Sağlam həyat
Maraqlı

Sağlam həyat

İşlənmiş ət istehlakı ürək xəstəlikləri riskini artırır

Yeni bir araşdırmaya görə sosiska, kolbasa, vetçina və hisəverilmiş müxtəlif mənşəli emal edilmiş ətlər kimi qidaların istehlakı ürək-damar sistemi başda olmaqla bir çox sayda xəstəliklərlə əlaqələndirilir.

Oksford Universitetinin Nuffield Əhalinin Sağlamlığı Departamentinin (NDPH) tədqiqatçıları tərəfindən aparılan sistematik bir araşdırmada işlənmiş ət istehlakı ilə ürək xəstəlikləri arasında güclü bir əlaqə tapılıb. Elm adamları 1,4 milyondan çox insanın iştirak etdiyi 13 genişmiqyaslı araşdırma məlumatlarını nəzərdən keçirərək iştirakçıları 30 il ərzində izləyiblər.

Təhlildən əldə edilən nəticələrə görə, gündə 50 qramdan çox işlənmiş ət qəbulu ürək xəstəlikləri riskini 18 faiz artırır.

 “American Journal of Clinical Nutrition” jurnalında dərc edilən məqalədə alimlər  bunun səbəbini qırmızı ətin tərkibində doymuş yağların və natriumun (duzun) yüksək miqdarda olması ilə əlaqələndiriblər. Doymuş yağ zərərli LDL xolesterinin miqdarını, daha çox duz qəbulu isə qan təzyiqini artırır və bunların hər ikisi ürək xəstəlikləri üçün bilinən risk faktorları hesab olunur.

 “Emal edilmiş ətlərin adətən raf ömrünü uzatmaq, dadını dəyişdirmək üçün duzlar və digər konservantlardan istifadə edilir. Bu əlavələr ətdəki protein ilə birləşərək bağırsaqlardakı hüceyrələrə zərər verən zəhərli birləşmələr də yarada bilər. Bu mövzuda aparılan gələcək araşdırmamızla işlənmiş ətlərin digər xəstəliklərlə də əlaqəsini ortaya çıxara bilərik”-deyə tədqiqatçı müəllif  Dr.Anika Knüppel qeyd edib.

 

Qeyri-adi üsulla Parkinsonun müalicəsi

Amerikalı alimlər ətirlərə xüsusi çiçək qoxusu verən bitki ekstraktlarının (Farnesol) Parkinsonun müalicəsində təsirli ola biləcəyini iddia edirlər. “Science Translational Medicine” jurnalında nəşr olunan araşdırmada Johns Hopkins Universitetinin tədqiqatçıları  farnesol birləşmələrinin dağıdıcı nevroloji pozğunluğu geri çevirdiyini söyləyirlər.

Bitkilər və efir yağlarından əldə edilən farnesol ekstraktı  ətir sənayesində geniş istifadə olunur. Elmi araşdırmalarla artıq uçucu yağın antibakterial təsirə malik olduğu təsbit edilib. Alimlər bu birləşmənin beyində dopamin istehsal edən neyronların fəaliyyətini gücləndirdiyini, titrəmə və zehni tənəzzülün əlamətlərini effektiv şəkildə tətiklədiyini bildiriblər.

Parkinson xəstəliyinin PARIS adlı zərərli bir zülaldan qaynaqlandığı güman edilir. Gəmiricilər üzərində aparılan təcrübələrdə farnesolun, bu zülalın fəaliyyətinə maneə törətdiyi aşkar edilib. Alimlərin sözlərinə görə bu kəşf, xüsusilə molekulu hədəf alaraq xəstəliyin müalicəsinə yol aça bilər. Xəstələrin beynində toplanan zərərli zülalların fəaliyyətinə mane olan farnesol  simptomların irəliləməsinin qarşısını alır.

Elm adamları  insanlar üzərində təhlükəsiz farnesol dozasını hələ ki, təyin etməsələr də, tədqiqatın  müəllifi, professor Dawson və həmkarları bu maddənin Parkinson xəstəliyinin müalicəsində effektiv olacağına ümid edirlər. 

 

Daha çox yerfıstığı istehlakı xərçəngə səbəb ola bilər

İngiltərəli alimlərin araşdırmalarına görə, daha çox yerfıstığı istehlakı xərçəngin yayılma riskini artıra bilər.

“Carcinogenesis” jurnalında dərc olunan məqalədə, yerfıstığının tərkibində olan proteinin (Peanut agglutinin PNA) qan damarlarındakı hüceyrələrə təsir edərək sitokinlərin əmələ gəlməsində böyük rol oynadığından bəhs edilib.

Sözügedən sitokinlər (IL-6 və MCP-1) xərçəng metastazının tanınmış “təbliğatçı”ları hesab olunur. Artan sitokinlər qan damarlarının daxili astarında olan endotel hüceyrələrin hissəciklərinə yapışaraq çoxalır. Yapışan hissəciklər və şiş hüceyrələri arasında artan qarşılıqlı əlaqə xərçəng metastazı riskini artırır.

“Əlavə araşdırmalara ehtiyac olsa da, tədqiqatlar  xərçəng xəstələri tərəfindən daha çox fıstıq istehlakının  metastazın yayılma riskini artıra biləcəyini göstərir. Sınaqlar zamanı sağlam könüllülərdə 250 qram fıstıq istehlak edildikdən bir saat sonra PNA konsentrasiyasının əhəmiyyətli dərəcədə artdığını gördük. Bu səbəbdən də xərçəng xəstələrinin çox miqdarda fıstıq istehlakından çəkinməsini və gündəlik dozanın 28 qramdan çox olmamasını tövsiyə edirik”-deyə Liverpul Universitetinin professoru, tədqiqat müəllifi Lu-Gang Yu bildirib.

Tədqiqat Amerika Xərçəng Araşdırmaları İnstitutu tərəfindən dəstəklənib.

 

Saç tökülməsini geri çevirən yeni bir metod

Keçəllik adətən kişilərə xas olan problem olsa da, qadınlarda da tez-tez rast gəlinir. Saç tökülməsinin səbəbi irsi xəstəliklər, hormonal dəyişikliklərlə əlaqələndirilsə də  çox vaxt genetik olur. Bu problemin müalicəsi olmadığı üçün bəzən kişilər depressiyaya da düşürlər. Lakin çinli alimlər keçəlliyin simptomları ilə mübarizə apara biləcək yeni bir metoddan istifadə ediblər.
“ACS Nano” jurnalında dərc edilən araşdırmada tədqiqat müəllifləri Fangyuan Li, Jianqing Gao və həmkarları baş dərisində reaktiv oksigen növlərinin yığılmasının saç böyüməsinə kömək edən hüceyrələrin ölümünə səbəb ola biləcəyini qeyd ediblər. Onlar seriumun kimyəvi elementi olan nanohissəciklərin reaktiv oksigen növlərini çıxaran fermentləri təqlid etdiyini kəşf ediblər. Tədqiqatçılar serium nanohissəciklərini dərinin altındakı saç köklərinə çatdırmaq üçün minimal invaziv “yamaq” hazırlayıblar.

Komanda siçanlar üzərində apardıqları təcrübələrdə həm plasebo, həm də serium yamağını sınaqdan keçiriblər. Hər iki metod saç folekullarının ətrafında qan damarlarını stimullaşdırsa da, araşdırma serium yamağının bunu daha sürətli etdiyini göstərib. Nəticədə heyvanlarda dəri piqmentasiyasının əlamətləri və yeni saç inkişafının başlanğıcını göstərən işarələr meydana çıxıb.
Alimlər bu metodun saçların daha sürətli uzanmasına və keçəlliyə qarşı aparıcı topikal (yerli) müalicələrə səbəb olacağına ümid edirlər. 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.