Əbədiyyətə qovuşanlar
Region

Əbədiyyətə qovuşanlar

Tarixin səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərən, düşməni məhv edən oğulların cərgəsi bu gün daha da sıxdır. Ana torpağın işğalçılardan azad edilməsi uğrunda başlanan müharibədə qan tökərək xalqımızın şərəf və ləyaqətini, qürurunu ucaldan igidlərin hər birinin həyatı və döyüş yolu qəhrəmanlıq dastanlarına çevrilib, dillərdə dolaşır. Bir evdən gedən oğullar böyük bir elin, xalqımızın fəxr etdiyi igidlər kimi yaddaşlarda yaşayır. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən oğullardan biri də Şamo Rəhimovdur.

1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olan Şamonun uşaqlıq illəri Birinci Qarabağ müharibəsinə təsadüf edib. On yaşlı oğlan müharibənin ağrılarını yaşayıb, məcburi köçkünə çevrilən həmyerlilərinin ağır həyatının şahidi olub. Cəbhə xəttində yerləşən və Ermənistanın işğalına məruz qalan Füzuli rayonunda yaşayan Şamonun şahidi olduğu hadisələr onun vətənpərvər ruhda böyüməsinə səbəb olub. Həqiqi hərbi xidmətə çağırılanda Şamo torpaqlarımızı işğal edən düşməndən qisas alacağına and içib.

Xidməti dövründə nümunəvi əsgər kimi komandirlərinin rəğbətini qazanıb. Tale ona müddətdən artıq hərbi xidmət etmək üçün Vətən uğrunda şərəfli bir yolla getməyi qismət edib. 2016-cı ilin Aprel döyüşlərində Şamo qəhrəmanlığı ilə seçilib, düşmənə ağır zərbələr vurub. Vətən müharibəsi başlayanda Şamo ilk gündən döyüşlərə atılıb. Bir çox strateji yüksəkliklərin azad olunmasında igidlik göstərib, düşməndən qisas alıb. İgid döyüşçü oktyabrın 1-də gərgin döyüşlər zamanı şəhid olub.

Vətən müharibəsində şəhid olan qəhrəmanın ad günündə Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, qazilər onun xatirəsini dərin hüznlə anıblar.

Əvvəlcə Şamo Rəhimovun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Mərasimdə çıxış edənlər bildirdilər ki, Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində şanlı qələbə qazanmasında igidlik göstərərək şəhid olanlar tarixin əsl qəhrəmanları kimi yaddaşlarda yaşayacaq. Vətən müharibəsində ölümün gözünə dik baxan qəhrəmanlar bir amal, bir məqsəd uğrunda döyüşərək 30 illik Vətən həsrətinə son qoydular. Vətəni ucaldan oğullar da ucalığa, zirvəyə yüksəldilər. Şəhidin ailəsi dövlət tərəfindən qayğı ilə əhatə olunub.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Şamo Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidlərin adı və qəhrəmanlığı əbədi yaşayacaq. Torpaqlarımızda yenidənqurma və bərpa işlərinə başlanılıb. Düşmənin viran qoyduğu yurd yerlərimizdə yeni həyat başlayır. Ən böyük təsəllimiz odur ki, şəhidlərin qanı yerdə qalmadı, onların qisası yağı düşməndən alındı.

Salman ALIOĞLU,

“Respublika”.