Sağlam həyat
Maraqlı

Sağlam həyat

Sağlam bir ürəyə sahib olmanın qarantı

Hər damlası milyonlara bərabər su həyatda qalmağımız üçün bir möcüzə mənbəyidir. Vücudumuzun 75 faizini təşkil edən və ən azı oksigen qədər vacib olan suyun sağlamlığımız üçün nə qədər əhəmiyyətli olması heç kimə sirr deyil. Lakin “Su həyat mənbəyidir”, “Susuz həyat yoxdur” ifadələrini tez-tez eşitsək də, bəzilərimizdə su içmə vərdişinin olmaması sağlamlıqla bağlı bir sıra problemlərə gətirib çıxarır. Yeni bir araşdırma kifayət qədər su istehlakının, susuzluğumuzun qarşısını almaqla yanaşı, həm də sağlam bir ürəyə sahib ola biləcəyimizi ortaya çıxarıb.

Fransalı tədqiqatçılar gün ərzində 8 stəkan su istehlakının ürək çatışmazlığına səbəb olan dəyişikliklərin qarşısını ala biləcəyini söyləyirlər. Mütəxəssislərin fikrincə, orqanizmdə su çatışmazlığı, natrium konsentrasiyasının yüksəlməsinə səbəb olur. İnsan bədəni suya qənaət etməyə çalışdıqca, ürək çatışmazlığına səbəb olan bioloji prosesləri tətikləyərək reaksiya verir.

Alimlər araşdırma zamanı sınaqlara cəlb edilmiş 44-66 yaş arası 15.792 iştirakçının orqanizmində 25 il ərzində natrium səviyyəsini izləyiblər. Daha az su istehlak edən respondentlərdə ürəyin sol mədəciyindəki divarların qalınlaşması məlum olub. Bu tip qalınlaşma (və ya sol mədəciyin hipertrofiyası) ürək çatışmazlığının xəbərçisidir.

Mütəxəssislər ümumilikdə orqanizmin sağlamlığı baxımından hər gün qadınlara 6-8, kişilərə isə 8-12 stəkan su içməyi tövsiyə edirlər.

 Tədqiqatla bağlı məlumat “Stady finds” veb saytına istinad edilib.

 

Gözlərimiz Alzheimer xəstəliyinin xəbərçisi ola bilər

Çox tez-tez eşitdiyimiz “Gözlər ruhun aynasıdır” atalar sözü və yaxud Şeksprin də dediyi kimi “Gözlər ruhun pəncərəsidir” ifadəsi, yeni bir araşdırma ilə bir daha öz təsdiqini tapır. Belə ki, gözlərimiz həkimlərə Alzheimer xəstəliyinin başlanğıcını təyin etməkdə kömək edə bilər.

Kaliforniya Universitetinin tədqiqatçıları demans xəstələrinin beynində əmələ gələn eyni amiloid lövhələrin, gözün retinasında da yarandığının şahidi olublar.

Amiloid lövhələr beyin hüceyrələrinin fəaliyyətinə maneə törədən, zədələyici zülal çöküntüləridir. Bu pozğunluq demansın ən çox yayılmış forması olan Alzheimerin əsas əlamətlərindən biridir. Elm adamları zədələyici zülal çöküntülərinin, Alzheimer xəstələrinin gözlərində də əmələ gəldiyini aşkar ediblər.

Nəticələr, gözlərdə retina ləkələrinin olması ilə beyindəki yüksək səviyyədə amiloid zülallarının arasında əlaqəni ortaya çıxarıb. Qeyri-invaziv retina görüntüləri mütəxəssislərə Alzheimer xəstəliyinin erkən mərhələlərini aşkar etmək üçün yeni bir yol təqdim edə biləcəyini göstərir.

“Tapıntılarımız xəstələr üçün hər mənada ürəkaçandır. Çünki daha çətin və bahalı beyin müayinələrindənsə, retina görüntüsündən istifadə edərək Alzheimerin başlanğıcını, yayılmasını izləməklə bütünlükdə xəstəliyin morfologiyasını və diaqnozunu təyin etmək mümkün olacaq”-deyə San Diego Tibb Fakültəsinin sinir elmləri üzrə professoru Robert Rissman qeyd edib.

Məqalə “Alzheimer and Dementia” jurnalında dərc edilib.

 

Fermentləşdirilmiş qida istehlakı iltihabı azaldır

ABŞ-ın Stanford Tibb Məktəbinin tədqiqatçılarının apardıqları yeni bir araşdırmaya görə, fermentləşdirilmiş (qıcqırdılmış, mayalanmış) qidalarla zəngin bir pəhriz bağırsaq mikroblarının müxtəlifliyini artıra və iltihabın əlamətlərini azalda bilər.

“Cell” jurnalında nəşr olunan araşdırmada qatıq, kefir, mayalanmış kəsmik, tərəvəz turşuları kimi bir sıra fermentləşdirilmiş qidaların ümumi mikrob müxtəlifliyinin artması və iltihabın molekulyar əlamətlərinin azalmasına səbəb olmasından bəhs olunub. Mütəxəssislərin fikrincə, bu qidaların mütəmadi istehlakı Tip2 diabet, rematoid artrid, ürək-damar problemləri və xroniki stress kimi xəstəliklərin risk faktorlarına əhəmiyyətli dərəcədə effektiv təsir göstərə bilər.

Elm adamları sınaqlara cəlb edilmiş iştirakçıların 10 həftə ərzində pəhrizlərini fermentləşdirilmiş qidalarla zənginləşdirməyi tövsiyə ediblər. Sınaq müddəti bitdikdən sonra respondentlərdən analiz nümunələri götürülüb. Nəticədə, qan nümunələrində ölçülən 19 növ iltihab zülalının səviyyəsində azalma qeydə alınıb. Hansı ki, bu zülallar rematoid artrid, Tip2 diabet və xroniki stress kimi bir sıra xəstəliklərlə əlaqələndirilir.

“Bu heyrətamiz tapıntıdır. Qısa müddət ərzində pəhrizdəki sadə bir dəyişiklik, bağırsaq mikrobiomu və iltihab markerlərinə müsbət təsirini göstərdi. Bağırsaq sağlamlığı və mikrobioma hədəflənmiş qidalar iltihabı azaltmaqla yanaşı, immun sistemini də dəyişdirə bilər”-deyə qidalanma tədqiqatları üzrə professor Christopher Gardner qeyd edib.

 

Piylənmənin qarşısını ala biləcək yeni bir sistem

Bir sıra xəstəliklərin risk faktoru olan piylənmə ilə mübarizə aparmaq üçün yeni yollar axtarışında olan portuqaliyalı tədqiqatçılar bədəndə artıq yağları yandırmağa kömək edən gizli bir sistem kəşf ediblər.

İnsan bədənindəki bütün yağlar eyni deyil. Ən zərərli piylənmə növü çox “dərin” və ya visseral (yağ toxumu) yağların olmasıdır. Dərinin altında yerləşən yumşaq yağlardan fərqli olaraq, çox dərin piy qatları qarın boşluğunun içərisində olmaqla həyati orqanları örtür. Normal miqdarda olan visseral yağlar bioloji funksiyaları dəstəkləsə də, həddindən artıq olması toxumaya, ətrafdakı orqanlara zərər verə biləcək qeyri-sağlam zülal və hormonlar istehsal edir.

Elm adamları siçanlar üzərində apardıqları araşdırma zamanı, beynin visseral yağlarla əlaqəsi olduğunu kəşf ediblər. Komanda bu kəşfin piylənmə xəstəliyinin müalicəsinə yeni imkanlar aça biləcəyinə ümid edir.

“Visseral yağdakı sinir lifləri periferik sinir sisteminə aiddir və qan təzyiqini tənzimləmək kimi müxtəlif fizioloji proseslərdən məsuldur. Tapıntılarımız hipotalamusun içərisindəki bir bölgənin visseral yağların sinir siqnallarının qaynağı olduğunu göstərir. Bu tapıntı olduqca əhəmiyyətlidir və visseral yağ mübadiləsinə bir çox giriş imkanları təklif edir. Artıq gələcək tədqiqatlarımızda ürək-damar xəstəlikləri və xərçəng riskini azaltmaq üçün piylənmənin qarşısını ala biləcək bu yeniliyi necə istifadə edəcəyimizi düşünə bilərik”-tədqiqat müəllifi Veiga-Fernandes bildirib.

İnformasiya “Nature” jurnalında dərc olunub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.