SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Yaşlandıqca genetik xəstəliklərin inkişaf riski azalır

Yaşlandıqca immunitet sisteminin infeksiyalarla zəif mübarizə aparması və xəstələnmə riskinin daha yüksək olması heç kimə sirr deyil. Oksford Universitetində aparılan yeni bir araşdırma isə insanlarda yaş artdıqca genetik xəstəliklərə tutulma riskinin azaldığını ortaya çıxarıb.

Hər bir insanın həyatında saçların rəngindən, boy, görünüş və hətta inkişafına qədər gen böyük rol oynayır, eyni zamanda gen ürək-damar, xərçəng kimi bir sıra xəstəliklərə tutulma riskinə də təsir edir.

Elm adamları 500.000 nəfərdən götürülmüş və İngiltərənin Biobankında saxlanılan genomik məlumatlardan istifadə edərək genetika ilə əlaqəli 24 ümumi xəstəliyin inkişaf etmə ehtimalını araşdırıblar. Alimlər müxtəlif genetik xəstəliklərin insanlarda həyatı boyu fərqli risk nümunələri göstərməsinə baxmayaraq, yüksək qan təzyiqi, xərçəngin növləri kimi bir sıra problemlərin erkən yaşlarda çoxaldığını və sonra yoxa çıxmasını təsbit ediblər.

Mütəxəssislər bunun səbəbini hələ ki, bilməsələr də, daha dərindən araşdırma aparacaqlarını planlaşdırırlar. Bu tapıntı elm adamlarına genomları analiz edərək gələcəkdə insanların müxtəlif xəstəliklərə tutulma riskini proqnozlaşdırmağa kömək edə bilər.

“Tapıntılarımız göstərir ki, insanların genetik bir xəstəliyə tutulma riski həyatı boyu dəyişir. Erkən yaşlarda bir xəstəliyə tutulub-tutulmayacağınızı təyin etmək üçün genetik faktorlar çox önəmlidir, lakin yaşlandıqca digər problemlər də üstünlük təşkil edir”-araşdırma rəhbəri Gil McVean bildirib.

Araşdırma ilə bağlı məlumat “Science Focus” veb saytına istinad edilib.

 

Yeni bir araşdırma “fast food” qidaların zərərlərini təkzib edir

Son zamanlar bəzilərimizin dadlı təamına çevrilən “fast food” (sürətli yemək) kimi tez hazırlanan qidaların tərkibindəki zərərli yağların sağlamlığa mənfi təsirləri hər kəsə məlumdur. Ancaq indi yeni bir araşdırma bu fikri təkzib edərək tam əksini söyləyir.

Amerikanın Arizona Dövlət Universitetinin tədqiqatçıları “Advans Nutrition” akademik jurnalında dərc edilən araşdırmalarında yüksək glisemik indeksə (qan şəkəri dəyəri) malik olan “fast food” kimi qidalar, şəkərli içkilərin artıq çəkiyə, piylənməyə səbəb olmadığını iddia edirlər.

Mütəxəssislər sadə karbohidratlarla zəngin və glisemik indeksi yüksək olan qidaların (pizza, qazlı içkilər, hamburger, dönər və s.) piylənmə ilə heç bir əlaqəsinin olmadığını söyləyirlər. Belə ki, tədqiqatçılar bu qənaətə təxminən iki milyona yaxın insan arasında keçirdikləri sorğudan sonra gəliblər.

“Məşhur inancın əksinə olaraq, yüksək glisemik indeksli qidaları istehlak edənlərin pəhrizinə riayət edənlərlə müqayisədə piylənmə yaxud kökəlmə riski yüksək deyil. Üstəlik bu cür qidalananların çəki itirmə şansı da var” - deyə tədqiqat müəllifi, professor Glenn Gaesser qeyd edib.

Mütəxəssislər araşdırmalarının sonunda sinfindən asılı olmayaraq tərkibi hər növ karbohidratlarla zəngin yeməklərin sağlam qidalanma rasionuna daxil edilə biləcəyini söyləyiblər.

 

Qadınların kişilərdən daha çox yaşama səbəbləri məlum olub

Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, dünyada qadınlar kişilərdən orta hesabla 4,5 il daha uzun yaşayırlar. Bəs qadınları bu baxımdan qalib edən səbəb nədir?

Sinqapur Ümumi Xəstəxanasının alimlərinin məlumatına görə, əsas fizioloji amillərdən biri, qadınların kişilərə nisbətən oksidləşdirici stressdən az əziyyət çəkməsidir. Oksidləşdirici stress sərbəst radikallar əmələ gətirir. Bəzi elm adamları sərbəst radikalların qocalmanın əsas mexanizmlərindən biri olan hüceyrə zədələnməsinə səbəb ola biləcəyinə inanırlar. Kişilər stressdən qadınlara nisbətən dörd qat daha çox əziyyət çəkirlər.

Digər qoruyucu amillərdən biri isə qadınlarda estrogen hormonunun olmasıdır. Bu hormon, “yaxşı” xolesterolu (HDL) yüksəldir, “pis”i isə aşağı salır və beləliklə qadınların insult, ürək xəstəliklərinə tutulma riskini azaldır. Kişilərdə olan testosteron hormonu isə bunun tam əksini edir.

Qadınların daha uzun ömür sürməsinin başqa bir bioloji səbəbi isə onlardakı xromosomların hər ikisinin X olmasıdır. X xromosomunun tərkibində bədənin immunitet sisteminin tənzimlənməsində vacib olan mikro RNT-lər var.

Kişilərdə siqaret və alkoqol istehlakının yüksək olması onları 40 yaşdan sonra daha yüksək qan təzyiqi və ürək xəstəliyinə tutulma riskinə məruz qoyur. Həmçinin, yemək tərzi baxımından da, kişilər qadınlara nisbətən fərqli qidalanır. Belə ki, onların qırmızı ətə daha çox üstünlük verməsi və meyvə-tərəvəzə isə az meyilli olması yüksək xolesterol, qan təzyiqi, ürək xəstəlikləri və hətta xərçənglə əlaqələndirilir.

İnformasiya “Health X Change” veb saytında yayımlanıb.

 

Uzunmüddətli antibiotik istifadəsi bağırsaq xərçənginə səbəb ola bilər

İsveçin Umea Universitetinin alimləri xərçəng riskinin artmasının antibiotiklərin uzun müddət ərzində bağırsaq mikrobiomuna təsiri ilə əlaqəli olduğunu düşünürlər. Mütəxəssislər nəzarətsiz antibiotik istifadəsinin bağırsaq bakteriyalarının müqavimətinin artmasına səbəb olduğunu söyləyirlər.

“Journal of the National Cancer İnstitute” jurnalında dərc edilən araşdırmada 6 aydan daha çox antibiotik qəbul edən şəxslərin istifadə etməyənlərə nisbətən kolorektal (yoğun bağırsaq) xərçənginə tutulma riskinin yüzdə 17 faiz daha yüksək olduğundan bəhs olunub. Bundan əlavə elm adamları antibiotik istifadəsinin bağırsaq xərçəngi riskini 5-10 il ərzində artırdığını təsbit ediblər.

Araşdırma zamanı tədqiqatçılar İsveçdəki 40 min kolorektal xərçəng xəstəsini, 200 min sağlam insanın məlumatları ilə müqayisə ediblər. Nəticədə, uzunmüddətli antibiotik istifadəsinin bütün yaş qruplarında bağırsaq xərçəngi riskini artırdığı məlum olub.

Alimlər antibiotiklərin bağırsaq xərçənginə necə səbəb olmasını aydınlaşdırmaq üçün mikrobioma təsir etməyən infeksiyalara qarşı istifadə edilən bakterisid dərmanları da araşdırıblar. Tapıntılar bakterisid dərmanlardan istifadə edənlərdə xərçəng riskinin artmadığını göstərib.

“Tapıntılarımız yalnız tablet şəklində olan antibiotikləri əhatə edir. Antibiotik müalicəsi əksər hallarda istifadə olunur və həyatınızı xilas edir. Bununla birlikdə, sağala biləcək daha yüngül xəstəliklərdə antibiotiklərdən bacardıqca az istifadə etməyinizi tövsiyə edirik”-deyə araşdırma müəllifi Sophia Harlid qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.