Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Elon Maskun insana bənzər robotu gəlir

Texnologiya dünyasının ən önəmli isimlərindən olan, elektrikli avtomobil markası Tesla, özəl raket istehsalçısı SpaceX, Hyperloop yüksəksürətli səyahət konsepsiyası və The Boring Company tunel şirkətinin qurucusu Elon Maskun saymaqla bitməyən layihələri davam etməkdədir. Elektrikli avtomobillər, insanları Marsa aparmaq,  nəqliyyat  problemlərini həll etmək üçün tunellər qurmaq və insan beyninə kompüter çipləri taxmaqla kifayətlənməyən  Elon Mask bu dəfə də insanabənzər robotu ilə gündəmdədir.

Tesla şirkəti tərəfindən hazırlanmaqda olan robot, insanları bezdirici və təhlükəli işlərdən azad edəcək. Tesla Bot adlandırılan robot  süni intellekt texnologiyasının dəstəyi ilə işləyəcək. Yorucu, təkrarlanan tapşırıqları yerinə yetirmək üçün hazırlanmış robot, əmr almadan təkbaşına hərəkət edə biləcək. Mask, robotun “bu əşyanı götür və o açarı maşına tax” kimi sadə əmrləri yerinə yetirə biləcəyini və bir gün sahibinin alış-verişini etmək üçün mağazaya da gedə biləcəyini söyləyib.

Mask hələlik robotun şəklini göstərib. Təxminən 1,72 boyunda olan robotun çəkisi 52 kiloqram civarında olacaq. Üzərində məlumat ekranı yerləşdirilən robotun, saatda 8 kilometr yol qət etməklə 20 kiloqram çəki qaldıracağı nəzərdə tutulur.

Mask Tesla robotunun prototipini gələn il ortaya çıxarmağı planlaşdırır. Sahibkar  robotun iqtisadiyyat üçün də əlverişli əhəmiyyət kəsb edəcəyini və çox bahalı olmayacağını qeyd edib.

İnformasiya “TechXplore” veb saytında yayımlanıb.

 

Ay torpağından oksigen istehsal ediləcək

İnsanların yenidən Aya göndərilməsi planlaşdırılır. NASA-nın Artemis Proqramı  2024-cü ildə biri kişi, biri qadın olmaqla iki astronavtı Aya göndərməyi hədəfləyir. Bu missiyalarda astronavtlar üçün qida və oksigen ən vacib ehtiyaclardır. Həmçinin, Yaponiya da bu yaxınlarda Ayda qida istehsalı araşdırmasına start verib.

İndi, Yaponiyanın Ispace və İsrailin Helios şirkətləri Ayda oksigen istehsalına yönəlmiş eksperimental bir layihə üzərində əməkdaşlıq edəcək. Şirkətlər 1 ton ay torpağından 250  kiloqram oksigen əldə etməyi hədəfləyir.

Fərqli ölkələr, Ayda uzunmüddətli missiyaların həyata keçirilməsi üçün mümkün texnologiyalar axtarmağa davam edirlər.

Kyodo agentliyinin verdiyi məlumata görə şirkətlər, Aydan əldə edilən torpağı yüksək temperaturda əridərək, elektroliz prosesi vasitəsilə oksigenə çevirməyə çalışacaqlar.

 “Layihə, daha çox oyunçunu bu bazara girməyə təşviq edəcək. Ayın torpaqlarından oksigen istehsalı, gələcəkdə bu missiyaların həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edəcək”-deyə Ispace şirkətinin icraçı direktoru (CEO) Hakamada Takeshi qeyd edib.

Məqalə “Forschung und Wissen” jurnalında dərc edilib.

 

Beyinə enjektə edilə bilən biosensorlar düşüncələrinizi oxuya bilər

Yeni, enjektə edilə bilən biosensorlar, bir gün düşüncələrinizi oxuya bilməklə yanaşı, ağlınızdan keçənlərdən istifadə edərək ünsiyyət qurmanızı təmin edə bilər. Kaliforniya Universitetinin tədqiqatçıları  bu texnologiyanın gələcəkdə beynin sirlərini daha yaxşı öyrənməyə kömək edəcəyini iddia edirlər.

NewroSWARM3 adlanan bu yeni texnologiyanı ərsəyə gətirən elm adamları  qızıl örtüklü mikro nano sensorların, qan axını ilə beyin baryerini keçə biləcəyini söyləyirlər. Beyinə daxil olduqdan sonra sensorlar  bir növ antena rolunu oynayaraq, sinir siqnallarını simsiz şəkildə xarici bir cihaza göndərə biləcək.

Fantastika kimi görünsə də, yeni texnologiya sayəsində  insanların düşüncəsi də daxil olmaqla  onlar haqqında bütün məlumatları əldə etmək, neyronların bir-birinə siqnal göndərməsilə mümkün olacaq. Texnologiyanı inanılmaz edən digər xüsusiyyətlərindən biri də, çox kiçik ölçülərinə baxmayaraq, nano hissəciklərin enerjini simsiz ötürməsi və sinir impulslarının elektron çevrilməsini həyata keçirməklə bu siqnalları yayımlaya bilməsidir. Bundan əlavə, biosensorlar qan-beyin baryerini keçə bildikləri üçün birbaşa qana enjektə edilə bilər. 

Bu yenilik Elon Maska məxsus Neurolink kimi oxşar texnologiyalarla müqayisədə daha çox üstünlük qazana bilər. Belə ki, Neurolinkin mikro çipi cərrahi yolla implant edilirdisə, NeuroSWARM3 əməliyyatsız başa gələcək.

İnformasiyanı “Science Focus” veb saytı yayıb.

 

Süni böyrək yetişdirilməsinə zəmin yaradılıb

Cənubi Kaliforniya Universitetinin alimləri  böyrəklərin nefron kimi tanınan süzgəc vahidlərinin necə meydana gəldiyini hərtərəfli təhlil edərək, orqanın süni yetişdirilməsinə zəmin yaradıblar.

 “Developmental Cell” jurnalında yayımlanan araşdırma  Cənubi Kaliforniyanın Kök Hüceyrə Biologiyası və Regenerativ Tibb Bölməsinin professoru Andy McMahonun laboratoriyasında aparılıb.

Tədqiqat qrupu  insan böyrəyinin əsasını yaratmaq üçün hüceyrələrin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu və anormal inkişaf proseslərinin xəstəliyə hansı şəkildə zəmin yaratdığını izləyib. Bu layihə  inkişaf edən insan böyrəyində genlərin nə vaxt və harada aktiv olduğunu, tənzimləyici qarşılıqlı əlaqələrin proqnozlaşdırılması üçün bir baza rolunu oynayır.

Komanda  molekulyar və hüceyrə layihəsini qurmaq üçün tipik inkişaf trayektoriyalarında yüzlərlə insan və siçan nefronunu araşdırıb. Bu, alimlərə insan və siçanlarda təxminən 200 milyon illik təkamül boyu qorunub saxlanan vacib prosesləri müqayisə etməyə imkan verib. Onlar yeni növ böyrək hüceyrələri yaratmaq üçün insanlarla yanaşı,  gəmiricilərdə də nefron meydana gəlməsinin əsasını təşkil edən oxşar genetik mexanizmləri ətraflı şəkildə öyrəniblər.

 “Böyrək yetişdirməyin yalnız bir yolu var və bu da təbiətin yoludur. Normal embrion inkişafını ətraflı şəkildə izləyərək  hüceyrə tiplərini sintez etməklə  qüsurlu böyrəkləri əvəz edə biləcək funksional sistemlər inkişaf etdirə bilərik”-deyə professor Andy McMahon qeyd edib. 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.