DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ TÜRKİYƏNİ YENİ SANKSIYALARLA TƏHDİD ETDİ

ABŞ Senatının beynəlxalq məsələlər üzrə Komitəsi Ankaranı “S-400” hava hücumundan müdafiə  sistemi ilə bağlı Rusiya ilə yeni müqavilə bağlayacağı tədqirdə əlavə sanksiyalarla hədələyib. Bu barədə “Sputnik” informasiya agentliyi “RİA Novosti”yə istinadən xəbər verib.

“CAATSA (Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu - red.) ilə öz fikrimizi kifayət qədər aydın şəkildə izah etdik: Rusiya hərbçiləri və ya kəşfiyyat orqanları ilə böyük biznes aparan bütün qurumlara qarşı sanksiyalar tətbiq edilir. Türkiyənin hər hansı yeni hərbi texnika alışı növbəti sanksiyalara səbəb olacaq”, - deyə Komitənin “Twitter”də yayımladığı məlumatda bildirilir.

Bu ərəfədə “CBS” telekanalına müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda Rusiya istehsalı olan daha bir partiya “S-400” alacağını bildirmişdi. Ərdoğanın sözlərinə görə, Türkiyə bu məsələdə qərar vermək hüququnu əvvəlki kimi özündə saxlayır və heç bir ölkənin onun işinə qarışmağa ixtiyarı yoxdur.

 

AVROPADA TƏBİİ QAZIN QİYMƏTİNDƏ TARİXİ REKORD

Avropa birjalarında təbii qazın qiymətləri tarixdə ilk dəfə min kubmetr üçün 1000 ABŞ dolları həddini keçib. “Trend”in məlumatına görə, Niderlandın “TTF” habında qazın min kubmetri 1031 dollara çatıb.

Verilən xəbərə əsasən, qazın qiyməti ötən sutka ilə müqayisədə 11 faiz artıb. Belə ki, ötən sutka ərzində təbii qaz birjalarda 930 dollar ətrafında alınıb-satılırdı.

Qeyd edək ki, bir müddət öncə Avropa birjalarında qazın qiyməti 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.

Xatırladaq ki, avqus ayının sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.

 

“TALİBAN” 800 İL HƏBS VERİLMİŞ QRUPLAŞMA LİDERİNİ GÜLLƏLƏDİ

“Taliban” hərəkatı İŞİD terror təşkilatının Əfqanıstan qolu olan “Xorasan” qruplaşmasının lideri Əbu Ömər Xorasanini 8 köməkçisi ilə birlikdə saxlanıldığı həbsxanada güllələndiyini açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, “Taliban” hərəkatı Xorasaninin avqustun 17-də paytaxt Kabili ələ keçirdikdən iki gün sonra güllələndiyini bildirib.

Xorasani 2017-ci ilin aprelində ABŞ xüsusi təyinatlı qüvvələrinin əməliyyatında öldürülən Şeyx Əbdülhasib Loqarini əvəz edərək təşkilata rəhbərlik edirdi. İŞİD-in Əfqanıstan qolunun qurucu liderlərindən bir olan Xorasaninin əsl adı Mövla Ziyaülhəqq olub. Qardaşı da daxil olmaqla bir neçə qohumu keçmiş Əfqanıstan hökumətlərində mühüm vəzifələr tutub.

“The Wall Street Journal” nəşri ilk dəfə Xorasaninin avqustun 26-da öldürüldüyünü iddia etmişdi. Xorasani 2020-ci ilin may ayında Kabil yaxınlığında saxlanılıb. Məhkəmə Xorasanini 800 il həbs cəzasına məhkum etmişdi.

 

CƏNUBİ KOREYADA HAVA TAKSİLƏRİ İSTİFADƏYƏ VERİLƏCƏK

Cənubi Koreyanın paytaxtı Seul şəhərində 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək. “Trend”in verdiyi xəbərə görə, bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinin şəhər nəqliyyatı ilə bağlı konsepsiyasında bildirilir.

Məlumata görə, aerotaksilərin kommersiya istismarının ilkin mərhələsi 2025-2029-cu illəri əhatə edəcək. Bu müddət ərzində taksilər Seulun mərkəzini Kimpho və İnçhin hava limanları ilə əlaqələndirəcək.

Aerotaksilər istismarın ilk mərhələlərində sürücülər tərəfindən idarə olunacaq. 2035-ci ildən başlayaraq isə taksilər pilotsuz hərəkət edəcək.

Verilən xəbərə əsasən, hava taksilərinin 300-600 metr yüksəklikdə hərəkət etməsi nəzərdə tutulur.

 

MİXEİL SAAKAŞVİLİ OKTYABRIN 2-NƏ TBİLİSİYƏ TƏYYARƏ BİLETİ ALIB

“Oktyabrın 2-nə Tbilisiyə bilet almışam”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsi vasitəsilə etdiyi videomüraciətində bildirib.

Saakaşvili həmin günün axşam Tbilisidə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib. O deyib: “Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.

Sabiq dövlət başçısı Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdəTbilisiyə çatacaq.

Məlumat üçün qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

 

MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ CULİAN ASSANCI ÖLDÜRMƏK İSTƏYİB

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 2017-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan “Vikiliks”in qurucusu Culian Assancı oğurlamaq və öldürmək planlarını Ağ Evə təqdim etdiyi iddia olunub. “Teleqraf.com”un xəbərinə görə, “Yahoo News” tərəfindən ələ keçirilən gizli hesabatda “Vikilik”sin 2017-ci ildə MKİ-yə məxsus minlərlə gizli sənədi yayımlamasının ABŞ kəşfiyyatını qəzəbləndirdiyi bildirilib.

Bundan sonra dönəmin dövlət katibi və MKİ-nin keçmiş direktoru Mayk Pompeonun sızıntıdan sonra Assancdan intiqam almaq qərarı verildiyi deyilən hesabatda onun “Vikiliks”in qurucuna qarşı sui-qəsd və ya onu oğurlamaq planını Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşündə təqdim etdiyi iddia olunub.

Məlumatda qeyd edilib ki, Rusiyanın Assancı Londondan Moskvaya qaçırmaq planı barədə kəşfiyyat məlumatı əldə etdikdən sonra MKİ buna yol verməmək üçün onu öldürmək qərarına gəlib. Assancın qaçırılmasının qarşısının alınması üçün hətta Londonda Rusiya casusları ilə ehtimal olunan silahlı qarşıdurmaya hazırlığın görüldüyü də iddialar arasında yer alıb.

 

NEFTƏ TƏLƏBAT 2030-CU İLDƏ PİK HƏDDƏ ÇATACAQ

Dünyada neftə tələbatın ən yüksək həddi əvvəl güman ediləndən daha tez, yəni 2030-cu ildə olacaq, sonrakı dövrdə isə kəskin azalmağa başlayacaq. “Report”un məlumatına görə, Fransanın “Total Energies SE” şirkətinin proqnozuna əsasən, bunun səbəbi get-gedə daha çox ölkələrin təmiz enerji mənbələrinə keçməklə bağlı öhdəlik götürməsi ilə bağlıdır.

Proqnoza görə, müxtəlif variantlarda 2050-ci ilədək neftə gündəlik tələbatın həcmi 40 milyon barrel və ya 64 milyon barrel təşkil edəcək.

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, dünya üzrə gündəlik neft istehlakı 2019-cu ildə 99,7 milyon, 2020-ci ildə 90,9 milyon barrel olub. 2021-ci ildə 96,1 milyon, 2022-ci ildə isə 99,4 milyon barrel həcmində olması gözlənilir.

 

ARXEOLOQLAR: ƏN QƏDİM İNSAN ŞİMALİ AMERİKADA YAŞAYIB

ABŞ-ın Nyu-Meksiko ştatında aparılan arxeoloji qazıntılar zamanı buz dövründə yaşayan insanların izləri aşkar edilib. “Report”un xəbərinə görə, bu barədə “Science” jurnalında məqalə dərc olunub.

Arxeoloji qazıntılar qədim dövrlərə aid sübutları göstərməklə yanaşı, eləcə də ən qədim insanların Şimali Amerikanın cənubunda mövcud olduğunu ortaya çıxarır.

Arxeoloqların araşdırmasının dəqiqliyinə bir sıra metodlardan istifadə etməklə zəmanət verilir: çöküntü təbəqələrinin analizi və hər təbəqədə bitki toxumlarının qalıqlarının radiokarbon analizi.

Qeyd edək ki, tarix elmi ən qədim insanların izlərinin Afrika va Asiyada aşkar edildiyini bildirir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.