VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ
Region

VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ

Azərbaycanın bütövlüyü uğrunda və torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu hər bir gəncimizə örnəkdir. Daşkəsəndə İkinci Qarabağ müharibəsi şəhidi Verdiyev Röyal Qabil oğlunun ad günü Daşkəsən rayonunun Xoşbulaq kəndində Şəhidin valideynlərinin yaşadığı evdə anılıb. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Maarif Hüseynov, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, şəhidin ailə üzvləri, rayonun şəhid anaları iştirak ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları  ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ardıcıl mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.

Əhəd Abıyev şəhidin döyüş yolundan söhbət açıb. Bildirib ki, 1994-cü ildə anadan olmuş əsgər Röyal Verdiyev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşıb, şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Verdiyev Röyal Qabil oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid atası Qabil Verdiyev, anası Sevda Verdiyeva, şəhid anaları Aybəniz Abdullayeva, Nazilə Bağırova, Brilyant Əsgərova “Təki Vətən sağ olsun!” - deyərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə etmiş və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Röyal Verdiyevin ad günündə onun Daşkəsən Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub.

Zabit XƏLİLOV,

“Respublika”.