DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“TALIBAN” ƏFQANISTANDA MÜHARIBƏNIN BAŞA ÇATDIĞINI AÇIQLAYIB

Əfqanıstan ərazisində müharibə başa çatıb, Kabil üzərində nəzarəti ələ keçirən “Taliban” hərəkatı yaxın zamanda ölkədəki idarətemə formasını müəyyən edəcək. “Trend” agentliyinin məlumatına görə, bunu “Əl Cəzirə” telekanalına müsahibəsi zamanı taliblərin Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim bəyan edib.

M.Naim deyib: “Əfqanıstanda müharibə başa çatıb. Ölkəmizin və xalqımızın müstəqilliyinə nail olduq. Biz ölkənin təhlükəsiz və korrupsiyadan uzaq olmasını istəyirik”.

Hərəkat rəsmisi “Taliban”ın təcrid olunmuş vəziyyətdə yaşamaq istəmədiyini vurğulayıb. O, hərəkatın şəriət qanunlarına əsasən qadın və azlıqların hüquqlarına, eləcə də söz azadlığına hörmətlə yanaşılacağını bildirib.

Xatırladaq ki, “Taliban” Əfqanıstanın paytaxtı Kabili döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk edib.

 

TÜRKIYƏDƏ SEL NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI 72 NƏFƏRƏ ÇATIB

Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 72 nəfərə yüksəlib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilir ki, Kastamonuda 60, Sinopda 11, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 72 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.

Eyni zamanda, agentliyə Sinop və Kastamonu şəhərlərində ümumilikdə 47 sakinin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Hazırda itkin düşənlərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.

 

ABŞ VƏTƏNDAŞLIĞINDAN IMTINA EDƏNLƏRIN SAYI REKORD HƏDDƏ ARTIB

ABŞ-da vergi ödəməmək üçün vətəndaşlıqdan və “Green Card” xidmətindən imtina edənlərin sayı 2020-ci ildə 2019-cu ilə nisbətən 237 faiz artıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

ABŞ-ın Vergilər İdarəsinin məlumatına əsasən, koronavirus epidemiyasının bütün dünyada təsirli olduğu 2020-ci ildə 6707 nəfər Amerika vətəndaşlığından imtina edib.

Bununla yanaşı, ABŞ-ın ölkə xaricində yaşayan vətəndaşlarını da Vergilər İdarəsinin qaydalarına əsasən vergi ödəməyə məcbur etməsi və hər il ölkə xaricindəki gəlirlərini bəyan etmələrini istəməsi sözügedən mövzunun artma səbəbi olduğu bildirilir.

ABŞ vətəndaşlığından çıxmağı seçənlərin əksəriyyəti qazancına görə yüksək vergi yükünə girənlər və ABŞ-da doğulmasına baxmayaraq, həyatının böyük qisimini başqa ölkələrdə yaşayanlardır.

ABŞ Dövlət Departamentinin məlumatına görə, ölkə xaricində təxminən 9 milyondan çox Amerika vətəndaşı yaşayır.

 

HAITIDƏ ZƏLZƏLƏ QURBANLARININ SAYI 1300 NƏFƏRƏ YAXINLIŞIR

Haitidə zəlzələ qurbanlarının sayı artıb. Bu barədə “Report” agentliyi məlumat yayıb. Verilən xəbərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1297 nəfərə çatıb.

Bildirilir ki, zəlzələ nəticəsində azı 5,7 min insan yaralanıb, onların 3,2 mini xəstəxanaya yerləşdirilib.

Hazırda dağıntılar altında olan insanların axtarışları davam edir. Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, avqustun 14-də Haiti adasının qərbində güclü zəlzələ baş verib. Yeraltı təkan Rixter şkalası ilə 7,2 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

 

HULUSI AKAR ƏFQANISTANLA BAĞLI MÜŞAVIRƏ KEÇIRIB

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılığı ilə Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirilib. “Report” agentliyinin “TRT” telekanalına istinadən verdiyi xəbərə görə, müşavirə videokonfrans formatında baş tutub.

Məlumata əsasən, müşavirədə silahlı qüvvələrin baş qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz, həmçinin Əfqanıstandakı Türkiyə hərbi missiyasının komandanı iştirak edib.

Müşavirə zamanı bildirilib ki, Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir. Həmçinin Əfqanıstandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hadisələrin inkişafının daima izləndiyi vurğulanıb.

 

MIXEIL SAAKAŞVILIDƏN “TALIBAN”LA BAĞLI ŞOK IDDIA

“Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ın növbəti hədəfi Mərkəzi Asiya olacaq”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bəyan edib.

“Əfqanıstan ordusu öz ölkəsi uğrunda döyüşmək istəmədi. Buna görə də “Taliban” hakimiyyəti ələ keçirdi”, - deyə eks-prezident bildirib.

Mixeil Saakaşvili “Taliban” hərəkatının dayanmayacağını və Mərkəzi Asiyanın növbəti hədəf olacağını söyləyib.

Sabiq dövlət başçısı hesab edir ki, əfqan ordusu öz ölkəsi uğrunda döyüşmək istəsəydi, amerikalılar ona yardım edə bilərdi.

Bununla yanaşı, Saakaşvili bölgədə baş verənlərin Rusiya üçün ciddi başağrısı yaradacağını iddia edib: “Radikalların cənubdan irəliləməsi o deməkdir ki, Rusiya üçün çox isti bir dövr başlayır”.

 

2021-CI ILIN IYULU DÜNYA TARIXINDƏ ƏN ISTI AY OLUB

2021-ci ilin iyul ayı dünyada meteomüşahidələr dövründə ən isti ay kimi qeydə alınıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi məlumat yayıb.

Bildirilir ki, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi istiliyi XX əsrin orta temperaturu olan 15,8 dərəcə Selsi göstəricidən 0,93 dərəcə yüksək olub.

Verilən xəbərə görə, qurum 1880-ci ildən bəri hava şəraitini izləyir. İyul ayında əvvəlki rekord temperatur 2016-cı ildə qeydə alınmışdı, daha sonra 2019 və 2020-ci illərdə də eyni rəqəm müşahidə edilmişdi. Hazırkı rekord həmin illərin nisbətlərini 0,02 dərəcə Selsi üstələyib.

Bununla yanaşı, qeyd edilir ki, 2021-ci ilin iyul ayı Asiyada ən isti ay olub, bu göstərici üzrə ikinci Avropadır (rekord 2018-ci ilin iyul ayında qeydə alınıb).

 

ƏLCƏZAIRDƏ MEŞƏNI YANDIRAN ŞƏXSIN ÖZÜNÜ YANDIRDILAR

Əlcəzairin Larba-Nat-İraten şəhərində meşələri yandırmaqda şübhəli bilinən şəxslər əhali tərəfindən linç edilib. Bu barədə “Report” agentliyi “RİA Novosti”yə istinadən xəbər verib.

Məlumata əsasən, üç şəxs yerli sakinlər tərəfindən döyülüb. Bu zaman polis döyülən şəxsləri bölməyə aparmağı bacarıb. Lakin meşəni yandıran şəxslərdən biri, Camel Bensmail əhali tərəfindən polis bölməsindən çıxarılaraq şəhərin meydanına gətirilib. Burada onu döyüb, daha sonra yandırıblar. Nəticədə Camel Bensmail ölüb.

Faktla bağlı Şəhər Prokurorluğunda cinayət işi açılıb, 36 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında Camel Bensmaili bıçaqlayan şəxs və camaatı cəsədi yandırmağa təhrik edən qadın da var.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.