DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NÜVƏ SİLAHLARI SUYUN DƏRİNLİKLƏRİNƏ ENDİRİLİR

ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks və İngiltərə baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrou Hind-Sakit okean bölgəsində təhlükəsizliklə bağlı Avstraliya ilə yeni üçtərəfli hərbi tərəfdaşlığı müzakirə edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər ABŞ-ın davam edən strateji araşdırmaları və Hind-Sakit okean bölgəsinə sülh və sabitlik gətirmək üçün bu yaxınlarda elan edilən ABŞ, İngiltərə və Avstraliyanın üçtərəfli təhlükəsizlik tərəfdaşlığı da daxil olmaqla müdafiə və təhlükəsizlik prioritetləri haqqında fikir mübadiləsi aparmaq üçün bir araya gəliblər.

Sentyabrın 16-da Avstraliya, İngiltərə və ABŞ yeni təhlükəsizlik ittifaqı elan edib. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə girəcək Amerika və İngiltərə texnologiyalarının köməyi ilə ən azı 8 nüvə sualtı gəmisi istehsal etmək və silahlı qüvvələrini ABŞ-ın müdafiə sistemləri ilə yenidən təchiz etmək niyyətindədir.

 

SUDANDA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD EDİLİB

Sudan ordusu bu ölkədə dövlət çevrilişinin qarşısını alıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Al-Mayadeen” telekanalı xəbər yayıb. “Dövlət çevrilişi cəhdi baş tutub, lakin uğursuz olub. Xalq ona müqavimət göstərməlidir”, - deyə telekanala Sudanın müstəqil keçid şurasının rəsmisi bildirib. O bildirib ki, hazırda ölkədə vəziyyət nəzarət altındadır.

Telekanalın məlumatına əsasən, ordu çevrilişi planlaşdıran zabitləri həbs edib. “Tanklar Xartumda parlamentin yanında olan körpünü bağlayıb”, - deyə telekanal məlumat verib.

Bununla yanaşı, “Əl-Cəzirə” telekanalının məlumatına görə, çevrilişdə iştirak etmiş 40-dan çox zabit saxlanılıb, hazırda həbslər davam edir.

Xatırladaq ki, Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi. Ölkəni 30 il idarə edən Ömər əl-Bəşir hakimiyyətdən kənarlaşdırılaraq həbs edilmişdi.

 

“TALİBAN”DAN ABŞ-I MƏSULİYYƏTƏ CƏLB ETMƏK ÇAĞIRIŞI

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının mətbuat katibi Zabiulla Mücahid ötən illər baş verən hadisələrə görə ABŞ-ı məsuliyyətə cəlb etməyə çağırıb. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Çin mətbuatına müsahibəsində ABŞ-ın avqustun 29-da Əfqanıstanın paytaxtı Kabilə 10 dinc sakinin, o cümlədən 7 uşağın ölümü ilə nəticələnən hava zərbəsini şərh edərkən bildirib.

Mətbuat katibinin sözlərinə görə, bu, ABŞ-ın dinc sakinlərin ölümü ilə nəticələnən ilk hərəkəti deyil. “ABŞ artıq 20 ildir Əfqanıstanda dinc vətəndaşları öldürür”, - deyə taliblərin nümayəndəsi vurğulayıb. Mücahid qeyd edib ki, belə hadisələr humanitar fəlakətə gətirib çıxarır.

“ABŞ ötən illərdə baş verən hadisələrə görə məsuliyyətə cəlb edilməlidir. Onlar qətl və təzyiqin əvəzini vermək üçün, əfqan xalqı ilə əməkdaşlığa başlamalıdır”, - mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, ABŞ hərbçilərinin avqustun 29-da Kabilə endirdiyi hava zərbəsi nəticəsində 10 dinc sakin həlak olub.

 

PANDEMİYANIN MƏNZİL BAZARINDA GÖZLƏNİLMƏZ FƏSADLARI

Koronavirus pandemiyası mənzil bazarında kəskin ümumdünya böhranına səbəb olub. Bu barədə “Sputnik” informasiya agentliyin “Bloomberg” nəşrinə istinadən məlumat yayıb. Müəllif Alan Kroufordun sözlərinə görə, problemlər təkcə alqı-satqı sahəsinə deyil, həm də ev və mənzillərin icarəsinə də ciddi təsir edib.

Krouford qeyd edib ki, yaranmış vəziyyət pandemiya öncəsi müəyyən edilmiş aşağı faiz dərəcələrinin və “COVID-19” epidemiyası zamanı baş verən dəyişikliklərin birləşməsinin nəticəsidir. Belə ki, yeni mənzillərin tikinti tempi aşağı düşüb, ailələr daha az xərcləməyə başlayıb və evlərinin satışa çıxarılması dayandırılıb.

Jurnalistin fikrincə, hökumətlər problemin optimal həllini tapa bilməyiblər və hakimiyyət əhali arasında gərginliyin dərəcəsini azaltmaq üçün müvafiq tədbirlərin görülməsini təklif edib. Belə ki, Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

Bununla yanaşı, Alan Krouford bazarda vəziyyətin 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara çox bənzədiyini də əlavə edib. Bir çox ölkələrdə daşınmaz əmlak bazarında “köpük” təhlükəsi ortaya çıxıb.

 

COZEF BAYDEN: NÜVƏ RAZILAŞMASINA QAYITMAĞA TAM HAZIRIQ

“ABŞ İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planına tam qayıtmağa hazırdır”. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib.

“ABŞ İranın nüvə silahı əldə etməsini əngəlləməkdə davam edəcək. İranı diplomatik olaraq Hərtərəfli Birgə Fəaliyyət Planına cəlb etmək üçün “beş üstəgəl bir” formatı üzərində işləyirik”, - deyə Bayden bildirib.

Qeyd edək ki, Avstriyada aprel ayından etibarən İranla beynəlxalq “beşlik” (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında nüvə anlaşmasını bərpa etmək üçün danışıqlar aparılır.

Tərəflər İrana qarşı sanksiyaların ləğv edilməsi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi, habelə ABŞ-ın Hərtərəfli  Birgə Fəaliyyət Planına qaytarılmasını müzakirə edirlər.

 

LİVİYA PARLAMENTİ HÖKUMƏTƏ ETİMAD GÖSTƏRMƏYİB

Liviya parlamenti sentyabrın 21-də Abdel Hamid Dbeyba hökumətinə etimad göstərməyib. “Report”un məlumatına görə, bunu Liviya Nümayəndələr Palatasının sözçüsü Abdullah Blihak bəyan edib.

“Parlamentn sədri Akil Salehin və iki müavininin iştirak etdiyi qapalı iclasda 113 deputatdan 89-u Abdel Hamid Dbeybanın başçılıq etdiyi Milli Birlik Hökumətinə etimad göstərilməsinin əleyhinə səs verib”, -  deyə  Abdullah Blihak vurğulayıb.

Liviya paytaxtı Tripolidə yerləşən Ali Dövlət Şurasının sözçüsü Məhəmməd bin Abdel Nasir Nazirlər Kabinetinə etimad qaydasını rədd edərək bildirib ki, hökumətə etimadın göstərilməməsi Konstitusiya Bəyannaməsi və siyasi razılaşmaya zidd olduğu üçün etibarsız sayılır.

Xatırladaq ki, Liviya hökuməti martın 10-da etimad qazanıb. Abdel Hamid Dbeybanın başçılıq etdiyi hökumət 35 nazir və baş nazirin müavinindən ibarətdir. Hökumətin səlahiyyət müddəti 2021-ci il dekabrın 24-də başa çatır. Bu tarixdə Liviyada seçkilərin keçiriləcəyi gözlənilir. Parlamentin bu addımı hakimiyyətin işini bloklayaraq, seçkilərə hazırlaşmağı mümkünsüz edir.

 

ABŞ-DA GƏNC OĞLANA 1282 İL HƏBS CƏZASI VERİLİB

ABŞ vətəndaşı olan Devon Erikson 2019-cu ilin may ayında məktəbə hücum etdiyinə görə vaxtından əvvəl azad olunma imkanından məhrum edilməklə ömürlük həbs cəzasına məhkum edilib. “APA”nın verdiyi xəbərə görə, bu barədə “The Denver Post” nəşri yazıb. Müvafiq qərar Nebraska ştatının Duqlas Dairə Məhkəməsi tərəfindən verilib.

Bildirilir ki, gənc oğlan məktəbdə bir nəfəri öldürmüş, 8 nəfəri isə yaralamışdı. Buna görə o, 1282 il müddətinə həbs cəzası alıb.

2021-ci ilin iyununda ittihamçılar Eriksona qarşı sinif yoldaşı, 18 yaşlı Kendrik Kastilyonun öldürülməsi də daxil olmaqla təxminən 40 ittiham irəli sürüblər. O, həmçinin qəsdən adam öldürməyə cəhd, yandırma, oğurluq, məktəb ərazisində silah saxlamaq kimi 31 daha az ağır ittihamlar üzrə məhkum edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.