DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“THE WASHINGTON POST”: ABŞ ÜÇÜN DAHA TƏHLÜKƏLI MƏRHƏLƏ BAŞLAYIR

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması böyük ehtimalla ABŞ üçün müharibəyə əbədi olaraq son qoymayacaq, sadəcə olaraq bu, Cozef Bayden administrasiyasını bu münaqişənin yeni, hətta daha təhlükəli mərhələsinə sürükləyəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

Nəşrin qeyd etdiyinə görə, ABŞ qoşunlarını və onlarla əməkdaşlıq edən əfqanları operativ şəkildə Əfqanıstandan geri çəkə bilməyən Cozef Bayden hökuməti bununla özünü təhlükəli duruma salıb.

Amerikalı analitik Daniyel Pletkanın prezident Cozef Baydenlə bağlı açıqlaması da diqqət çəkib. O, mövcud durumun Baydenin prezidentliyi üçün dönüş nöqtəsi olacağını bildirib. “Baydenin bəxti gətirərsə, yeni Cimmi Karter olacaq. Bəxti gətirməsə, növbəti 11 sentyabrla üzləşəcək”, - deyə ekspert vurğulayıb.

Bununla yanaşı, nəşr Cozef Baydenin uğursuz Əfqanıstan strategiyasına görə sərt daxili təzyiqlər qarşısında qaldığını yazıb.

 

YÜKSƏK MUTASIYALI “COVID-19” ŞTAMMI AŞKARLANIB

Yeni Zelandiyanın Səhiyyə Nazirliyi xaricdən gəlmiş bir nəfərdə koronavirusun yüksək mutasiya səviyyəsinə malik “C.1.2” ştammının aşkarlanması faktını təsdiq edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli “The New Zealand Herald” nəşri məlumat yayıb.

Bildirilir ki, “C.1.2” ştammına yoluxmuş şəxs ölkəyə gəldikdən dərhal sonra təcridxanaya yerləşdirilib və bununla da virusun yayılmasının qarşısı alınıb.

Alimlərin fikrincə, “C.1.2” ştammı vaksinlərə qarşı daha yüksək dayanıqlılığa malik ola bilər. Ən son araşdırmalara görə, bu virus artıq Konqo Demokratik Respublikası, Çin, Yeni Zelandiya, Böyük Britaniya, Portuqaliya, İsveçrə və Mavrikidə qeydə alınıb.

 

“TALIBAN” PƏNCŞIRDƏ STRATEJI MƏNTƏQƏLƏRI ƏLƏ KEÇIRIB

“Taliban” silahlıları Əfqanıstanın Pəncşir əyalətində üç vacib bölgəni və yol keçidlərini ələ keçirib. “Report”un xəbərinə görə, bu barədə özünü “Taliban” hərəkatı məlumat yayıb.

Məlumatda deyilir: “Üç vacib bölgə və Pəncşir keçidləri ələ keçirilib və tezliklə tam qələbəni elan edəcəyik”.

Bu açıqlamadan bir müddət öncə “CNN” telekanalı Pəncşirdə “Taliban” və müqavimət qüvvələri arasında qarşıdurmaların yaşandığını, yüzlərlə talibin yaralandığını və öldürüldüyünü bildirmişdi.

Milli müqavimət cəbhəsinə istinadən yerli KİV-in verdiyi xəbərə əsasən, taliblər Andarob istiqamətində 85 nəfər itki veriblər, həmçinin 108 nəfər yaralanıb. Cabal-üs-Sirac istiqamətində döyüşlərdə isə “Taliban”ın 12 silahlısı öldürülüb, 26 nəfər yaralanıb.

 

DÜNYA AVTOMOBIL ISTEHSALININ BƏRPA MÜDDƏTI AÇIQLANIB

Dünya avtomobil istehsalı və tədarükü bazarının bərpası 2022-ci ilin ikinci yarısında gözlənilir. “Trend” agentliyinin məlumatına görə, bu barədə “BCG” beynəlxalq konsaltinq şirkətinin hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, 2021-ci ilin üçüncü və dördüncü rüblərində avtomobil istehsalçıları 3-5 milyon avtomobil az istehsal edəcək.

“Mikrosxem və digər detalların tədarük həcmləri bərpa olunmağa başlasa da, davam edən pandemiya öz təsirini göstərir. Biz mikroçiplərin beynəlxalq tələbatı tam ödəməyə 2022-ci ilin ikinci yarısında başlayacağını gözləyirik. Bu vəziyyət isə öz növbəsində elektrik nəqliyyatın inkişaf planlarına mənfi təsir göstərə bilər”, - deyə hesabatda vurğulanır.

Qeyd olunur ki, 2021-ci ilin birinci yarısında daha çox istehsal itkiləri ilə “Ford” (700 min avtomobil azalma), “Stellantis” (“Chrysler”, “Citroen”, “Dodge”, “FIAT”, “Jeep - 600 min azalma) və “Renault-Nissan-Mitsubishi” (400 mindən çox azalma) şirkətləri ilə üzləşib.

 

ƏFQANISTANDAKI İŞİD TERRORÇULARININ SAYI AÇIQLANIB

Əfqanıstanda İŞİD terror qruplaşmasının minlərlə döyüşçüsü var. “Report”un verdiyi xəbərə görə, bu barədə Pentaqon rəsmisi, ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi bildirib.

“İŞİD-in azı 2000 radikal döyüşçüsü indi Əfqanıstandadır”, - deyə Kennet Makkenzi keçirdiyi brifinq zamanı bəyan edib.

General həmçinin bundan əvvəl ABŞ-ın bütün hərbçilərinin Əfqanıstanı tərk etdiyini xəbər verib. O, vurğulayıb ki, bununla da Birləşmiş Ştatların Əfqanıstandakı missiyası başa çatıb.

Bir müddət ABŞ prezidenti Cozef Bayden, habelə Birləşmiş Ştatların digər dövlət rəsmiləri də Əfqanıstanda İŞİD təhlükəsinin artdığını açıqlamışdılar.

 

ALIMLƏR KORONAVIRUSUN SIMPTOMLARININ NECƏ DƏYIŞDIYINI ARAŞDIRIB

Böyük Britaniyalı bir qrup alim araşdırma apararaq pandemiya dövründə koronavirusun simptomlarının necə dəyişdiyini öyrənib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “medrxiv.org” saytında dərc olunan materialda bildirilir.

Ekspertlər təxminən 28 min insana aid məlumatı araşdırıblar. Məlum olub ki, xəstəliyin hər hansı bir simptomu yalnız 48 faiz insanda özünü göstərib. Müqayisə qrupuna koronavirus üçün cəmi 3,8 milyon mənfi test verən 457 min insan daxil idi. Bu qrupdan simptomlar 3 faiz insanda özünü büruzə verib.

Həmçinin məlumdur ki, əvvəlcə şikayətlərin əksəriyyəti klassik “dörd” simptom ilə məhdudlaşırdı - hərarət, öskürək, iybilmə və ya dadbilmə qabiliyyətinin itirilməsi və ya dəyişilməsi. Lakin artıq bu ilin may ayında xəstələr daha çox başağrısı və bədənin yüksək hərarətindən şikayət etməyə başladılar. Ekspertlər bunu 2021-ci ilin may ayında “delta” ştamının üstünlük təşkil edən variantının yayılması ilə əlaqələndirirlər.

 

ESTONIYANIN YENI PREZIDENTI MƏLUM OLDU

Deputatlar Estoniya Milli Muzeyinin direktoru Alar Karisi ölkənin yeni prezidenti seçiblər. Bu barədə “Report” agentliyi “RİA Novosti”yə istinadən  məlumat yayıb.

Bildirilir ki, Alar Karis ikinci tura çıxan yeganə namizəd olub. 80 nəfərdən 72-si onun lehinə səs verib, 8 bülleten doldurulmayıb.

Seçkilərdə qalib gəlmək üçün azı 68 deputatın səsi tələb olunur. Birinci turda qələbə qazanmaq üçün Alar Karisin cəmi 5 səsi çatmayıb.

Məlumat üçün qeyd edək ki, Estoniyada ölkə başçısının səlahiyyət müddəti 5 ildir. Bir şəxsin ardıcıl iki dəfə prezident seçilmək hüququ var.

 

RUSIYA PAYTAXTI ƏCNƏBI ILBIZLƏRIN HÜCUMUNA MƏRUZ QALIB

Moksva sakinləri şəhərə İspaniya ilbizinin kütləvi hücumundan şikayətləniblər. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb. Sakinlərin sözlərinə görə, bu ilbizlər şəhərdəki qazonların və kolluqların axırına çıxır.

Qeyd olunur ki, Moskva bölgəsində İspaniya ilbizlərinin təbii düşmənləri yoxdur, belə ki, bu ərazidə yaşayan quşlar və kirpilər sözügedən selikli molyusklarla qidalanmadıqlarına görə, zərərvericilərin məhv edilməsi çətinləşir.

Xatırladaq ki, bir müddət öncə zooloq İlya Qomıranov İspaniya ilbizinin Rusiyaya, böyük ehtimalla, idxal olunan bitkilərlə birlikdə gəldiyini və adi boz ilbizləri sıradan çıxara biləcəyiini vurğulamışdı.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".