Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Günəşdən gələn nəhəng fırtına “internet qiyaməti”nə səbəb ola bilər

Kaliforniya Universitetinin astronomu Sangeetha Abdu Jyothi Günəşdə meydana gələcək şiddətli fırtınanın Yer kürəsində internet apokalipsisinə səbəb ola biləcəyini açıqlayıb.
Alim planetin böyük bir hissəsində şiddətli günəş fırtınası səbəbilə həftələr və ya aylar ərzində internetdə fasilə yaşanacağını söyləyib.
İnfrastrukturun ən böyük çətinliklərini müəyyən etməyə çalışan alimin fikrincə, fiber optik kabellərin geomaqnit səbəbli cərəyanlardan təsirlənmədiyi üçün yerli və regional internet əlaqələrinin pozulmaması mümkündür. Qitələri birləşdirən uzun sualtı internet kabelləri üçün isə bu, eyni deyil. Çünki optik siqnalı artırmaq üçün bu kabellər geomaqnit cərəyanlarına qarşı həssasdır. Alim bildirib ki, müəyyən bir bölgədəki sualtı kabel uğursuz olarsa, bütün qitələrə təsir edə bilər.
Günəşin Yerə maqnitləşmiş hissəciklər yağdırması “günəş küləyi” kimi tanınır. Planetin maqnit qalxanı tez-tez bu hissəciklərin yerə zərər verməsinin qarşısını alır. Ancaq əsrdə bir dəfə baş verən nadir hadisə bu küləyi tam bir fırtınaya çevirə bilər. Alimin vurğuladığı kimi, bu cür ekstremal hadisələrin nəticələri bəşəriyyətin müasir həyat tərzi üçün fəlakətli ola bilər.
“Növbəti böyük günəş fırtınası ulduzdan çıxanda Yerdəki həyatın buna hazırlaşmaq üçün təxminən 13 saat vaxtı  olacaq. Bu vaxtdan yaxşı istifadə etmək üçün mütəxəssislər günəş fırtınası təhlükəsini ciddi qəbul etməlidirlər. Günəş fırtınaları təkcə yer üzünə deyil, orbitə çıxan peyklərə və digər kosmik gəmilərə də təsir edir”-deyə alim vurğulayıb.
İnformasiya “WIRED” veb saytında yayımlanıb.

 

Amputasiyalı insanlar üçün süni qol hazırlanıb

Cleveland Klinikasının tədqiqatçıları yuxarı ətrafları amputasiya olunmuş insanların hərəkətlərini bərpa etmək məqsədilə bionik qol hazırlayıblar. Növünə görə ilk olan bu cihaz “Science Robotics” jurnalında nəşr olunan yeni məqalədə təsvir edilmişdir.
Klinikanın rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupunun hazırladıqları bionik sistem üç vacib funksiyanı özündə birləşdirir. Bu sistemə intuitiv motor nəzarəti, toxunma, tutma və əlin açılıb bağlanması kimi funksiyalar daxildir. Cihazın ərsəyə gəlməsində köməklik göstərən təşkilatlar arasında Alberta və New Brunswick universitetlər də yer alıb.
Protez qol sinir-maşın interfeysində eyni anda üç hiss və motor funksiyasının sınandığı ilk quruluşdur. Sinir-maşın interfeysi istifadəçinin əza sinirlərinə bağlanır. Bu şəkildə xəstələr hərəkət etmək istədikdə beyinlərindən protezə sinir siqnalları göndərirlər. Əlavə olaraq fiziki məlumatları ətrafdan alır və sinirlər vasitəsilə beyinə geri ötürürlər.
“Kompleks bionik sistemlə standartlara uyğun  protez hazırladıq. Sistem istifadəçilərə protez qollarını daha intuitiv şəkildə hərəkət etdirməyə və eyni zamanda toxunma hisslərini duymağa imkan verir. Tapıntılar amputasiyalı insanlarda təbii qol funksiyasını tamamilə bərpa etmək üçün əhəmiyyətli bir addımdır”-deyə Cleveland Klinikasının Lerner Araşdırma İnstitutunun Biotibbi Mühəndislik Bölməsinin baş tədqiqatçısı Paul Marasco izah edib.
Süni qolun ikitərəfli geri bildirim və idarəetmə sxeminin işləmə keyfiyyəti, amputasiyalı insanlar üzərində sınaqdan keçirilmişdir.

 

Mütəxəssislər təhlükəli partlayışların olacağını xəbərdarlıq edirlər

ABŞ-ın Oregon Dövlət Universiteti tərəfindən koordinasiya edilən və dünyanın hər yerindən olan elm adamları ilə birlikdə aparılan araşdırmalara görə, qlobal ölüm sayına malik dağıdıcı super vulkanik püskürmələrin baş verməsi əvvəllər güman ediləndən daha çoxdur. Mütəxəssislər yarıhərəkətsiz vəziyyətdə olan təxminən 20 vulkanın əslində cari bir risk yarada biləcəyini söyləyirlər.
İndiyə qədər püskürmə ehtimalının bir vulkanın altında olan maye maqmanın (qatı maz) varlığından asılı olması fikri hakim idi. Lakin alimlər maye maqmanın olmadığı halda da vulkanlarda püskürmələrin baş verə biləcəyinə dair sübutlar tapıblar. Bu isə o deməkdir ki, əvvəllər  zərərsiz olduğu düşünülən bəzi super vulkanlar əslində insanlar üçün olduqca təhlükəli ola bilər. Elm adamları təxminən 75.000 il əvvəl Toba gölünün super partlayışından sonra bəzi tədqiqatlar apararaq bu nəticəyə gəliblər.
Alimlər maqmanın 13.000 il sonra sızmağa davam etməsini aşkar ediblər. Bu isə püskürmələrin ilk növbədə maye maqma olmadan da baş verə biləcəyini göstərir.
“Super püskürmələr nəhəng miqdarda maqma buraxması ilə Yer tarixinin ən fəlakətli hadisələrindən biridir. Dünyanı vulkanik qışa bürüyəcək qədər qlobal iqlimə təsir edə bilər. Bu soyuqluq anormal dərəcədə geniş yayılmış qıtlığa və əhalinin deqradasiyasına səbəb ola bilər. Super vulkanların necə işlədiyini öyrənmək qaçılmaz püskürmə təhlükəsini anlamaq üçün vacibdir”-aparıcı müəllif Martin Danisik qeyd edib.
Araşdırma “Communications Earth and Environment” jurnalında nəşr edilib.

 

Təbiətdən ilhamlanan suitələyici nanomaterial

Mərkəzi Florida Univeristetinin (UCF) araşdırma qrupu suyu itələyən və suda batdıqda quru qalan yeni bir nanomaterial hazırlayıb.
Yeni kəşf daha səmərəli suitələyici səthlər, yanacaq hüceyrələri və zəhərli maddələri aşkar edə biləcək elektron sensorların inkişafına səbəb ola bilər. Araşdırma “Advanced Materials” jurnalının üz qabığında yer alıb.
Yeni materialın ərsəyə gəlməsində fullerendən (karbon atomundan ibarət molekul növü) hazırlanmış damcı geldən istifadə edilib. Gelin qəfəsəbənzər quruluşu tətbiq edilən maddəni pozmadan orijinal funksional xüsusiyyətlərini özündə saxlayır. Bu o deməkdir ki, yeni super səth suyun parçalanması, bakteriyaların dezinfeksiya edilməsi, hidrogen istehsalı və ya elektrokataliz üçün istifadə edilə bilər.
Fullerenlər kainatın təməl daşı hesab edilən karbon molekullarının qruplaşmasından hazırlanır. Karbonlar müxtəlif formalarda ola bilər. Xüsusi şərtlərdə karbon molekulları bir araya gələrək fulleren adlanan qapalı bir qəfəsə bənzər quruluş meydana gətirirlər. Bu qəfəslər fullerit adlanan uzun kristallar meydana gətirmək üçün üst-üstə yüklənir.
“Suyu itələmək texnikası bitkiləri, heyvanları göbələklərdən qorumaq vasitəsi olaraq canlıların özünü təmizləməsinə imkan verir. Lotus yarpağını nümunə göstərərək molekulyar fulleren kristallarına əsaslanan nanomaterialları sintez etdik”-deyə UCF Nanoscience Texnologiya Mərkəzinin professoru tədqiqat rəhbəri Debashis Chanda izah edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.