DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN PANDEMIYA ILƏ BAĞLI SAMMIT KEÇIRMƏYI TƏKLIF EDƏ BILƏR

ABŞ prezidenti Cozef Bayden administrasiyasının koronavirus pandemiyası və vaksinləmə üzrə qlobal səylərə həsr olunmuş beynəlxalq sammit keçirməyi təklif edəcəyi gözlənilir. Bu barədə “Report” agentliyi “Politico” nəşrinə istinadən xəbər verib.

Cozef Baydenin çıxışının əsas hissəsinin koronavirusa qarşı daxili mübarizəyə həsr olunacağı, lakin bununla yanaşı, qlobal əməkdaşlığın genişləndirilməsi və inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyin aradan qaldırılmasının zərurətinin vurğulanacağı gözlənilir.

Bununla yanaşı, müzakirə mövzuları sırasında vaksinlərin istehsalının və yayılmasının yaxşılaşdırılması yolları, ehtiyacı olan ölkələrə oksigen balonlarının tədarükünün artırılması, həmçinin “COVID-19”la əlaqəli tədqiqat və məhsullar sahəsində beynəlxalq əməkdaşlıq imkanları olacaq.

Sammitin BMT Baş Assambleyasının iclaslarının vaxtına salınacağı və sentyabrın ikinci yarısında keçiriləcəyi gözlənilir.

 

İRANIN ZƏNGINLƏŞDIRILMIŞ URAN EHTIYATLARI DÖRD DƏFƏ ARTIB

İran son zamanlar yüksək zənginləşdirilmiş uran ehtiyatlarını 4 dəfəyə qədər artırıb. “Trend”in “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin  hesabatında qeyd olunur.

Agentliyin hesabatına əsasən, beynəlxalq müşahidəçilər İranın nüvə fəaliyyətindən getdikcə daha çox narahat olmağa başlayırlar.

Bəzi məlumatlara görə, hazırda İranın 10 kiloqram yüksək zənginləşdirilmiş (60 faizə qədər) uran ehtiyatı mövcuddur.

Bununla yanaşı,  Beynəlxalq Atom Enerjisi Agentliyi qeyd edir ki, İran nüvə fəaliyyətinin yoxlanılmasına da mane olur.

 

DÜNYADA BU GÜNƏ QƏDƏR 5,5 MILYARDA YAXIN VAKSIN ISTIFADƏ OLUNUB

Bu günə qədər dünyada təxminən 5,5 milyard dozada koronavirus əleyhinə peyvənd vurulub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinq zamanı bəyan edib.

Təşkilat rəhbərinin sözlərinə görə, ÜST-ün qlobal məqsədinin hər bir ölkədə sentyabrın sonuna qədər əhalinin 10, ilin sonuna qədər əhalinin 40 faizinin və gələn ilin ortalarına qədər 70 faizinin peyvənd olunmasıdır.

Tedros Adanom Qebreyesus deyib: “Yüksək gəlirli ölkələrin əksəriyyəti hədəfə 40 faiz çatsa da, aşağı gəlirli ölkələr hətta 10 faizlik baryeri aşa bilməyiblər”.

 

AVTOMOBIL NƏHƏNGI HIBRID AVTOMOBILLƏRDƏN IMTINA EDƏCƏK

Almaniyanın “Daimler” konserninə daxil olan məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” qoşulan hibridli güc qurğularına daha investisiya qoymayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu konsernin inkişaf şöbəsinin başçısı Markus Şefer bildirib.

Məlumata əsasən, cərəyana qoşulan hibrid avtomobil elektrikli və daxili yanma olmaqla iki güc aqreqatına malikdir. Hər iki sistemin isə birlikdə işləməsini təmin etmək isə tam elektrikli sistemə nisbətən bahalı və qəlizdir.

“Mercedes-Benz” 2030-cü ilə qədər tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır. Belə ki, 2022-ci ilə kimi bütün seqmentlərdə brendin avtomobillərinin elektrikli versiyası olacaq. 2025-ci ildən başlayaraq nəqliyyat vasitələrinin bütün yeni arxitekturası elektrikli olacaq və müştərilər hər model üçün tam elektrikli alternativ seçə biləcəklər.

 

YUNAN KİV-I: TÜRKIYƏ BÖLGƏNI TAM NƏZARƏTƏ ALMAĞA YAXINDIR

Türk dronlarını daim gündəmdə saxlayan Yunanıstan mətbuatı Türkiyənin Aralıq dənizinin şərqinə tam nəzarəti ələ keçirməyə çox yaxın olduğunu yazıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Akıncı” və “Aksungur” dronlarına diqqət çəkən yunan mediası Türkiyə dronlarının daşıdığı bütün silahların yerli istehsal olduğunu bildirib.

Məlumatlarda yerli məhsulların Türkiyəyə müdafiə sahəsində tam müstəqillik qazandırdığı vurğulanır.

“Bunun əldə edilməsi üçün təbii ki, yerli müdafiə sənayesində koordinasiyalı iş və əlbəttə böyük vəsait xərcləmək lazımdır”, - deyə yunan mətbuatında qeyd olunur.

Yunan mənbələrinin iddiasına görə, Türkiyə operativ səviyyədə Aralıq dənizinin şərqinə tam nəzarəti ələ keçirməyə çox yaxındır.

Türkiyə ilə mümkün qarşıdurmada Yunanıstanın döyüş təyyarələrinin “S-400” zenit-raket kompleksləri təhlükəsi səbəbiylə də, Egey dənizinin şərq sahillərinə yaxınlaşma gücünə malik olmayacağı bildirilib.

 

“TALIBAN” DONDURULMUŞ 10 MILYARD DOLLARLIQ EHTIYATLARI ISTƏYIR

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı ABŞ rəhbərliyindən dondurulmuş 10 milyard dollarlıq dövlət ehtiyatlarına çıxışın təmin olunmasını xahiş edib. “Report”un verdiyi xəbərə görə, bunu “Taliban” tərəfindən qaçqınların işləri üzrə nazir vəzifəsinə təyin olunan Xəlilurrəhman Həqqani bildirib.

Nazirin sözlərinə görə, “Taliban” Vaşinqtondan Əfqanıstanın yenidən qurulması üçün ayrılan milyardlarla dollara da çıxışı bərpa etməyi istəyib.

Bununla yanaşı, Xəlilurrəhman Həqqani ABŞ və BMT-ni “Taliban” liderlərinin adlarını qara siyahılardan çıxarmağa və hərəkatla əlaqələri bərpa etməyə çağırıb.

ABŞ mətbuatının yazdığına görə, rəsmi Vaşinqton avqustun 15-də Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını dondurub və taliblərin onlara daxil olmasını əngəlləyib. Əfqanıstanın dondurulmuş dövlət ehtiyatlarının həcmi 9,4 milyard dollar qiymətləndirilir.

 

YAPONIYA ƏCNƏBILƏRIN KARANTIN MÜDDƏTINI AZALTMAQ NIYYƏTINDƏDIR

Yaponiya peyvənd olunan əcnəbilər üçün məcburi karantin müddətinin 14 gündən 10 günədək azaldılmasını nəzərdən keçirir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli “NHK” telekanalı məlumat yayıb.

Telekanal bildirilir ki, bu tədbir yalnız “Pfizer”, “Moderna” və ya “AstraZeneca” vaksinləri ilə peyvəndlənmiş şəxslərə şamil ediləcək.

Bundan başqa, ölkəyə gələn şəxslər Yaponiya, ABŞ və ya Avropa İttifaqı tərəfindən təqdim edilmiş peyvəndləmə sertifikatlarına malik olmalıdırlar.

 

PƏNCŞIRIN 65 FAIZƏ QƏDƏRI MÜQAVIMƏT QÜVVƏLƏRININ NƏZARƏTI ALTINDADIR

Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Cəbhəsi vilayət ərazisinin 65 faizə qədərini nəzarətdə saxlayır və “Taliban” hərəkatı yalnız əsas yolu tutmağı bacarıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə müqavimət qüvvələrinin nümayəndəsi Əli Maysam Nəzəri bildirib.

“Pəncşirin 60 faizindən 65 faizə qədəri bizim nəzarətimiz altındadır. Pəncşirdə 15-ə yaxın strateji dərələr var və onların hamısı nəzarətimiz altındadır”,  - deyə Əli Maysam Nəzəri vurğulayıb.

Nümayəndənin sözlərinə görə, döyüşçülər əsas yoldan və vilayət mərkəzindən taktiki olaraq geri çəkilib, lakin tezliklə onları geri almaq niyyətindədir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.