“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Sosial həyat

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə reallaşdırılan “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu dəfə tədbir Dağüstü parkda təşkil olunub. Tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Olimpiya çempionlarının da dəvət olunduğu tədbir Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən şəhidlərin övladları “Zəfər” marşını ifa edərək tədbirə qatılıblar. Onlar üzərində atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar üzərində subay şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirdə iştirak ediblər.

Tədbirin rəsmi hissəsində aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını və xanımlarını, tədbirə qatılan digər qonaqları salamladıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Müdafiə Nazirliyinin Sosial Müdafiə Şöbəsinin rəisi Həbib Məmmədov çıxış edərək bu cür tədbirlərin mütəmadi keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Vətən uğrunda canından keçmiş oğullarımızın övladlarının hər birimiz üçün bir əmanət olduğunu deyən şöbə rəisi onların işıqlı gələcəyi naminə əlimizdən gələn hər şeyi etməyin vacibliyini vurğulayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov da şəhid və qazilərimizin qəhrəmanlıqlarının xalqımız tərəfindən heç vaxt unudulmayacağını, bu cür oğulların var olduqca bu Vətənin daim yaşayacağını deyib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da çıxış edərək kimliyindən asılı olmayaraq, hər kəsin şəhid ailələrinə diqqətlə yanaşmasının vacibliyindən danışıb.

“Fire Land Production”un rəhbəri Cəlal Qurbanov tədbirin əsas məqsədinin qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu deyib. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin böyük həssaslıq və sevgiyə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğunu deyən C.Qurbanov vurğulayıb ki, xalqımızın da hər zaman qəhrəmanlarımızın ailələrinin yanındadır. O, layihənin hüdudlarının təkcə Bakı şəhərini əhatə etməyəcəyini, Azərbaycanın digər bölgələrində də bu cür tədbirlərin keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Şəhid analarına müraciətlə çıxış edən ilahiyyatçı Hacı Zaur Məmmədov onlara belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tədbirin xüsusi qonağı Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə də şəhid övladları ilə birlikdə olub, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşüb. O, “Sən yadıma düşəndə” mahnısını ifa etməklə həssas anlar yaşanıb.

Sonra “Əbədi məşəl” abidə-kompleksində qəhrəmanlarımızın övladları “Zəfər” marşını oxuyaraq və səmaya ağ göyərçinlər uçuraraq dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını veriblər.

Sonda qəhrəman övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə olunub.

AZƏRTAC