DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MAKRON: ABŞ IRAQDAN GERI ÇƏKILSƏ BELƏ, FRANSA BU ÖLKƏNI TƏRK ETMƏYƏCƏK

“ABŞ İraqdakı hərbi qüvvələrini çıxarsa belə, Fransa geri çəkilməyəcək”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

Prezidentin sözlərinə görə, Fransa İraqdakı mövcudluğunu terrorizmlə mübarizə aparmaq lazım olduğu müddətə, habelə bu ölkənin səlahiyyətliləri istədiyi müddətədək qoruyacaq.

Makron Fransa hərbi qüvvələrinin İraqdakı fəaliyyətlərinə davam etdiyini bildirib: “İraqda əməliyyatlarda iştirak edən xüsusi təyinatlılarımız var. Buradakı qarşıdurmalarda kişi və qadın hərbçilərimizi itirdik. Orada olmaq Fransa üçün bir şərəfdir. Terrorçular orada qaldığı müddətcə İraqı qoruyacağıq”.

Bununla yanaşı, Makron əlavə edib ki, bölgədə İŞİD terror təşkilatı məğlub edilsə də, təhlükə ortadan qalxmayıb, terrorla mübarizə bitməyib. “İraq ordusuna sərmayə qoymağa və əsgərlərinə təlim verməyə davam edəcəyik. Hazırda bölgədə 800 fransız hərbçisi var”, - deyə Fransa prezidenti vurğulayıb.

 

AVROPADA KORONAVIRUSA YOLUXMA KRITIK HƏDDƏ ÇATIB

Avropanın 33 ölkəsində koronavirusa yoluxma halları son 14 gündə 10 faizdən çox artıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge yaydığı açıqlamada bildirib.

“Bəzi ölkələrdə xəstələrin sayı və ölüm halları artır. Ötən həftə bölgədə ölənlərin sayı 11 faiz artıb, proqnoza görə, dekabrın 1-dək Avropada xəstəlikdən 236 min ölüm halının baş verəcəyi ehtimal edilir”, - deyə H.Klüqe vurğulayıb.

Klüge bölgədə bu günə qədər təsdiqlənmiş 64 milyon yoluxma və 1,3 milyon ölüm halı qeydə alındığını söyləyib.

Onun sözlərinə görə, Balkanlar, Qafqazda və Orta Asiya respublikalarında xəstəlik halları xüsusilə kəskin artıb.

 

BƏŞƏR ƏSƏD BEYNƏLXALQ SIYASƏTDƏ LEGITIMLIK QAZANMAQ ISTƏYIR

Rusiya və İranın dəstəyi ilə Suriyada müxalif qüvvələrə qarşı hərbi əməliyyatları artıran Bəşər Əsəd beynəlxalq siyasətdə legitimlik qazanmaq üçün hərəkətə keçib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Bəşər Əsəd bəzi ərəb ölkələrinin yardımı ilə “blok olunan üzvlüyünü” aktivləşdirmək üçün 22 ölkənin üzv olduğu Ərəb Birliyinin qapısını döyməyə başlayıb.

Misir, İordaniya və İraqla bir sıra istiqamətdə əməkdaşlığını genişləndirən Bəşər Əsəd rejimi “ərəb kartını” aktiv şəkildə istifadə etməyə başlayıb. Bildirilir ki, Misir və İordaniyanın vasitəçiliyinə əsaslanaraq ərəb ölkələri ilə yaxınlaşmağa çalışan Bəşər Əsəd İraq hökuməti ilə də normallaşma addımlarnı sürətləndirib.

Eyni zamanda, İraqın baş naziri Mustafa əl-Kazıminin Suriya rejimi ilə əməkdaşlıq yönündə mesajlarından sonra iki ölkə arasında əlaqələr gücləndirilib.

 

ÇINDƏ YÜZ MINLƏRLƏ INSAN TƏBII FƏLAKƏT ZONASINDA QALIB

Çinin şimal-qərbindəki Şensi əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 113 mindən çox insan təbii fəlakət zonasında qalıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilir ki, təxminən 172 millimetr yağıntının düşdüyü Ankanq şəhəri ərazisində çətin vəziyyət yaranıb. Sakinlərin kütləvi təxliyəsi davam edir. İndiyə qədər təxminən 24 min adam evakuasiya olunub.

Çin hökuməti təbii fəlakətin vurduğu ziyanın miqyasını hələ müəyyənləşdirməyib. Polisin məlumatına görə, bəzi infrastruktur və əkin sahələrinə ciddi ziyan dəyib.

 

TÜRKIYƏ PILOTSUZ HƏRBI TƏYYARƏ HAZIRLAMAQ NIYYƏTINDƏDIR

Türkiyənin “Baykar Makina” şirkəti yaxın illərdə ilk yerli pilotsuz hərbi təyyarə istehsal edə bilər. “Trend”in məlumatına görə, bunu şirkətin rəhbəri Səlcuq Bayraktar “Bayraktar Akıncı” zərbə pilotsuz uçuş aparatının Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi mərasimində çıxışı zamanı bəyan edib.

Səlcuq Bayraktar bildirib ki, “Akıncı” PUA-sının hazırlanması üzərində işlər 4 il davam edib. Hazırda hərbi təyyarənin layihələndirilməsi üçün hazırlıqlar aparılır.

Bununla yanaşı, Səlcuq Bayraktarın sözlərinə görə, yeni nəsil “Bayraktar TB3” hazırkı “TB2” modelindən daha böyük olacaq və hərbi gəmilərin platformasından uçuş və eniş edə biləcək. “TB3”ün ilk uçuşunu 2022-ci ildə həyata keçirmək nəzərdə tutulur”, - deyə şirkət rəhbəri vurğulayıb.

 

“POLITICO”: PENTAQON KABILDƏKI HÜCUM BARƏDƏ MƏLUMATLI OLUB

“Pentaqon Kabil hava limanı yaxınlığındakı hücum barədə bir neçə saat öncədən məlumatlı olub”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.

Qəzet qeyd edir ki, terrorçu-kamikadze hava limanı yaxınlığında özünü partlatmazdan 24 saat əvvəl hərbçilər Əfqanıstanda pisləşməkdə olan vəziyyəti müzakirə etmək üçün gündəlik iclas keçiriblər.

Məxfi sənədlərə əsasən, Pentaqon rəhbəri Lloyd Ostin nazirliklərin rəhbər şəxslərinə çoxsaylı qurbanlar və qaçılmaz hadisələrə hazırlaşmaqla bağlı tapşırıq verib.

Xatırladaq ki, Kabil hava limanının yaxınlığında törədilmiş partlayış nəticəsində 200-dən çox insan həyatını itirib.

 

AVROPA İTTIFAQI YUNANISTANA MALIYYƏ YARDIMINI DAYANDIRDI

Avropa İttifaqı (Aİ) Egey dənizində qaçqınlara edilən qeyri-insanı münasibətlərə görə Yunanıstan sahil təhlükəsizliyinə ayrılan maliyyə yardımlarını dayandırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Aavropa İttifaqı Komissiyası müstəqil araşdırma mexanizmi yaratmadığı müddətcə Yunanıstan hökumətinə bu dəstəyin edilməyəcəyini bildirib.

Alman mətbuatına danışan Aİ komissarı İlva Yohanssonun sözlərinə görə, Yunanıstan Egey dənizi ilə bağlı yardım tələb edib: “Biz də onlara belə bir yardımın təməl haqları qoruyan nəzarət mexanizmi qurulmasına bağlı olacağını bildirdik”.

 

HINDISTANDA NAMƏLUM VIRUSDAN ÖLƏNLƏRIN SAYI ARTIB

Ötən gün ərzində Hindistanın Uttar-Pradeş ştatında naməlum virus qızdırmasından azı 12 uşaq dünyasını dəyişib. “Report” agentliyinin verdiyi xəbərə görə, regionda bu epidemiyadan ölənlərin ümumi sayı 68 nəfərə çatıb ki, onların 40-ı uşaqdır.

Məlumata görə, bu yalnız təxmini saydır, belə ki, yerli səhiyyə departamenti özəl xəstəxanalarda və evdə qızdırmadan vəfat edən şəxsləri qeydə almayıb.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".