən  etdi. Onun tərifinə görə bir at gücü 735,5 Vata (W və ya saniyədə Joule) bərabərdir.

1925-ci ildə ingilis baytarı William Youatt sağlam bir atın tam bir gündə edə biləcəyini hesablayaraq Wattın təxminlərini təsdiqlədi.

 

Beynin ölçüsü ilə zəka arasında əlaqə ola bilərmi?

Beynin böyüklüyü, həmişə ən yüksək IQ səviyyəsinə malik olduğunuz anlamına gəlmir.

Niyə böyük beyinləri ağılla əlaqələndirməyə davam edirik? Bu suala cavab tapmaq üçün illər ərzində aparılan bir çox tədqiqatlarda bütün beyin ölçülərinin zəka ilə əlaqəsi sistematik şəkildə araşdırılmışdır.

Beynin MRT müayinəsi eyni cinsdən olan insanlarda, ölçü və IQ arasında ardıcıl bir əlaqənin olduğunu ortaya qoyur. Ancaq yüksək IQ-lərə malik kiçik və ya zədələnmiş beyin quruluşları da olduğundan bu qaydalar şərti hesab olunmur. Bir sözlə, ümumi beyin həcmi ilə zəka arasındakı əlaqəyə dair heç bir sübut yoxdur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.