DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN VƏ PUTİN ARASINDA  SOÇİDƏ GÖRUŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında sentyabrın 29-da görüş keçirilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, danışıqlar təxminən üç saat davam edib.

Liderlər Soçidə keçirilən görüşdə həm ikitərəfli münasibətləri, həm də regional problemləri - Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin Rusiya ilə Türkiyə arasında əlaqələrin müsbət inkişaf etdiyini, ölkələr arasında ticarətin 9 aydan az bir müddət ərzində ötən ilə nisbətən 50 faizdən çox artdığını bildirib.

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqları məhsuldar adlandırıb. “Gündən-günə güclənərək Türkiyə-Rusiya əlaqələrini davam etdirməyimizin böyük faydaları var. Suriya mövzusunda birlikdə atdığımız addımlar böyük əhəmiyyət kəsb edir. Oradakı sülh Türkiyə ilə Rusiya arasındakı əlaqələrdən asılıdır “, - deyə Ərdoğan vurğulayıb.

 

ƏFQANISTANDA MALİYYƏ BÖHRANI EHTİMALI VAR

Əfqanıstanın bank sistemi iflasa uğramaq üzrədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Əfqanıstan İslam Bankının icraçı direktoru Sayed Musa Kalim əl-Falahi “BBC”yə açıqlamasında bildirib.

İcraçı direktorun sözlərinə görə, ölkənin maliyyə sənayesi böhranla üz-üzədir. O, deyib: “Hazırda bank vəsaitləri Əfqanıstandan kütləvi şəkildə çıxarılır. Əksər banklar fəaliyyət göstərmir və bütün xidmət növləri fəaliyyətini dayandırıb”.

Bank rəsmisi qeyd edib ki, Əfqanıstan iqtisadiyyatı taliblər ölkəni avqustda ələ keçirməzdən əvvəl də çətin vəziyyətdə olub.

“Ölkə xarici yardımlardan çox asılıdır. Dünya Bankının məlumatına görə, Əfqanıstan üçün ÜDM-in təxminən 40 faizi beynəlxalq yardımlardan gəlir” , - deyə icraçı direktor vurğulayıb.

Xatırladaq ki, avqustun sonunda Dünya Bankı Əfqanıstana dəstək proqramını dayandırıb. Bank öz qərarını ölkədəki gərgin vəziyyətlə izah edib.

 

DÜNYA BAZARLARINDA NEFTİN QİYMƏTİ 90 DOLLARI ÖTƏ BİLƏR

“OPEC+” razılaşması ölkələri noyabr-dekabr aylarında gündəlik neft hasilatını planlaşdırılan 400 min barreldən çox artırmasa, dünya bazarlarında bir barrel neftin qiymətinin 90 ABŞ dollarından çox olacağı ehtimal edilir. “APA”nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “FGE” konsaltinq şirkətinin açıqlamasında bildirilir.

Şirkətin proqnozuna görə, “İda” qasırğasından sonra ABŞ-da hasilatın azalması və mayeləşdirilmiş təbii qazın (LNG) qiymətinin kəskin artmasının ardınca yüksələn tələbat səbəbindən qlobal neft tədarükü ilə olan vəziyyət önümüzdəki rübdə “son dərəcə gərgin” olacaq.

Konsaltinq şirkətinin mütəxəssislərinin fikrincə, “OPEC+” gündəlik neft hasilatını 400 min barrel deyil, 800 min barrel artırmalıdır.

Xatırladaq ki, “OPEC+” pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 milyon barrel azaldıb.

 

RUSİYALI EKSPERT PANDEMİYANIN BİTMƏ TARİXİNİ AÇIQLAYIB

Ruiyanın tanınmış həkim-infeksionisti Yevgeni Timakov “COVID-19” pandemiyasının bitəcəyi tarixi açıqlayıb. “Report”un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Onun sözlərinə görə, pandemiya azı daha 1 il davam edəcək.

Ekspert həmçinin qeyd edib ki, adi həyat tərzinə qayıdış barədə yalnız yoluxmanın yaz göstəricilərinin analizindən - “COVİD-19”un necə adaptasiya olunmasından və onun necə dəyişməsindən sonra danışmaq mümkün olacaq.

Xatırladaq ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarla yanaşı, Braziliya, Hindistan, Böyük Britaniya, Rusiya və digər ölkələrdə “COVİD-19”a milyonlarla insan yoluxub.

 

İRANLI GENERAL İRAQ HAKİMİYYƏTİNƏ XƏBƏRDARLIQ EDİB

“İraqın şimalında terrorçuların bazalarının mövcudluğuna dözə bilmərik”. “Report” agentliyinin  məlumatına görə, bunu İran İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı general Məhəmməd Pakpur İraq hakimiyyəti və bu ölkənin şimalındakı hökumətə xəbərdarlığında bildirib.

“İrana qarşı olan terrorçu qrupları İraqın şimalından çıxarın. Bu tələbimiz reallaşmayacağı təqdirdə, terrorçuların yerləşdiyi yerləri və sığınacaqları məhv etmək üçün üzərimizə düşəni edəcəyik. Hazırda istənilən təhdidə qarşı hərbi hazırlığımız ən yüksək səviyyədədir”, - deyə general vurğulayıb.

Qeyd edək ki, İraqın şimalında yerləşən PKK terror qruplaşmasının “PJAK” adlı dəstəsi İran, xüsusilə Qərbi Azərbaycan ərazisində yerli əhaliyə hücum edərək, müxtəlif terror aksiyaları törədir.

 

ABŞ SƏSDƏN 5 DƏFƏ DAHA SÜRƏTLİ RAKETİNİ SINAQDAN KEÇİRİB

Pentaqona bağlı Perspektivli  Müdafiə Layihələri Araşdırma Agentliyi hipersonik raketi uğurla sınaqdan keçirdiyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, raket səsdən 5 dəfə daha sürətlidir.

Agentlik ABŞ Hava Qüvvələri ilə birlikdə test etdiyi hipersonik raketin oksigen baxımından zəngin olan atmosfer qatında yaxşı işlədiyini və səsin sürətindən 5 qat daha sürətlə hədəfə çatdığını açıqlayıb.

Eyni zamanda, açıqlamada vurğulanır ki, raketin xüsusilə sürət və manevr qabiliyyətinin yaxşı olması onun vaxtında təsbit edilməsini çətinləşdirir.

Məlumat üçün qeyd edək ki, Pentaqon 2013-cü ildən bəri bu tip silah növünün ilk dəfə test edildiyini bildirib.

 

ALİMLƏR: PLANETİMİZDƏ 500 İLDƏN SONRA YAŞAMAQ MÜMKÜN OLMAYACAQ

Qlobal istiləşmə ssenarilərindən biri Yer kürəsinin beş yüz il ərzində yaşamaq mümkün olmayan bir məkana çevrilməsini əhatə edir. “Report” agentliyinin “The Conversation” nəşrinə istinadən verdiyi xəbərə görə, bununla bağlı bir qrup kanadalı və ingilis alimi öz tədqiqatlarında nəticə əldə ediblər.

Tədqiqatçılar BMT-nin İqlim Strategiyası sənədinə diqqət çəkiblər. Belə ki, bu sənəddə ölkələrin qlobal istiləşmə ilə bağlı mübarizədə təcili olaraq səylərini artırmaları tələb olunur.

Bu nəzəriyyəyə əsasən, Yerin bir hissəsi istiləşmə səbəbindən yaşayış üçün əlverişsiz hala gələcək, eləcə də buğda və kartof da daxil olmaqla bir sıra məhsullarda münbit torpaq olmaması səbəbindən qıtlıq olacaq.

Alimlər qlobal səviyyədə iqlim strategiyalarının daha diqqətli planlaşdırılmasına və fəlakətin qarşısını almaq üçün qüvvələrin birləşməsinə ehtiyac olduğunu qeyd ediblər.

 

İLON MASK DÜNYANIN ƏN ZƏNGİN ADAMI OLDU

“Tesla” şirkətinin qurucusu İlon Mask yenidən dünyanın ən zəngin iş adamı olub. “APA”nın “Forbes” jurnalına istinadən verdiyi xəbərə görə, bazar ertəsi günü onun sərvəti ilk dəfə olaraq 200 milyard ABŞ dollarını ötüb.

Məlumata əsasən, fond bazarlarının bağlanışında İlon Maskın sərvəti 203,4 milyard dollar təşkil edib. Buna səbəb “Tesla” səhmlərinin dəyərinin artması olub.

Zənginlər siyahısında birinci yeri itirən Cef Bezos “Amazon” səhmlərinin ucuzlaşması nəticəsində ikinci pilləyə enib.

“Louis Vuitton” və “Dior”un sahibi olan Bernar Arno isə zənginlər siyahısında üçüncü yerdə qərarlaşıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.