Sağlam həyat
Maraqlı

Sağlam həyat

Asudə vaxtın çoxluğu ruhi sağlamlığa zərərdir

İnsanlar adətən artıq işləməkdən şikayət edərək asudə vaxtlarının daha çox olmasını arzulayırlar. Milyonlarla işçi təqaüdə çıxmağı tunelin sonunda bir işıq kimi görür. Lakin yeni bir araşdırma düşünülənlərin tam əksini söyləyir. Pennsylvania Universitetinin alimlərinin “Journal of Personality and Social Psyehology” jurnalında dərc olunmuş araşdırmalarına görə, insanların asudə vaxtının çox olması ilk vaxtlar ruhi sağlamlığa müsbət təsir etsə də, müəyyən bir müddətdən sonra bu təsir azalır.

Alimlər 6000 iştirakçını əhatə edən onlayn sorğu keçiriblər. Daha çox vaxta sahib olan iştirakçılar məhsuldar olmayan fəaliyyətlə məşğul olduqları üçün əhvali-ruhiyyələrinin aşağı olduğunu bildiriblər. Ancaq məhsuldar işlə məşğul olanlar bunun əksini söyləyiblər. Nəticələr göstərib ki, boş vaxt artdıqca ruh yüksəkliyi yaxşılaşsa da, təxminən beş saat sonra azalmağa başlayır.

 “Araşdırmamız asudə vaxtın müddəti ilə subyektiv rifah arasındakı əlaqəyə əsaslanır. Daha çox asudə vaxtın stressə səbəb olduğunun rifahın aşağı düşməsinin şahidi olduq. Tapıntılarımız, insanların təqaüdə çıxmaq və ya işdən ayrılmaq kimi həddindən artıq çox zamana ehtiyac duyduqları müddətdə, boş vaxtlarını məqsədli şəkildə səmərəli keçirməkdən faydalanacağını göstərir”-deyə Pennsylvania Universitetinin dosenti, tədqiqat müəllifi Dr. Marissa Şərif bildirib.

 

Mixəyin növbəti möcüzəvi faydası məlum olub

Mixək iltihab əleyhinə profilaktik müalicəvi təsir gücünə görə təbabətdə geniş istifadə olunmaqla yanaşı, özünəməxsus gözəl qoxusu ilə kulinariyada ədviyyat kimi də məşhurdur. Mixək, syzygium aromaticum olaraq da bilinən həmişəyaşıl bir ağacın qurudulmuş çiçək qönçələridir. Bu bitkinin sağlamlığa olan möcüzəvi faydaları elmdə sübut olunmuşdur. Əbəs yerə orta əsrlərdə təbiblər imperatorlara və şahlara gündə iki mixək çeynəməyi məsləhət görmürdülər. Hətta bu bitki keçmişdə o qədər qiymətli idi ki, onun dəyəri qızılla ölçülürdü. İndi amerikalı alimlərə bu dəyərli bitkinin növbəti faydası məlum olub. Belə ki, elm adamları mixəyin qaraciyəri piylənmədən qorumaqla yanaşı, bu orqanla əlaqəli bir sıra xəstəliklərin qarşısını ala biləcəyini söyləyirlər.

Araşdırmalar göstərir ki, mixəyin tərkibindəki eugenol adlı faydalı birləşmə qaraciyərin sağlamlığına müsbət təsir edə bilər. Siçovullar üzərində aparılan sınaqlar nəticəsində məlum olub ki, eugenol ehtiva edən birləşmə heyvanlarda qaraciyərin piylənməsinin qarşısını almaqla, həm də iltihabı və oksidləşdirici stressi azaldır.

Bununla yanaşı, elm adamları bu birləşmənin qaraciyər sirrozu və orada olan yara izlərinin aradan qaldırılmasına da müsbət təsir etdiyini aşkar ediblər.

Alimlər eugenolun qaraciyərə təsirini insanlar üzərində də sınaqdan keçirmək niyyətindədirlər. Onlar bu birləşmənin insanlarda da qaraciyər xəstəliklərinə effektiv təsir edəcəyinə ümid edirlər.

Tədqiqatla bağlı məlumat “Medical X press” veb saytına istinad edilib.

 

Motsartın sonataları epilepsiya xəstələrinə kömək edə bilər

Epilepsiya dünyada hər 100 insandan birinə təsir edən nevroloji xəstəlikdir. Xəstələrin bir çoxuna dərmanlar təsir etsə də, onlardan təxminən üçdə biri epileptik tutmalar yaşamağa davam edir. Pisa Universitetinin alimləri Motsartın musiqilərini dinləməyin, epilepsiyadan əziyyət çəkənlər üçün canlı və invaziv olmayan bir müalicəni təmin edə biləcəyini düşünürlər.

Musiqinin beyinə faydalı yan təsirlər göstərə biləcəyi konsepsiyası 1990-cı illərdə “Motsart effekti” tapıntıları ilə başlayıb. O vaxtdan bəri edilən bir sıra araşdırma çox az sayda insanı cəlb etməklə, mübahisəli fikirlərə səbəb olmuşdu. Lakin indi italiyalı elm adamları Dr. Gianluca Sesso və Federico Sicca Motsartın musiqisinin epilepsiyaya təsiri ilə əlaqədar əsərləri sistemli şəkildə araşdırıblar.

Alimlər, xüsusilə gündəlik olaraq musiqi əsərlərinin dinlənməsinin beyinin fəaliyyətində anormallıqların azalmasına səbəb olduğunu tapıblar. Müsbət təsirlər ilk dinləmə seansından sonra meydana gəlib və uzun bir müalicə müddətindən sonra da davam edib.

Meta-analiz zamanı Motsartın zəngin, klassik kompozisiyalarının xəstələrin beyninə müsbət təsir edə biləcəyi təsbit edilib. Tədqiqatçılar xüsusilə sonataları gündəlik dinləyənlərdə epileptik tutmaların orta hesabla 31 ilə 61 faiz arasında azaldığını aşkar ediblər.

“Motsartın sonataları epilepsiya üzərində işləmək üçün uyğun və fərqli ritmik quruluşa malikdir. Bu orijinal bir araşdırma olmasa da, keçmiş tədqiqatın davamıdır. Tapıntılarımız, musiqinin zehinə təsiri ilə bağlı daha çox araşdırmalara ehtiyac olduğunu göstərir”-həmmüəllif, nevroloji xəstəliklər üzrə tədqiqatçı Dr. Gianluca qeyd edib.

İnformasiya “Stady finds” veb saytında yayımlanıb.

 

Alimlər aşırı yeməyin piylənməyə səbəb olmadığını iddia edirlər

Amerikalı elm adamları və qidalanma mütəxəssislərindən ibarət qrup “The American Journal of Clinical Nutrition” jurnalında dərc edilən məqalədə, çəki almağımızın əsl səbəbinin nə qədər yediyimizdən çox, yediklərimizlə əlaqəli olduğunu iddia edir.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) statistik hesablamalarına görə, piylənmə dünyada yeniyetmələrin 40 faizdən çoxuna təsir etməklə, onlarda ürək-damar xəstəlikləri, insult, Tip2 diabet və müəyyən xərçəng növləri riskini artırır. Alimlər bunun səbəbini, son dövrlər ucuzluğu və dadı ilə yeniyetmələri özünə cəlb edən, həddindən artıq qlisemik indeksə (qan şəkəri dəyəri) malik və asanlıqla həzm olunan karbohidratlarla zəngin işlənmiş qidalarda görürlər. Elm adamları, bu cür qidaların bədəndə insulin ifrazını artırmaqla, qlükozanın qlükaqon adlı bir hormonu sıxışdırdığını söyləyirlər.

“İnsulinin artması və qlükaqonun sıxışdırılması prosesi daha çox kalori yığmaq üçün yağ hüceyrələrinə mesaj göndərir. Eyni zamanda, beyin kifayət qədər enerjinin gəlmədiyini anladığı zaman aclıq siqnallarını artırır. Nəticədə bu cür qidaları nə qədər çox yesəniz belə, aclıq hiss etməyə davam edirsiniz. Beyinə siqnal çatana qədər davamlı olaraq qidalanmaq isə artıq yağ yığılmasına səbəb olur. Gündəlik rasiona protein və ya sağlam yağlarla zəngin qidaların əlavə edilməsi, karbohidratların qana qarışmasını ləngidə bilər”-deyə araşdırma müəlliflərindən biri, qidalanma mütəxəssisi Shena Jaramillo izah edib. 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.