DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ PREZIDENTININ BALKAN REGIONUNA SƏFƏRI BAŞLAYIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan regionuna səfəri başlayıb. “Report”un  “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan ilk olaraq Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə gəlib.

Məlumata görə, Türkiyə prezidenti burada naməlum əsgərin abidəsini ziyarət edib, əklil qoyub.

Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətində təmsil olunan boşnak, xorvat və serb nümayəndələrlə görüş keçirəcək.

Qeyd edək ki, Türkiyə prezidenti Bosniya və Herseqovinaya rəsmi səfərini tamamladıqdan sonra Monteneqroya gedəcək.

 

“TALIBAN”A ÖLKƏDƏN ÇIXARILACAQ İNSANLARIN SIYAHISI TƏQDIM OLUNUB

Birləşmiş Ştatlar “Taliban”  hərəkatı nümayəndələrinə Kabildən çıxarmaq istədikləri ABŞ və Əfqanıstan vətəndaşlarının siyahısını təqdim edib. Bu barədə “Sputnik” informasiya agentliyi “Politico” nəşrinə istinadən xəbər verib.

Nəşrin məlumatına əsasən, sözügedən addım Əfqanıstandan insanların təxliyəsini sürətləndirmək üçün atılıb. Lakin bu, bəzi konqresmenlər və hərbçilərin narazılığına səbəb olub.

ABŞ-ın Müdafiə Nazirliyindən olan mənbə “Politico” nəşrinə bildirib ki, bu addım həmin şəxslərin həyatı üçün ciddi təhdiddir.

“Onlar sadəcə bu əfqanların hamısını güllələnmə siyahısına əlavə ediblər”, - deyə mənbə bildirib.

Məlumat üçün qeyd edək ki, ötən gün brifinq zamanı Cozef Bayden bəyan etmişdi ki, belə bir siyahının olmasına dair dəqiq məlumata malik deyil.

 

SERGEY ŞOYQU: RUSIYAYA QARŞI TƏHLÜKƏLI PLAN HAZIRLANIR

“Kənarda Rusiyaya qarşı dərin və ciddi işlər aparılır”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib. Nazir ehtimal olunan təhlükələrə qarşı Rusiya daxilində yeni müdafiə sisteminin qurulmasının vacibliyinə diqqət çəkib.

Eyni zamanda, Sergey Şoyqunun sözlərinə görə, Kalininqraddan Kamçatkaya qədər bütün ərazilər boyunca Rusiyaya qarşı bu cür təxribat işləri ardıcıl olaraq aparılır.

Qeyd edək ki, Sergey Şoyqu bir müddət öncə açıqlamasında Rusiya ordusunda müasir silahların payının 71 faizdən çox olduğunu bildirmişdi. Silahların xidmət qabiliyyətinin isə 99 faizə çatdığını diqqətə çatdırmışdı.

 

DANIMARKA “COVID-19”LA BAĞLI MƏHDUDIYYƏTLƏRI LƏĞV EDƏCƏK

Danimarka sentyabrın 10-dan etibarən koronavirusla bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin məlumatında bildirilir.

Məlumata əsasən, Danimarka dünyada ən yüksək vaksinləmə səviyyəsinə malik ölkələrdən biridir. 12 yaşdan yuxarı hər 5 vətəndaşdan 4-ü peyvənd olunub. Bu səbəbdən, hökumət “COVID-19”u daha cəmiyyət üçün kritik xəstəlik hesab etmir.

Hazırda ölkə xəstəxanalarında koronavirusa yoluxmuş 127 nəfər müalicə alır. İndiyədək 2573 Danimarka vətəndaşı xəstəliyin qurbanı olub.

 

DÜNYANIN ILK EKIPAJSIZ VƏ ELEKTRIKLI YÜK GƏMISI SƏFƏRƏ HAZIRLAŞIR

Norveçdə hazırlanan dünyanın ilk ekipajsız və elektriklə işləyən gəmisi bu il ilk səfərinə çıxacaq və ölkənin iki limanı arasında hərəkət edəcək. Bu barədə “TRT” telekanalı xəbər verib. Bildirilir ki, gəminin naviqasiya sistemi sahildəki üç ayrı-ayrı məlumat-idarə mərkəzi tərəfindən müşahidə olunacaq.

Mütəxəssislərin sözlərinə görə, karbon qazı buraxma səviyyəsi sıfıra bərabər olan gəmi havanı heç çirkləndirməyəcək.

Bundan əvvəl 2018-ci ildə Finlandiyada ekipajsız döyüş gəmisi hazırlanmışdı. Yük gəmisi isə ondan fərqli olaraq tam elektrikli və 103 böyük konteynerlə təchiz edilib.

Bildirilir ki, limana yanaşma, lövbər atma, gəmiyə yükləmə və boşaltma əməliyyatları hələlik insanlar tərəfindən icra olunacaq. Lakin qaldırıcı kran və daşıyıcılar avtomatik işləyəcək.

Qeyd edək ki, gəminin 2020-ci il səfərə başlama qərarı koronavirus epidemiyası səbəbindən bu ilə təxirə salınıb.

 

BMT TƏHLÜKƏSIZLIK ŞURASI TƏCILI TOPLANIR

BMT baş katibi Antoni Quterreş Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə avqustun 30-da bir araya gələcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş katib bununla bağlı Təhlükəsizlik Şurasının daimi üzvlərini təcili görüş keçirməyə dəvət edib.

Qeyd edək ki, Kabil hava limanında avqustun 26-da ard-arda terror hücumları həyata keçirilib. Pentaqon elan edib ki, terror aktı nəticəsində 12 amerikalı əsgər həlak olub,15 əsgər isə yaralanıb. Ümumilikdə ölənlərin sayı 200-dən çoxdur.

Bununla yanaşı, “Taliban” rəsmisi bildirib ki, terror aktını pisləyirlər, lakin hadisə ABŞ qüvvələri tərəfindən təhlükəsizliyin təmin edildiyi ərazidə baş verib.

 

ÜST RƏHBƏRINDƏN YENI PANDEMIYA ILƏ BAĞLI XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, qarşıdakı bir neçə ay gələcək pandemiyaya hazırlıq üzrə tədbirlərin görülməsi üçün çox əhəmiyyətli olacaq. Bu barədə “Report” agentliyi Rusiya mətbuatına istinadən xəbər verib.

“Qarşıdakı üç ay pandemiyaya hazırlıq və reaksiyanın formalaşması üçün olduqca əhəmiyyətli və kritik bir dövr olacaq”, - deyə ÜST rəhbəri vurğulayıb.

Tedros Adanom Qebreyesus xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasının sessiyası başlayacaq, həmçinin “Böyük iyirmilik” sammiti, daha sonra isə noyabrda ÜST-ün xüsusi sessiyası keçiriləcək. Bu tədbirlərdə pandemiya, koronavirusa qarşı mübarizə mövzusu geniş müzakirə ediləcək.

Eyni zamanda, ÜST rəhbərinin sözlərinə görə, təşkilat öz sıralarında 194 ölkəni birləşdirməklə “unikal qlobal mandata” malikdir.

 

“COVID-19”UN SIMPTOMLARI BAŞQA XƏSTƏLIKLƏ QARIŞIQ SALINIR

Pavlov adına birinci Sankt-Peterburq Tibb Universitetinin infeksionisti Oksana Staneviç son zamanlar koronavirusun qusma, ürəkbulanma, qarın ağrısı və diareya kimi əlamətlərinin artdığını bildirib. Bu barədə “Sputnik” informasiya agentliyi xəbər verir.

“İnsanlar tez-tez bunun “COVID” deyil, adi bir bağırsaq infeksiyası olduğunu düşündükləri üçün səhv müalicəyə başlayırlar. Bunun qastroenterit olmadığı artıq aydın olduqda, xəstələr qusma və diareya səbəbiylə çoxlu maye və elektrolitlər itirirlər”, - deyə infeksionist vurğulayıb.

Eyni zamanda, “Rospotrebnadzor” METİ-nin klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya qeyd edib ki, koronavirusun yüngül bir forması belə, mərkəzi sinir sisteminə təsir göstərə bilər.

Natalya Pşeniçnayanın sözlərinə görə, “COVID-19” tənəffüs yolları ilə orqanizmə girərsə, iybilmə sinirinə daxil olmaqla, mərkəzi sinir sisteminin hüceyrələrinə çata bilər.

Xəstəliyin ağır hallarında koronavirus oksigen çatışmazlığına da səbəb olur ki, bu da əksər hallarla beynin funksiyasının pozulması ilə nəticələnir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.