Qısa, şərəfli ömür
Sosial həyat

Qısa, şərəfli ömür

44 günlük Vətən müharibəsinin şəhidi 21 yaşlı Elcan Əfsəddin oğlu Abbasov yaşasaydı, 21 yaşını qeyd edəcəkdi. Onsuz keçən doğum gününə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, şəhid anaları və ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları, məktəblilər qatılmışdır.

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək oldu. Bundan sonra da gənclər Elcanla qürur duyacaq, şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər.

Elcan ailənin iki oğul övladından biri idi. Elcanın ömrü qısa, amma şərəfli məqamlarla zəngin oldu. Elcan 23 sentyabr 2000-ci ildə Mingəçevirdə doğulmuşdu, istedadlı qarmon ifaçısı idi. Həm də yaxşı idmançı idi. Məhz fiziki göstəricilərinə görə həqiqi hərbi xidmətinin son dönəmlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə cəlb edilmişdi. Bu onun çoxdankı arzusu idi. Orada nümayiş etdirdiyi yüksək göstəricilərlə komandanlığın etimadını doğrultmuşdu.

Anası Ulduz Nəsibova deyir ki, Elcan Füzulidən Şuşaya kimi şərəfli döyüş yolu keçib. Hadrut, Xocavənd, Şuşa və digər istiqamətlərdə gedən ağır döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Xeyli düşmən hərbçisini və hədəflərini məhv edib, yaralı döyüş yoldaşlarının təhlükəsiz ərazilərə çıxarılmasına yardım edib. Şuşa uğrunda gedən ağır döyüşlərdə isə şəhid olub. Şəhid anası Ulduz xanım bildirib ki, iki övladım var, hər ikisi hərbçidir. Onları atasız böyütmüşəm. Elcan Abbasov şəhid olsa da, başım həmişə ucadır. Zəhmətkeş uşaq idi. Böyük arzuları vardı, yunan-Roma güləşçisi idi. Çoxlu medalları, təltifləri var idi. Tez-tez danışırdıq. Deyirdi ki, narahat olma, mən çox yaxşıyam. Əsgərliyi bitirməyinə az qalmış, boylu-buxunlu olduğu üçün gəlib onu Xüsusi Təyinatlılara seçmişdilər. Kursu fərqlənmə ilə bitirmişdi. Axırıncı dəfə oktyabrın 28-də danışmışam. Döyüş yoldaşları ilə danışmışam, deyirdilər ki, mərd qorxmaz oğlandır. Özünəlayiq iş qurmaq, ev almaq istəyirdi. Arzuları çox idi. Elcanın itkisini ağrı-acı ilə yad edən nənəsi Qızbəs Qurbanova isə nəvəsinin düşmənə layiqincə cavab verərək şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini bildirir. Sağ olsun bizim Prezidentimiz, əzəli torpaqlarımızı qaytardı özümüzə. Bizim igidlərimiz cəsarətlə torpaqlarımızı aldılar, erməniləri də yana-yana qoydular.

Şəhidin adı xatirə lövhəsi ilə əbədiləşdirilib. Çoxları bəlkə də onun 21 yaşınadək keçdiyi həyat yoluna qibtə ilə baxır, yetişdiyi şəhidlik zirvəsini xəyallarında təsəvvür edib canlandırır. Çünki şəhid Elcan Abbasov tarixdə və ürəklərdə əbədi yaşamaq haqqı qazandı.

Zabit XƏLİLOV,

“Respublika”.