DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AĞ EV RƏSMİSİ: ABŞ ÇİNLƏ MÜNAQİŞƏ İSTƏMİR

ABŞ-ın Hind-Sakit Okean bölgəsində Böyük Britaniya və Avstraliya ilə yeni tərəfdaşlığı Çinə qarşı yönəlməyib və Vaşinqton Pekinlə münaqişə axtarmır. “APA”nın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, “elan edilən tərəfdaşlıq heç bir ölkəyə yönəlməyib”. Psaki bildirib ki, bu qarşılıqlı əlaqə “ABŞ-ın strateji maraqlarının müdafiəsinə” və bölgədə sabitliyi qorumağa hədəflənib.

“Çinə gəlincə, biz ÇXR-lə sərt rəqabətə hazırıq, lakin münaqişə istəmirik”, - deyə Ağ Ev rəsmisi əlavə edib. O xatırladıb ki, ABŞ prezidenti Cozef Bayden və ÇXR sədri Si Cinpin bu ayın əvvəlində telefon danışığı aparıblar.

“Biz, əlbəttə ki, liderlər arasındakı dialoqu yüksək səviyyədə dəstəkləmək niyyətindəyik”, - deyə Cen Psaki vurğulayıb.

 

NİDERLAND BRİTANİYAYA AVROPA İTTİFAQI İLƏ BAĞLI RAZILAŞMA TƏKLİF EDƏCƏK

Niderlandın baş naziri Mark Rütte britaniyalı həmkarı Boris Consona Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində razılaşma imzalamağı təklif edəcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə mənbələrə istinadən “The Times” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına əsasən, sözügedən razılaşma B.Conson və M.Rütte arasında keçiriləcək görüş zamanı təklif ediləcək.

“Avropalılar hesab edir ki, Böyük Britaniya hökuməti ABŞ ordusunun Əfqanıstandan çıxarılmasından sonra müdafiə və təhlükəsizlik sahəsində Aİ ilə əməkdaşlıq ideyasına daha açıqdır”, - deyə qəzetin mənbəsi vurğulayıb.

Bununla yanaşı, qeyd edilir ki, Fransa və Almaniya sözügedən təşəbbüsü dəstəkləyir.

 

MOSKVADA MƏSCİD ÇATIŞMAZLIĞI BİR SIRA PROBLEMLƏRƏ SƏBƏB OLUR

Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov bildirib.

“Hər şeyi Rus Pravoslav Kilsəsinə baxıb etmək vacib deyil, lakin pandemiyadan əvvəl  də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu”, - deyə idarə sədri vurğulayıb.

Nafiqulla Aşırovun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir. O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil,  Moskvaətrafında da böyük Cümə məscidi inşa etmək mümkündür.

“Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil”, - deyə idarə sədri əlavə edib.

 

MƏHKƏMƏ KOÇARYANI RUSİYAYA BURAXMADI

Bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunan Ermənistanın keçmiş prezidenti, müxalif “Ermənistan” alyansının rəhbəri Robert Koçaryana ölkədən çıxmaq qadağan olunub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Birinci İnstansiya Məhkəməsi R.Koçaryanın ölkədən getməsinə razılıq verməyib. Məhkəmənin qərarında qeyd olunur ki, hazırda R.Koçaryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Koçaryanın rəhbərlik etdiyi “Ermənistan bloku”nun bəyanatında vurğulanır ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Xatırladaq ki, Rusiyanın hakim partiyası Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.

 

AVROPA İTTİFAQI ÖZ ŞƏXSİ ORDUSUNU YARATMAQ NİYYƏTİNDƏDİR

Avropa Birliyi (Aİ) müdafiə məsələlərində ABŞ-a ehtiyac duymamaq üçün öz şəxsi ordusunu yaratmaq niyyətindədir. “APA”nın “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

Xanım siyasətçi Əfqanıstan hökumətinin “Taliban” hərəkatı sayəsində süqutundan narahatlığını çatdırıb və qeyd edib ki, bu hadisə təkcə NATO blokunu deyil, həm də Aİ-yə daxil olan ölkələri də ciddi suallar qarşısında qoyur.

Eyni zamanda, Avropa Komissiyasının rəhbəri Avropa Müdafiə Birliyinin yaradılması işlərinin sürətləndirilməsini tələb edib. Onun sözlərinə görə, bunun üçün yeni hərbi birləşmələr yaratmağa ehtiyac yoxdur, çünki onlar çoxdan mövcuddur.

Ursula fon der Leyen qeyd edib ki, birliyin ABŞ və NATO-nun köməyi olmadan beynəlxalq məsələlərdə hərbi vasitələrdən istifadə etməsi üçün kifayət qədər siyasi iradəyə sahib olması vacibdir.

Avropa Komissiyasının rəhbərinin fikrincə, Aİ öz ərazilərində və onun xaricində daha çox sabitlik təmin etməli, eləcə də Şimali Atlantika alyansının və ya BMT-nin təşəbbüsü olmadan missiyalarda iştirak etməlidir.

 

ŞAHZADƏ FİLİPİN SİRLİ VƏSİYYƏTİ

İngiltərə Ali Məhkəməsi kraliça II Elizabetin mərhum həyat yoldaşı şahzadə Filipin vəsiyyətinin monarxiyanın şərəfini qorumaq naminə gizli saxlanılması barədə hökm çıxarıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, hakim Endryu Makfarleyn şahzadə Filipin vəsiyyətinin möhürlənməsini və heç bir nüsxəsinin məhkəmədə saxlanılmamasını qərara aldığını açıqlayıb. Hakim həmçinin şahzadənin mirasının dəyərinin vəsiyyətnaməyə daxil edilməməsinə də qərar verib.

Vəsiyyətnamənin təsdiqlənməsinin ən azı 90 il çəkəcəyini qeyd edən E.Makfarleyn deyib: “Kraliça və yaxın ailəsinin ləyaqətini qorumaq üçün məhdud sayda insanın yer aldığı bu qrupun həyatının özəl sahələri üçün təşkil edilən müdafiənin gücləndirilməsinə ehtiyac var”.

Qeyd edək ki, vəsiyyətinin gizli qaldığı ilk kral ailəsi üzvü V Corcun xanımı kraliça Merinin qardaşı şahzadə Frensis idi. Bundan əlavə, kraliça II Elizabetin anası Elizabet və bacısı şahzadə Marqaretin ölümündən sonra da vəsiyyətləri möhürlənib.

 

TÜRKİYƏ İLK YERLİ PEYKİNİ KOSMOSA GÖNDƏRƏCƏK

Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa göndərmək niyyətindədir. “Trend” agentliyinin məlumatına görə, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib.

Nazir bildirib ki, “Türksat 6A” peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır. Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir.

Məlumata əsasən, peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu “Türksat 6A”nın “SpaceX” şirkəti tərfindən kosmosa göndəriləcəyini bildirib.

 

BRAZİLİYA MƏHKƏMƏSİ İTLƏRİN TƏZMİNAT ALMAQ HÜQUQUNU TANIYIB

Braziliyanın Parana ştatının məhkəməsi ilk dəfə olaraq itlərin keçmiş sahibləri tərəfindən pis rəftar nəticəsində dəymiş mənəvi ziyana görə kompensasiya almaq hüququnu tanıyıb. “Report”un verdiyi xəbərə görə, bu barədə məhkəmə məlumat bazasına istinadən “O Antagonista” nəşri məlumat yayıb.

Belə ki, Spayk və Rembo adlı itlər onları qanuni prosesdə təmsil edən QHT-lərlə birlikdə “iddialı tərəf” statusu alıb.

Məhkəmənin yekdilliklə qəbul etdiyi qərara əsasən onların hər biri mənəvi təzminat olaraq təxminən 400 ABŞ dolları tələb edə biləcək. İş yenidən baxılması üçün birinci instansiyaya göndərilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.