DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TARIXDƏ NADIR RASTLANACAQ FƏLAKƏTLƏRƏ ŞAHID OLDUQ

“Türkiyədəki yanğınların bir qisminin terror təşkilatlarının qəsdən törətmə şübhəsilə bərabər təbii amillərin də rol oynadığı hallarla qarşılaşdıq”. “APA”nın verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bəyan edib.

Ərdoğan bildirib ki, Türkiyə bir müddətdir məruz qaldığı quraqlıq, sel, yanğın fəlakəti ilə üz-üzədir. “Yanğın 4 həftəyə yaxındır 54 vilayətdə 150 min hektara öz təsirini göstərib. Təkcə Antalyada 82 min hektar ərazi yararsız hala düşüb”, - deyə prezident vurğulayıb.

Bununla yanaşı, Ərdoğan Türkiyənin şimalının sel fəlakətinə məruz qaldığını qeyd edib. “Rize, Artvin, Bartın, Sinop və Kastamonuda qısa müddətdə yağan fasiləsiz yağışlar dağıntılara yol açıb. Yüksəkliyi 5 metrə qədər olan sel suları önünə çıxan hər şeyi dağıdıb. Sel suları yaşayış yerlərini yararsız vəzyyətə salıb. Bu sel fəlakəti tarixdə nadir rastlanacaq hadisədir”,  - deyə Ərdoğan əlavə edib.

 

“TALIBAN”A QARŞI KOALISIYA QURULUR

“Taliban” hərəkatı Əfqanıstanı nəzarəti altına almağı bacarsa da, yerli xalqlar hələ də onlara qarşı dirəniş göstərmək planları qururlar. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Taliban”a qarşı başladılan dirəniş hərəkatı ilə bağlı yeni hallar yaşanır.

Məlumata əsasən, “Taliban”a qarşı koalisiya paytaxt Kabildən 160 kilometr uzaqlıqda yerləşən Pencşir vilayətində toplanır.

Bildirilir ki, hakimiyyəti faktiki olaraq “Taliban”a verən keçmiş iqtidarın son əmri ilə çox sayda ağır silahlar məhz bu vilayətə daşınıb.

Bölgədən gələn son görüntülərdə Pencşir vilayətində hökumətə aid helikopterlərin olduğu, habelə ağır silahların mövcudluğu aydın görünür.

Eyni zamanda, görüntülərdə Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə aid hərbi maşınların vilayətin stadionuna toplandığı da müşahidə olunur. Lakin vilayətdəki döyüşçülərin sayı və hərbi gücün imkanları tam olaraq bəlli deyil.

 

PANDEMIYA ÇILI IQTISADIYYATINI XILAS EDIB

2021-ci ilin ikinci rübündə Çili iqtisadiyyatı “Bloomberg” mütəxəssislərinin gözlədiyindən daha çox artıb. “Report”  agentliyinin verdiyi xəbərə görəi, Latın Amerikası ölkəsini hökumətin pandemiyanın vurduğu iqtisadi ziyanın təsirini azaltmaq üçün tətbiq etdiyi maliyyə stimulları xilas edib. Belə ki, Çilinin ÜDM-i 2021-ci ilin birinci rübü ilə müqayisədə 1 faiz, ölkə iqtisadiyyatı isə 2020-ci illə müqayisədə 18,1 faiz artıb.

Beynəlxalq Valyuta Fonduna görə, inkişaf etməkdə olan Çili pandemiyanın iqtisadi nəticələrini kompensasiya etmək üçün həddindən çox vəsait xərcləyib - təkcə pensiyaların ödənişləri üçün 50 milyard ABŞ dolları ayırıb.

Hökumətdən əldə edilən pullar istehlak bumunu və pərakəndə satışların ötən ilin eyni dövrü ilə müqayisədə heyrətamiz artımına səbəb olub - mayda 72 və iyunda 66 faiz. Mərkəzi Bank, mədənçıxarma işlərinin 3,1 faiz, daxili tələbatın isə 1,6 faiz artdığını bildirib. Çilinin maliyyə tənzimləyicisi ölkənin üDM -in bu il 9,5 faiz artacağını proqnozlaşdırır.

 

ƏFQANISTANIN TORPAQ ALTINDA YATAN SƏRVƏTI

“Taliban” sadəcə Əfqanıstanı ələ keçirərək bu ölkənin torpaqları üzərində hakim mövqe əldə etməyib, eyni zamanda bu torpaqların altında yatan dəyəri 1 trilyon dollar qiymətləndirilən minerallara və mədən yataqlarına da sahib olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu araşdırma ilə “CNN International” telekanalı çıxış edib.

Araşdırmaya əsasən, dünyada Əfqanıstan ən kasıb ölkələrdən biri kimi göstərilir. Lakin ABŞ hərbi rəhbərləri və geoloqları ölkənin iqtisadi durumunu böyük miqyasda dəyişdirə biləcək 1 trilyon dollar dəyərindəki mədən yataqlarının olduğunu ortaya çıxarıb.

Bildirilir ki, dəmir, mis və qızıl Əfqanıstan torpaqlarının altına səpələnib.

Eyni zamanda, Əfqanıstan nadir minerallara da ev sahibliyi edir. Belə ki, dünyanın ən böyük litium yatağı da məhz burada yerləşir. Bu maddənin sarj edilə bilən batareyalarda istifadə olunduğunu xatırladan “CNN” bildirir ki, bu maddə iqlim böhranı ilə mübarizədə həyatı əhəmiyyət daşıyır.

 

ÜST RƏHBƏRI: BƏŞƏRIYYƏT TARIXININ ƏN HƏSSAS ANINI YAŞAYIRIQ

“Koronavirus pandemiyası ilə yanaşı, təbii fəlakətlər, münaqişələr və iqlim dəyişikliyi də daxil olmaqla, digər fövqəladə hallarla üzləşdiyimizdən bəşəriyyət tarixinin ən həssas anını yaşayırıq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu fikri Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dilə gətirib.

Baş direktor ölkələri özünü təcrid etmək istəyinə qapılmadan problemlərlə birlikdə mübarizə aparmağa çağırıb.

“Doğrusu, bu qədər çox fövqəladə halın eyni vaxtda baş verdiyini heç vaxt görməmişəm. Bütün bunlar humanitar sistemi onun mütləq həddinə doğru və hətta daha da irəli sürükləyir”, - deyə ÜST rəhbəri vurğulayıb.

 

HAITIDƏ ŞIDDƏTLI ZƏLZƏLƏ NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI ARTIB

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2189 nəfərə çatıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb. Açıqlamaya əsasən, zəlzələ zamanı həmçinin 12268 nəfər xəsarət alıb.

Bildirilir ki, ölənlərdən 1832 nəfəri Cənub, 218 nəfəri Qrand-Ans, 137 nəfəri Nipp, iki nəfəri isə Şimal-Qərb departamentində həlak olublar.

Xatırladaq ki, avqustun 14-ü Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşib. Ölkədə bir ay müddətinə fövqəladə vəziyyət rejimi tədbiq olunub.

 

ÇINDƏ 3 YAŞDAN YUXARI UŞAQLARA KORONAVIRUS PEYVƏNDI VURULACAQ

Çin hökuməti yerli “Sinopharm” əczaçılıq şirkətinin yaratdığı preparatı üç yaşdan yuxarı uşaqlara koronavirusa qarşı peyvənd kimi tətbiq etməyə başlayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə vaksin istehsalçısının saytında dərc olunmuş məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, 17 yaşa qədər yeniyetmələrə peyvənd fövqəladə hallarda vurulacaq. Müvafiq qərar Çinin epidemioloji nəzarət orqanları tərəfindən verilib.

“Sinopharm” rəhbərliyinin bildirdiyinə görə, bu preparat vasitəsilə uşaqların peyvənd olunmasının effektivliyi 96,1 faizdir. “Vaksin tamamilə təhlükəsizdir, yalnız yüngül mənfi reaksiya olması mümkündür, heç bir ağırlaşma qeydə alınmayıb”, - deyə açıqlamada vurğulanır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.