Neftçala: Əbədi qəhrəmanlar qürurla anılır
Region

Neftçala: Əbədi qəhrəmanlar qürurla anılır

Neftçalada müxtəlif qəsəbə və kəndlərdə Anım Günü keçirilən tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak etdilər.

Öncə Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı ziyarət olunub, ruhuna dualar oxundu və məzarları üzərinə tər gül çiçəkləri düzüldü. Dövlət Himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə Qarabağ Veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Neftçala filialının sədri Emin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin rəisi, polkovnik- leytenant Tofik Quliyev, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsindəki Azərbaycan xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışdılar.

Şəhid ailələri adından çıxış edən Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən söhbət açdılar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam etdirildi.

Mərasim iştirakçıları Neftçala rayonu ərazisində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ağac əkdilər.

BİLƏSUVAR

Anım günü Biləsuvar rayonunda da silsilə tədbirlərlə qeyd olundu.

Əvvəlcə Vətən müharibəsində Biləsuvar rayonunun ilk şəhidi olan İlkin Abıyevin evi ziyarət olunaraq valideynləri ilə görüş keçirildi. Şəhid İlkin Abıyevin şəhadətindən bir il ötür. İlkinin ata ocağında keçirilən il mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və qonaqlar Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın hər birinin qəhrəman olduğunu və bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu, onlarla şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını vurğuladılar.

 Biləsuvar rayon Mərkəzi Parkında Anım Gününə həsr olunmuş rayon tədbiri keçirildi.

Tədbirdə iştirak edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələrini yad edərək abidələrini tər çiçəklərlə bəzədilər. Anım Günü tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, deputat Bəhruz Məhərrəmov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərimizdən danışdılar. Bildirildi ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur. Tədbirdə şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndirildi.

Qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 500 ədəd müxtəlif növ ağac əkdilər.

BEYLƏQAN

Beyləqan rayonunda Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq anım tədbiri keçirildi.

Şəhidlərin adına ucaldılmış xatirə kom

pleksinin önündə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətnin başçısı Asif Ağayev, aparatın nümayəndələri, millət vəkili, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə və müəssisə rəhbərləri, N saylı hərbi hissənin əsgərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. RİH başçısı Asif Ağayev tədbirdə çıxış edərək şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olduğunu qeyd etdi. Rayon rəhbəri bildirdi ki, Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Həmvətənlərimiz şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Ölümüylə ölümsüzlüyə qovuşan, bizə Zəfəri bəxş edən şəhidlərimiz heç vaxt unudulmayacaq və yaddaşlardan silinməyəcəkdir.

Çıxış edən şəhid ailələri övladlarının qəhrəmanlığından bəhs etdilər, ölkə rəhbərinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda şəhid övladları və məktəblilər hazırladıqları şeir kompozisiyalarını təqdim etdilər. Sonra Birinci Qarabağ və Vətən müharibəsində həlak olmuş naməlum şəhidlərin məzarları ziyarət olundu, onların xatirəsi dərin hörmətlə yad edilərək  məzarları üstünə gül dəstələri düzülüb, ruhlarına dua oxundu.

 Ərəstun ABDULOV,

 "Respublika".