FAKTLAR VƏ RƏQƏMLƏR
İQTİSADİYYAT

FAKTLAR VƏ RƏQƏMLƏR

Yanvar-avqust aylarında 32,1 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-avqust aylarında 32,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 18,4 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 62,5 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 1,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 14,6 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,0 faiz artmışdır.

 

Əsas kapitala 8259,4 milyon manat məbləğində vəsait yönəldilib

2021 -ci ilin yanvar-avqust aylarında əsas kapitala 8259,4 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 5657,0 milyon manatı və ya 68,5 faizi məhsul istehsalı sahələrinə, 1993,0 milyon manatı (24,1 faizi) xidmət sahələrinə, 609,4 milyon manatı (7,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5335,0 milyon manatını və ya 64,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5514,6 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,0 faiz, büdcə vəsaitləri 20,8 faiz, bank kreditləri 5,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, sair vəsaitlər isə 7,7 faiz təşkil etmişdir.

 

Dünyanın 175 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirilib

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 2021-ci ilin yanvar-iyul aylarında dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 17337,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 11039,3 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 6297,9 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4741,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artaraq 1354,3 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 38,2 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,5 faizini İspaniyaya, 4,4 faizini Xorvatiyaya, 4,3 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Gürcüstana, 3,1 faizini Hindistana, 2,9 faizini Tunisə, 2,7 faizini Portuqaliyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,8 faizini Ukraynaya, hər biri 1,2 faiz olmaqla Kanada, Almaniya və Tailanda, hər biri 1,1 faiz olmaqla İsveçrə, Çin və Belarusa, 7,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (26,5 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,5 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,9 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 13,3 faizi Çin, 6,2 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla ABŞ və İtaliya, 4,1 faizi Ukrayna, 3,4 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,8 faizi Fransa, 1,5 faizi Braziliya, 1,4 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 17,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

 

Ölkə iqtisadiyyatında muzdla işləyənlərin sayı 1689,7 min nəfərdir

Bu il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və ya 0,5 faiz artaraq 1689,7 min nəfər olmuş, onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 728,5 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

“Respublika”.